Türk əsgərləri Qarabağda 4 istiqamətdə çalışarsa…

Türkiyə hərbçiləri artıq Azərbaycandadır. Rusiya və Türkiyənin qurduğu Monitorinq Mərkəzi yanvarın ilk həftəsində Ağdamda fəaliyyətə başlayır. Bölgədə atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək.

Bu sözləri axar.az-a politoloq Elxan Şahinoğlu regionda baş verən son prosesləri şərh edərkən deyib.

O bildirib ki, bölgədə yerləşən türkiyəli hərbçilərin daha böyük səlahiyyətlərə malik olmasına çalışmalıyıq:

“Türkiyəli hərbçilərin səlahiyyətləri bölgədə yerləşən rusiyalı hərbçilərin səlahiyyətindən az olmamalıdır. Bizim üçün önəmli olan Qarabağ üzərində nəzarəti tam bərpa etmək və separatizmin kökünü tam kəsməkdir.

Zaman keçdikcə rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti ilə bağlı sualların sayı artır və bu, Azərbaycan cəmiyyətində böyük narahatlıq doğurur. Bunun qarşısını almağın yolu türkiyəli hərbçilərin bölgədə geniş statuslu fəaliyyətini təmin etməkdir.

Birincisi, Türkiyənin müdafiə naziri Hulusi Akarın da söylədiyi kimi, Qarabağda Türkiyə hərbçilərinin sayı rusiyalı hərbçilərin sayı qədər, yəni ən azı 1960 nəfər olmalıdır.

İkincisi, Türkiyə hərbçiləri Ağdamdan atəşkəsin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcək. Əsasən erməni əhalinin yaşadığı ərazilərdə müşahidə aparılacaq. Bununla paralel olaraq həmin dronlar vasitəsilə Qarabağdakı silahlı qrupların yeri müəyyənləşdirilməli və rusiyalı hərbçilərdən onların tərk-silah olunması tələb edilməlidir.

Üçüncüsü, Qarabağda Türkiyə hərbçilərinin Rusiya hərbçiləri ilə birgə patrul xidməti fəaliyyətə başlamalıdır. Rusiya və Türkiyənin birgə patrul xidmətiylə bağlı Suriyada təcrübəsi var. Ortaq patrul xidmətinin ən azı iki istiqamətdə fəaliyyətə başlaması Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Birinci istiqamət Ağdam-Xankəndi-Şuşa yolu olmalıdır. Doğrudur, Füzulidən Şuşaya alternativ yol çəkilir. Ancaq Azərbaycan vətəndaşları daha qısa olan Ağdam-Xankəndi-Şuşa yolundan da rahat istifadə etməlidir. Bunun üçün həmin yolun təhlükəsizliyi təmin olunmalıdır. Bu baxımdan həmin yolda rusiyalı hərbçilərin yanında türkiyəli hərbçilərin dayanması Azərbaycan vətəndaşlarının təhlükəsizliyini gücləndirəcək. İkinci istiqamət Laçın dəhlizində ortaq patrul xidməti olmalıdır. Çünki gələn xəbərlərə görə, həmin dəhlizdən Qarabağa müəmmalı yüklər daşınır.

Dördüncüsü, Qarabağın erməni əhalisi anlamalıdır ki, onlar Azərbaycan qanunları ilə yaşamaq istəməsələr və pasportlarımızı qəbul etməsələr, qarşılarında Azərbaycan hərbçiləri ilə yanaşı türkiyəli hərbçiləri də görəcəklər. Türkiyə hərbçilərinin bölgədə varlığı separatizmi davam etdirmək istəyənlərə və onların havadarlarına qarşı ciddi psixoloji təzyiq vasitəsi olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button