Sahibə Qafarova: İslam Əməkdaşlıq Təşkilatı həmrəyliyimizin möhkəmləndirilməsi üçün səmərəli mexanizmdir
İslam dünyası zəngin tarixə və mədəni irsə, böyük resurslara malik olmasına baxmayaraq, bu gün hələ də həllini gözləyən böyük çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizlik, silahlı qarşıdurmalar, humanitar böhranlar, terrorizm və ekstremizm modernləşmə və inkişaf səylərinə ciddi təsir göstərir və onlara mane olur. Eyni zamanda, Danimarkada, Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılması, Niderlandda baş verənlər də göstərir ki, islamofobiya, ksenofobiya, irqçilik hələ də bitməyib, əksinə demokratiya, insan hüquqları və söz azadlığı adı altında pərdələnərək fikir ayrılıqları və nifrət yaratmağa davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdə Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında çıxışı zamanı səsləndirib.
Sədr bildirib ki, bu çətinliklərin öhdəsindən gəlmək və öz potensialını tam reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi İslam dəyərlərinə uyğun birliyə və həmrəyliyə ehtiyacı var. Bu mənada, İslam Əməkdaşlıq Təşkilatı həmrəyliyimizin möhkəmləndirilməsi üçün vacib və səmərəli mexanizmdir və ümumi məsələlər üzrə əməkdaşlığımızın, birgə fəaliyyətimizin və davamlı mövqeyimizin inkişafı üçün mühüm zəmindir.
Sahibə Qafarova bildirib ki, parlament diplomatiyasının beynəlxalq siyasətin mühüm alətinə çevrildiyi bugünkü şəraitdə Parlament İttifaqının həmrəylik, dialoq və əməkdaşlıq üçün səmərəli platforma kimi daha da inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur.