Xalqın pullarını oğurlayıb xaricə daşıyanlara DTX nəzarət edəcək!

Azərbaycanın oğru məmurları uzun illər ərzində taladıqları büdcə, xalq pullarının böyük bir qismini xaricə daşıyıblar. Vəzifədən çıxarılan, həbs edilən şəxslərin işi araşdırılarkən bəlli olur ki, onlar xarici ölkələrdə fantastik məbləğlərə mülklər alıblar, biznes qurublar.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevdən üzü bəri tutulan nazirlər, icra başçıları və s. vəzifəli məmur-oliqarxların taladıqları və xaricə daşıdıqları pulların böyük hissəsini geri qaytarmaq mümkün olmayıb.

Vəzifəyə təzə təyin edilmi bir çox məmurların həbsi göstərir ki, haram yollarla qazanılan pulların xaricə daşınması prosesi indi də davam edir. Nəinki haram, bir çox hallarda halal yolla əldə edilən pullarını da vətəndaşlar xaricə yatırmağa üstünlük verir, vəsaitləri çıxarmaq üçün müxtəlif yollara baş vururlar.

Dövlət təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində isə aydın olur ki, ölkəmizdə qanunsuz fəaliyyətləri maliyyələşdirmək üçün xarici dövlətlərdən Azərbaycana irihəcmli pullar göndərilir. Bir çox hallarda bu vəsaitlər guya biznesə yatırılan vəsait kimi rəsmiləşdirilir. 

Bütün bunların fonunda hökumət ölkəyə daxil olan, həmçinin xaricə çıxarılan pullara nəzarəti gücləndirmək, bu sahədə qanunsuzluğun qarşısını almaq üçün əlavə addımlar atmaqdadır. Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda qeyd edilir ki, qaçaqmalçılıq cinayəti əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda, yəni 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi - 14.10.2016, Sputnik Azərbaycan

 Cahangir Hacıyev

Eyni əməllər vəzifəli şəxslər öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlığın azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İnzibati Xətalar Məcəlləsinə digər dəyişikliyə əsasən isə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda, yəni 50 min manatadək məbləğdə törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə ediləcək.

Fərmana əsasən, həmin cinayət işləri üzrə ibtidai istintaq bu işi başlamış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.

Bundan əlavə, Azərbaycanda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanunla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər qismində müştəri uyğunluğu tədbirləri müəyyənləşir.

Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. Bu qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə münasibətdə Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunur.

Layihəyə əsasən, maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər.

Qanun həmçinin valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınmasına nəzarət qaydasını da müəyyən edir.

Oxu.az - Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır

Əkrəm Həsənov: “Bu, dövlətin təhlükəsizliyi məsələsinə çevrilib”

Azərbaycanda maliyyə vəsaitlərinin hərəkəti üzərində nəzarət niyə sərtləşdirilir? Bu prosesi tətikləyən hansı amillərdir? Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, hazırda qlobal səviyyədə gərginlik artır və Azərbaycan üçün təhdid ehtimalları çoxalır: “Dünyanın geosiyasi, geoiqtisadi coğrafiyası tamam dəyişir. Azərbaycanın iki böyük qonşusuna kəskin sanksiyalar tətbiq olunur. Belə şəraitdə ölkəyə valyuta daxilolmalarının, valyuta ixracının nəzarətə götürülməsi milli təhlükəsizlik baxımından vacibdir. Xüsusilə İranla münasibətlərin indiki səviyyəsi son dərəcə diqqətli olmağımızı tələb edir. Yəni söhbət dövlətin təhlükəsizliyi məsələsindən gedir. Buna görə də Dövlət Təhlükəsizlik Xidməti də prosesə qoşulur”.

