“Şuşa zəfərinin elan olunmasına da çox az vaxt qalıb” – Akif Nağı
Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu maraqlı məqalə ilə çıxış edib.
Kürşad Zorlu noyabrın 2-də Türkiyənin keçmiş baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.
Kürşad Zorlu “Cümhurbaşkanı Əliyevdən önəmli açıqlamalar: ”Şuşaya bir nəfəs qədər yaxınıq!” adlı məqaləsində Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.
Müəllif Azərbaycanın Qarabağda apardığı uğurlu mücadilənin bütün Türk dünyası üçün böyük önəm daşıdığını vurğulayıb. O, İlham Əliyevin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etməyi də unutmayıb.
Müəllif məqalədə çox maraqlı bir məqamı da təsvir edib. Bildirib ki, görüşdə Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırımın İlham Əliyevə ünvanladığı “Şuşada durum necədir” sualına Azərbaycan Prezidenti belə cavab verib: “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”.
Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti Qarabağda aparılan hərbi əməliyyatlarda Ordunun ərazilərin relyefini nəzərə alaraq, çox diqqətlə hərəkət etdiyini də bildirib.
Bəs Azərbaycan Prezidentinin “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır” ifadəsinin coğrafi-hərbi-siyasi təhlilini aparsaq, bu 7 sözdən ibarət açıqlama özündə nələri daşıyır?
Akif Nağı: “Prezidentin o açıqlaması o deməkdir ki, hərbi cəhətdən üstünlük tam bizim tərəfdədir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu ifadəni Şuşanın azadlığıın anonsu kini dəyərləndirə bilərik: “Prezident bu günə qədər nə deyibsə, tam dəqiqləşdirib sonra təqdim edib. Bu sözlər də təsadüfi deyilməyib. Məncə, belə nəticə çıxarmalıyıq ki, Şuşa ətrafında möhkəmlənmə işləri gedir. Şuşa zəfərinin elan olunmasına da çox az vaxt qalıb. Çoğrafi baxımdan Şuşanın birbaşa yaxınlığına qədər ərazilərin azad olunduğu artıq rəsmi elan olunub. Bir çox yollar açıqdır, oradan Şuşaya çox yaxındır, necə deyərlər, oradan Şuşaya bir nəfəsə getmək olar. Prezidentin o açıqlaması həm də o deməkdir ki, hərbi cəhətdən üstünlük tam bizim tərəfdədir. Bu üstünlük döyüşsüz də şəhərə girməyə imkan verir, düşmən panik vəziyyətdə başını götürüb qaçır.
Siyasi şərtlər də Azərbaycan üçün sərfəlidir, dünya ermənilərin 30 illik yalanlarına baxmayaraq, artıq başa düşür ki, Şuşa şəriksiz Azərbaycan şəhəridir, Azərbaycan öz şəhərinə qayıdıb sahib çıxmalıdır. Bütün bunlar göstərir ki, səbirsizliklə gözlədiyimiz xəbəri cənab Prezident çox tezliklə elan edəcək. “Şuşa azad edildi” elanını Azərbaycan Prezidentinin dilindən, canlı efirdə eşidəcəyimizə şübhə etmirəm”.
Arzuxan Əlizadə: “Şuşanın azadlığının hərbi, siyasi, mənəvi, coğrafi baxımdan ən ciddi əhəmiyyəti odur ki…”
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Prezident İlham Əliyevin həmin açıqlaması Azərbaycan xalqının səbrsizliklə gözlədiyi böyük qələbə müjdəsinin ilk cücərtisidir: “İlham Əliyev bu yaxınlarda verdiyi müsahibələrində ”Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsini işlətmişdi. “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır” ifadəsi bu ifadənin davamı sayıla bilər. Bu, Azərbaycan Prezidentinin Şuşa məsələsində necə həssas olduğunu, qətiyyətini göstərir. Şuşasız böyük qələbə mümkün deyil. İnşallah, tezliklə rəşadətli Ordumuz bu qələbəni millətimizə yaşadacaq. Şuşanın azadlığının hərbi, siyasi, mənəvi, coğrafi baxımdan ən ciddi əhəmiyyəti odur ki, bu, müharibədə həlledici olacaq”.