Türkiyənin bu şərtləri qəbul edildi – 11 maddə + “F-16” qırıcıları…
Xəbər verdiyimiz kimi, Türkiyə, İsveç və Finlandiyanın Xarici İşlər nazirləri iyunun 28-də memorandum imzalayıblar. Bu memorandum imzalandıqdan sonra Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə icazə verib.
Qeyd edək ki, Türkiyə lideri R.T.Ərdoğan NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən “quru sözlər yox, nəticə” gözlədiyini bildirmişdi. Habelə Ərdoğan ABŞ Prezidenti Co Baydendən Türkiyəyə “F-16” qırıcıları verilməsini istəyəcəyini də vurğulamışdı.
Memoranduma gəlincə, demək olar ki, Türkiyənin tələb etdiyi bütün şərtlər qəbul edilib:
1. PKK və onun yan qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq;
2. Bütün forma və təzahürlərində terrorla mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək;
3. PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi;
4. Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması;
5. Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi;
6. Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması;
7. Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması;
8. PKK, onun qolları və digər bağlı təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması;
9. Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması;
10. Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi;
11. Bu addımların həyata keçirilməsinə nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.
Diplomatik mənbələrdən verilən xəbərlərə görə, ABŞ prezidenti Co Bayden Türkiyəli həmkarının tələbi üzrə bu ölkəyə “F-16” qırıcılarının verilməsinə razılaşıb.
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.
Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.
Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.
NATO baş katibi Yens Stoltenberq bildirib ki, iyunun 29-da Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa dəvət edilib-edilməməsinə qərar veriləcək.
Stoltenberq, həmçinin deyib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazır olacaqlar, lakin bu ölkələrin qanunları əsasında qərarlar veriləcək.
Qeyd edək ki, Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb. “Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Belə ki, NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.
NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan görüş iki saat davam edib.
Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.
Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumda Ankaranın şərtləri qəbul edilib.
İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək.
Eyni zamanda İsveç və Finlandiya Türkiyənin terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dəlil və kəşfiyyat məlumatlarına əsaslanaraq nəzərdən keçirəcəklərini vəd edib.
İsveç və Finlandiya Türkiyəyə PKK-nın hər hansı maliyyə yardımı edilməsini araşdıracaq və dayandıracağına söz verib.