Təxribata cavab: “Sülhməramlılar ərazidən çıxarılmalıdır”
“Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik”.
Bu sözlər, Müdafiə Nazirliyinin mətbuata açıqlamasında yer alıb.
“Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq”, – açıqlamada deyilir.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq”, – MN-dən qeyd edilib.
Xatırladaq ki, son günlər Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrini intensiv şəkildə atəşə tutur. Bütün bunlar isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verir. Onlar bu atəşin qarşısını almır, hətta atəşi Azərbaycan tərəfinin açdığı kimi dezinformasiyalar yayır.
Rusiya Müdafiə Nazirliyi də sülhməramlıların bu təxribatlarına uyaraq, Azərbaycan ərazilərini erməni toponimləri ilə adlandırırlar. Azərbaycan tərəfinin kəskin etirazına baxmayaraq, qarşı tərəf öz çirkin niyyətindən əl çəkmir. Bütün bunların fonunda isə rus sülhməramlılarının vaxtından öncə Qarabağdan çıxarılması gündəm mövzusuna çevrilib.
Maraqlıdır, rus sülhməramlıları ərazidən tez bir zamanda çıxarıla bilər?
Bu barəd hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, onların çıxarılması bir qədər zaman tələb edə bilər:
“Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirmir. Bu ərazidən kim istəyir girir, kim istəyir keçir. Açıq qapıdır. İran diversantları belə rahatlıqla həmin ərazidən keçirlər. Bundan başqa həmin ərazilərə silah, texnika və birgə bəyanatın imzalanmasından sonra istehsal olunan minalar da rusların nəzarətində olan buraxılış məntəqəsindən keçirilib.
Odur ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qalması və Laçın yoluna nəzarət etməsi təcili şəkildə müzakirə olunmalıdır, bu barədə müvafiq qərarlar qəbul edilməlidir. Düşünürəm ki, onların çıxarılması bir qədər zaman tələb edə bilər. Laçın yolunda nəzarətin onlardan alınması və Azərbaycanın bu ərazidə nəzarəti öz üzərinə götürməsi mütləqdir.
Rusiya sülhməramlıları ərazilərdən çıxarılmalıdır. Çünki Rusiya sülhməramlıları həmin ərazilərdə sülhün təmin olunmasından daha çox erməni silahlılarını Azərbaycana qarşı cəsarətləndirir, onları silahlandırır, onların hərbi təliminə dəstək verir. Belə olan halda rus sülhməramlılarının ərazilərimizdə qalmasını qəbul edə bilmərik. Sülhməramlı dediyimiz atəş açılar-açılmaz heç bir araşdırma aparmadan Azərbaycanı günahlandırırsa, deməli onlar ermənilərin tərəfini saxlayır.
Sülhməramlı neytral və bitərəf deyilsə, həmin vəzifədən də, ərazidən də uzaqlaşdırılmalıdır. Sülməramlı ora gətirilib ki, atəş açılmasın. Amma görürük ki, sülhməramlılar öz funksiyasını yerinə yetirə bilmir. Atəşkəsi erməni, yoxsa rus sülhməramlısının pozmasını demək üçün əldə konkret faktlarımız olmalıdır.
Amma onu deyə bilərəm ki, Rusiya sülhməramlıları ərazimizdən çıxarılandan sonra atəşkəs pozuntuları da sıfıra enəcək. Biz bilirik ki, ərazilərimizdə erməni silahlı qruplaşmalarının yerləşməsinin əsas səbəkar rus sülhməramlılarının onlara dəstək verməsidir”.