Sülh müqaviləsi dalana dirənib: Azərbaycan İrəvanın planlarını pozdu

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin pozulması bölgədə gərginliyin artması ilə müşahidə olunur. 

Son bir ayda sülh prosesinə zərbə vuran iki addım atılıb. Oktyabrın 31-də Prezident İlham Əliyevlə Nikol Paşinyanın Soçidə keçirilən görüşündə Rusiyanın Azərbaycan ərazisində sülhməramlıların qalma müddətinin uzadılması və Qarabağ ermənilərinin statusu məsələsini təklif etməsi noyabr ayında sülh sazişinin mətninin hazır olacağına dair ümidləri aradan qaldırdı. 

Bunun ardınca Fransa Senatının Azərbaycana qarşı sanksiyalaşdırıcı qətnamə qəbul etməsi və Prezident Emmanuel Makronun dekabrın 7-də İlham Əliyevlə Nikol Paşiyan arasında keçiriləcək görüşdə iştirak etmək cəhdi Brüsseldə əldə olunmuş razılaşmaları “balta”ladı. Makronun məqsədi əslində, vasitəçilik etmək deyil, Brüsseldə aparılan üçtərəfli müzakirələri dördtərəfli formata çevirməklə masada qüvvələr nisbətini Ermənistanın xeyrinə dəyişməkdir. Ona görə də Azərbaycan Prezidentinin dekabrın 7-də görüşə getməkdən, yəni Fransanın vasitəçiliyi ilə istənilən danışıqlar formatından imtina etməsi Ermənistanın maraqlarına xidmət edən planları pozdu. Yəni hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesi dalana dirənmiş vəziyyətdədir. ABŞ-ın tərəfləri ortaq məxrəcə gətirmək səyləri isə hələ nəticə vermir. Vaşinqtonun Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıması və Ermənistanı sülh sazişini imzalamağa təhrik etməsi rəsmi Bakının maraqlarına cavab verir. 

Ancaq Rusiya və Fransanın formalaşdırmağa çalışdığı mövcud konyuktur Ermənistanın maraqlarına daha çox cavab verir. Baş nazir Paşinyanın son açıqlamaları da Ermənistanın müzakirələrdə Fransanın iştirakına üstünlük verdiyini göstərir. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasından Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bu təxribatda Kremlin əlinin olmasına şübhə yeri qoymur. Yəni sülh danışıqlarının dalana dirəndiyi bir vaxtda erməni silahlı birləşmələrinin Qarabağda daha çox hərbi təxribatlara əl atması növbəti eskalasiyaya səbəb ola bilər. 

“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər”. Bu barədə ABŞ-nin xüsusi kəşfiyyat-analitik şirkəti “Stratfor”un ekspertləri bildiriblər. Onların qiymətləndirməsinə görə, yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq. 

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırkı gərginlik açıq hərbi qarşıdurmaya gətirib çıxara bilər: 

“Təəssüflər olsun ki, proseslər müharibə olmasa da, yeni qarşıdurmanın baş verməsi istiqamətində inkişaf edir. Bu halda münaqişə qaçılmazdır. Çünki sülhməramlı qüvvələrlə yanaşı, regionda qanunsuz silahlı birləşmələr fəaliyyət göstərir. Bunu Azərbaycan tərəfi nə Ermənistanla, nə də Rusiya ilə razılaşdırıb. Onlar Azərbaycana təhdidlər yaradır. Təbii ki, Azərbaycan buna sakit baxa bilməz. 

Digər tərəfdən, erməni silahlı birləşmələrinin qanunsuz postlarının sayı Rusiya sülhməramlı qüvvələrinin postlarından da çoxdur. Onlara yeni silahlar gətirilir, yeni istehskamlar qurulur. Tarix də göstərir ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində yerləşməsi, infrastruktur yaratması nəticə etibarı ilə müharibəyə gətirib çıxarır. Azərbaycan bunu Rusiya tərəfinə də deyir. Yəni Ermənistan belə etməkdə davam etsə, avqust ayında olduğu kimi Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər”. 

Qeyd edək ki, regionda vəziyyətin gərginləşməsi Rusiya, Fransa, İran və ABŞ kimi geosiyasi “oyunçu”ların prosesə fəal müdaxiləsi və öz maraqlarına uyğun şərtləri diqtə etmək cəhdi ilə izah olunur. 

Bu halda Ermənistan pozucu rolu arxa planda qalır. İlqar Vəlizadə hesab edir ki, Ermənistan prosesdən kənarda qalıb və mövcud gərginlik xarici təsirlərin nəticəsidir:

“Fərziyyələri kənara qoysaq görərik ki, təxribatlar sülhməramlıların müvəqqəti nəzarət zonasında baş verir. Buna isə Rusiya və sülhməramlılar məsuliyyət daşıyır. Bölgəyə nə İran nəzarət edir, nə də Fransa. Vəziyyətə nəzarəti sülhməramlı qüvvələr həyata keçirir. Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutursa, onları Rusiya sülhməramlıları susdurmalıdır. 

Fikrimcə, biz Rusiya-Türkiyə Monitorinq Mərkəzini fəallaşdırmalıyıq. Çünki həmin mərkəz vəziyyətə nəzarət etmək, təhlükəli proseslərin qarşısını almaq üçün məlumatlar vermək üçün yaradılmışdı. Amma Monitorinq Mərkəzinin fəaliyyəti nəzərə çarpmır. Ona görə də təhlükəsizlik məsələsi ilə bağlı daha işlər və təsirli mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər də yalnız Azərbaycanın iştirakı ilə yaradıla bilər. Çünki hadisələr Azərbaycan ərazisində baş verir. Düşünürəm ki, qarşıdan gələn aylarda təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır. Doğrudur, Azərbaycan müasir ordu hissələri yaratmaqla təhlükəsizliyi möhkəmləndirir. Amma bu, Rusiya-Türkiyə Montorinq Mərkəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etsin və ya tərk-silah edilsin”. 

Hamısını Göstər

Related Articles

Back to top button