Xankəndiyə təcili yardım maşınında silah daşınır – Faktlar

Dekabrın 12-dən etibarən azərbaycanlı eko-aktivistlər, QHT təmsilçiləri, media nümayəndələri və könüllülər Xankəndi-Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində, Rusiya sülhməramlılarının postunun yaxınlığında etiraz aksiyasına başlayıblar. Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin Ağdərə rayonu ərazisindəki “Qızılbulaq” qızıl yatağına və “Dəmirli” mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır. Bundan başqa, azərbaycanlı aksiyaçılar Laçın yolu ilə Ermənistandan Xankəndiyə qanunsuz silah daşınmasına da etiraz edir və bu qeyri-qanuni hərəkətlərin qarşısını sivil formada almaqda israrlıdılar. Çünki Rusiya sülhməramlılarının son iki ildəki fəaliyyətsizliyi nəticəsində Ermənistandan Xankəndiyə humanitar məqsədlərdən kənar, konkret olaraq silah daşınması faktları dəfələrlə aşkarlanıb.

Axar.az xəbər verir ki, “Faktyoxla” bu yöndə araşdırma aparıb.

Müharibə dövründə aktivliyi ilə seçilən “Reyncer13” Teleqram kanalı az müddət öncə Ermənsitandan Xankəndiyə humanitar yardım adı altında xüsusi mobil müşahidə məntəqəsi maşını, saysız-hesabsız iriçaplı atıcı silahlar daşındığı haqda məlumat paylaşıb. Paylaşımda deyilir ki, Karen Hovannisyan adlı bir erməni xaricdən külli miqdarda pul toplamağı bacararaq Xankəndi və ətraf ərazilərə gizli şəkildə silahlar göndərir, nəticəni isə gizli qrupda donorlara və iştirakçılara hesabat verirdi.

Araşdırma zamanı Karen Hovanisyanın kimliyi ilə bağlı məlumat tapılmasa da, bu mövzuda hazırlanmış video üzə çıxıb.

Video Yutub kanalına ötən ilin dekabrında yüklənib. Erməni dilində olan videoda “Qüdrətli erməni ordusu” layihəsi və Karen Hovanisyanın “fədakarlığı” haqda danışılır.

Videonun qısa məzmunu belədir:

“Qüdrətli erməni ordusu” layihəsinin kordinatoru Karen Hovanisyan bu proqramın 2016-cı il aprel müharibəsindən sonra yarandığını deyir. “Proqramın yaradılmasında yeganə məqsəd ordunun yanında olmaq, dövlətin həll edə bilmədiyi bəzi problemləri həll etmək olub. Proqram özündə bir neçə alt proqramları və eyni zamanda mərhələləri birləşdirir. Bu mərhələlərdə mümkün ərazilər üçün müxtəlif fəaliyyətlər həyata keçirilir”, – deyən K.Hovanisyan bildirir ki, 44 günlük müharibədən sonra çağırışlar dəyişildi və biz, “Qüdrətli erməni ordusu” proqramında dəyişiklik etməli oldu.

“Layihə rəhbərlərinin toplantısı təşkil edildi və iclasda qərara aldıq ki, bizim konkret siyasət xəttimiz olmalıdır və ordunun hazırlığının təkmilləşdirilməsi istiqamətində konkret 5 fəaliyyət həyata keçirməliyik. Və o çərçivədə qərara alındı ki, orduya hədiyyə etmək üçün maşınlar əldə edək”, – deyən K.Hovanisyan bu maşınların mahiyyətinə aydınlıq gətirir. Onun sözlərinə görə, bu maşınlar Ermənistan ordusunda olmayan “yolsuzluq” maşınları olmalı, ordunun döyüş qabiliyyətinə təsir edə biləcək işlər görməlidir.

Diqqət yetirdinizsə, orduya 2 tibbi maşını təqdim edən layihə rəhbəri (videoda görünür) ordunun döyüş qabiliyyətinə təsir edəcəyindən danışır. Əgər söhbət təcili tibbi yardım maşınlarından gedirsə, bu maşınların ordunun döyüş qabiliyyətinə təsir edəcəyini demək gülünc səslənir. Elə deyilsə, söhbət hansı maşınlardan gedir?

