“Vaşinqtonun əsas məqsədi…” – ABŞ İrandan bunu tələb edir

Tehran Vaşinqtonla razılıq əldə etmək üçün uranın zənginləşdirilməsi gücü ilə bağlı real addımlar atmalıdır.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bunu “Reuters” agentliyinə müsahibəsində deyib.
Vitse-prezidentin sözlərinə görə, Vaşinqton yalnız İranın şifahi vədləri ilə kifayətlənmək niyyətində deyil. O vurğulayıb ki, Amerika tərəfi qarşılıqlı və konkret hərəkətlər gözləyir, həmçinin İranın nüvə proqramını yenidən bərpa etməyəcəyinə dair etibarlı zəmanət tələb edir.
Vens bildirib ki, İran tərəfi nüvə silahı əldə etməyə çalışmadıqlarını sübut etmək istəyirsə, zənginləşdirmə potensialları ilə bağlı real və praktiki addımlar atmalıdır.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına yiyələnməsinin və bu cür kütləvi qırğın vasitələrinin regionda yayılmasının qarşısını almaqdır. O, həmçinin növbəti addımlarla bağlı yekun qərarın birbaşa ABŞ prezidentinə aid olduğunu diqqətə çatdırıb.
Danışıqlar prosesinə toxunan Vens Amerika tərəfinin İranın siyasi rəhbərliyi ilə təmasda olduğunu qeyd edib. O vurğulayıb ki, Tehran əldə olunacaq müqavilələrin uzunmüddətli icrasına sadiq qalmalıdır.
AzPolitika.info