Ekspert bildirir ki, həm İnzibati Xətalar Məcəlləsi (430 və 483-cü maddələr), həm də Cinayət Məcəlləsi (208-ci maddə) əvvəlki variantda da valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tuturdu: “Lakin məsuliyyət yumşaq idi. İnzibati Xətalar Məcəlləsinə əsasən valyuta tənzimi qaydalarının pozulması və xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yalnız cərimə nəzərdə tutulurdu. Cinayət Məcəlləsinə əsasən isə yalnız xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş xarici valyuta vəsaitlərinin 180 gün ərzində Azərbaycandakı bank hesabına köçürülməməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Bu xəta və cinayət tərkiblərinin özü də çox qüsurlu formada təsbit edilmişdi. Çünki bir qayda olaraq, şəxsin xaricdən mal aldığı təqdirdə avans köçürdüyü halda malın gəlməməsinə və ya satdığı malın haqqının ödənilməməsinə görə onun təqsiri olmaya da bilərdi. Olsa da belə, bunu sübut etmək çox çətin idi. Təbii, belə qeyri-müəyyən vəziyyət hüquq-mühafizə orqanlarının da sui-istifadə və korrupsiya imkanlarını genişləndirirdi.

Onu da nəzərə alaq ki, mövcud qanunvericiliyimiz yalnız bank köçürmələri üzrə pozuntulara qarşı yönəlib. Qeyri-rəsmi pul köçürmələrinə qarşı mübarizəni ehtiva etmir. Məsələn, gizli deyil ki, bütün dünyanı “Həvalə” hesablaşma sistemi kimi qeyri-rəsmi pul köçürmələri mexanizmi bürüyüb. Azərbaycanda kölgə iqtisadiyyatının həcmi hələ də böyük olduğu üçün pul axınının əhəmiyyətli hissəsi belə mexanizmlərin hesabına baş verir. Amma bununla konkret şəxslər məşğul olur, məsuliyyət isə nəzərdə tutulmayıb. İndi isə məsuliyyət olacaq. Bu baxımdan daha sərt yanaşma məntiqlidir. Dünyada geosiyasi vəziyyət olduqca gərgindir, iqtisadi proqnozlar da ürəkaçan deyil. Liberal yanaşma artıq aktual deyil. Hər bir ölkə ilk növbədə öz maliyyə təhlükəsizliyini təmin etməlidir. Ölkədəki xarici valyuta da milli iqtisadiyyata xidmət etməlidir”.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca

Natiq Cəfərli: “Anlayışlar dəqiqləşməsə, real nəticə gözləmirəm”

Hüquqşünasa görə, ölkədən çıxarılan valyutanın da nəzarətə götürülməsi zərurətdir: “İndi və yaxın gələcəkdə pul vəsaitlərinin hərəkətindən çox şey asılı olacaq. Kimdə pul daha çox olsa, onun yaranmış gərginliklərdən daha rahat çıxması mümkün olacaq. Bu baxımdan, vəsaitlərin ölkədə qalması lazımdır. Yeni tələblər işini qanunauyğun quran sahibkarlara hər hansı problem yaratmayacaq. Hətta müəyyən mənada sağlam rəqabətə də xidmət edəcək. Həm də ölkədə pulun qalması onların bir hissəsi hesabına sərmayələrin artacağı deməkdir. Düzdür, bunun üçün dövlət paralel normal investisiya mühiti də yaratmalıdır. Real icra olunsa, bu pozuntuların qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Başqa məsələ ki, gərək tam şəffaflıq olsun. Elə olmasın ki, əksəriyyət pulu çıxara bilməsin, amma kimlərinsə eyni cür əməlinə göz yumulsun. Düşünürəm ki, Vergi Xidməti və DTX-nın prosesə cəlb edilməsi yeni müddəaların tətbiqində bərabər yanaşmanı təmin etməyə imkan verəcək. Çünki Azərbaycanda hazırda ən savadlı, təmiz işləyən kadrlar bu iki qurumdadır”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda qeyri-qanuni valyuta çıxarılması anlayışı aydın deyil: “Dəqiq müəyyənləşdirilmir ki, hansı köçürmə qanunsuz sayılacaq. Belə qeyri-dəqiqlik qara bazarın təşəkkülünə səbəb olub. Bu gün kim istəsə müəyyən qruplara istənilən qədər pul verib, onu dünyanın istənilən ölkəsində ala bilir. Əlbəttə, haqqını ödəməklə. Yəni valyutanın qanunsuz çıxarılması yalnız banklar vasitəsilə həyata keçirilmir. Bu baxımdan, anlayışlar və onların əhatə dairəsinin  dəqiqləşməsi aparılmadan yeni müddəaların gözlənilən nəticəni verəcəyini düşünmürəm”.

Hamısını Göstər

Related Articles

Back to top button