Videoda layihənin idarəetmə şurasının sədri Artur Martirosyanın da fikirlərinə yer verilib. O da təcili tibbi yardım maşınlarının nə məqsədlə alındığına “aydınlıq” gətirir: “Yanvarda “qüdrətli erməni ordusu” layihəsinin idarəetmə şurasının iclası keçirildi. Biz öncə layihənin illik planı üzrə qərar qəbul etdik. Budur, artıq iki maşınımız, çox önəmli problemləri həll etmək məqsədi daşıyan planlarımız var. Demirəm ki indi, amma aylar ərzində, deyək ki, iyuna kimi əlimizdə olanlarla nəsə edə biləcəyik. Sonra yenidən layihənin gedişinə baxacağıq”.

2014-cü ildə Ağdərədə məhv edilmiş Armen Hovanisyan adlı əsgərin anası Marine Hovanisyan bildirir ki, layihəyə 2016-cı ildən qoşulub. “Karen Hovanisyan bildirdi ki, layihə qurmaq istəyir, hansı ki orduya dəstək olacaq, çox maraqlandıq bu proqram üçün. Mən 2014-cü ildə övladımı itirmişdim, o sərhəddə – Mardakertdə (Ağdərə – red.) həlak olub. O vaxt başımda bir fikir dolandı ki, mən övladımın yarım qalan işini hansı formadasa davam etdirməliyəm”. Qeyd edək ki, videoda fikir bildirənlərdən biri də terrorçu “Duşman” Vardanın bacısı Armine Stepanyan olub. O, “bu təşəbbüsdə hər şeydən önəmli olan güvəndir. Bir-birinə olan güvən, karen Hovanisyana olan güvən” ifadələrini işlədib.

İndi isə Karen Hovanisyanın qapalı qrupda yazdığı statusları və hesabat xarakterli fikirlərini təqdim edirik. Əslində bu fikirlər cinayətin etirafı, maskalanmış “erməni terror”nun ifşasıdır.

Beləliklə, diqqət yetirək:

Paylaşım 1. 9 sentyabr 2021-ci il

Karen Hovanisyan yazır: Bu paylaşım yalnız qapalı qrup üçündür və burada olan fotoları dərc etmək qadağandır. Bu bizim aldığımız sonuncu maşındır. Mebelləşdirmə amerikalı dostumuzun hesabına aparılır. Qiyməti 2 500 000 dramdır. Texniki dəstəklə bağlı bəzi işlər bitəndən sonra bu maşın rayonu tərk edəcək və döyüş növbətçiliyinə başlayacaq. İcazənizlə sizə digər şad xəbəri çatdırım. Hökumət bu texnikaların yeniləyən (çevirən) təşkilata 10 avtomobil ayırıb. Başqa sözlə, hökumət 10 maşının “çevrilməsi” üçün pul ayırıb. Nəhayət, biz bu “mobil idarəetmə mərkəzləri”nin əhəmiyyətini sübut edə bildik. Bu bizim proqramın qələbəsidir.

Qeyd: Hovanisyan bu paylaşımda bəzi mətləblərə aydınlıq gətirir. “Daha 10 avtomobilin “çevrilməsi” və “mobil idarəetmə mərkəzləri” ifadələri və fotolar təxmini mənzərəni yaradır.

Paylaşım 2. 11 sentyabr 2021.

Karen Ovanisyan yazır: Əziz dostlar, sizin ağrınız türkün başına tökülsün. Biz, mərhələni tamamlamaq üçün 6-cı yolsuzluq maşını almışıq. Beləliklə, biz 6 000 000 dram dəyərində 6-cı yolsuzluq maşını aldıq. 6000 avro və ya 3 460 000 dramı direktoru Daniel Marancanyan olan Grenobldakı (Fransa) Erməni Mədəniyyət Evi köçürüb. Beləliklə, daha bir yolsuzluq maşını bu gün yenilənməyə (çevrilməyə) göndərildi. Daha bir yolsuzluq maşını tezliklə döyüş növbətçiliyinə gedəcək və üzərinə düşən missiyanı – insan həyatını və sağlamlığını qorumaq və düşmənə qalib gəlmək missiyasını yerinə yetirəcək. Erməni kimi yaşayın. Mən sizə tipinizə, əzilməmiş (sınmamış) tipinizə görə təşəkkür edirəm. Hər adam vətəni üçün əlini cibinə salmır.

Qeyd: Diqqət etdinizsə, “daha bir yolsuzluq maşınının yenilənməyə (çevrilməyə) göndərildiyini deyir. Bu, “çevrilmə”nin nə olduğunu təxmin etmək olar.

Paylaşım 3. 2 noyabr 2021-ci il.

Statusda deyilir: Əziz dostlar, hər birinizə təşəkkür edirəm. Bizim proqram vasitəsilə Artsaxda “mobil idarəetmə məntəqəsi” fəaliyyət göstərir. Təhlükəsizlik məqsədilə mən paylaşımları məhdudlaşdırıram. Əsas odur ki, hər bir qəpik öz hədəfinə çatsın. O hədəf ki, siz pul köçürmələri etmisiniz. Artsaxdan hamıya salam. KTM.

Qeyd: Axı, bu, təcili yardım maşını idi. Fotolara diqqət etsək, real döyüşün idarəedilmə məntəqəsi maşınını xatırladır. Demək “çevrilmə” deyərkən Hovanisyan bunu nəzərdə tuturmuş.

Paylaşım 4. 12 noyabr 2021.

Paylaşımda deyilir: Proqramda iştirak edən əziz dostlar, ştata görə yeni proqramla alınmış sonuncu yolsuzluq maşını. Belə deyək: uğurlu döyüş növbətçiliyi olsun. Sayənizdə Ermənistan ordusunda 7 yolsuzluq maşını var, hansılar ki, mobil idarəetmə mərkəzləri olacaqlar. İndi biz qisas mərmiləri ilə atəş açacağıq. Biz türkün anasını ağlamağa məcbur edəcəyik.

Qeyd: Burada 3 mesaj verilir: uğurlu döyüş növbətçiliyi. Əslində hərbi vəziyyətdə əraziyə çıxan tibb maşınları da döyüş növbətçiliyinə çıxmış sayılır. Amma döyüşlərin getmədiyi bir vaxtda təcili tibbi yardım maşını hansı döyüş növbətçiliyinə çıxır? Hovanisyan özü də etiraf edir ki, bunlar tibb xidməti üçün nəzərdə tutulan, şəkillərdən göründüyü kimi adi təcili tibbi yardım maşınları deyillər, elə bildiyimiz mobil idarəetmə mərkəzləri-dir.

Paylaşım 5. 20 aprel 2022.

Karen Hovanisyan qapalı “Qüdrətli Ermənistan ordusu” qrupunda yazıb: “Bu qapalı qrupda bəzi şeylər haqda danışmaq istəyirəm, qoy elə burada, qrup üzvləri arasında qalsın. Artsaxa ikinci partiya mərmi və minatanları aparıb çatdırdım. Gün ərzində rusların nəzarəti altında biz təhlükəsiz və gizli şəkildə qutuları keçirə bildik. Artsaxa mərmiləri daşımazdan öncə biz bir məsələ ilə üzləşdik. Minatan mərmilərini yerli istehsalçılardan alırdıq. Bu həm də onlar üçün yaxşı şans idi. Onlar öz məhsullarını 15 dəfə test etdilər. Nəticədə onların istehsal etdiyi məhsullar artıq Artsaxda istifadə olunur…”

Qeyd: Nəhayət, Karen Hovanisyan hər şeyi açıq etiraf edir. 1. Xankəndiyə mərmi və minatanların ikinci partiyasını aparıb çatdırıb. Yəni, artıq bir dəfə bu addım atılıb, bu ikinci cəhddir; 2. Bu silah-sursatı, günün günorta çağı, rus sülhməramlıların gözü qarşısında, heç bir yoxlama, təhlükə olmadan keçirə biliblər; 3. Mərmilər Ermənistanda adı bəlli olmayan şirkət tərəfindən istehsal edilib. Demək, bu ölkədə adi sexdə silah, mərmi istehsal edilə bilir və hətta bunu test etmək üçün Qarabağa, azərbaycanlılara qarşı sınaqdan çıxardırlar.

Paylaşım 6. 23 avqust 2022

Karen Hovanisyan qapalı “Qüdrətli Ermənistan ordusu” qrupunda yazıb: “Layihədə iştirak edən əziz dostlar, dünən mən mərmi istehsal edən şirkət üçün daha 1 milyon dram köçürdüm. Sabah bu mərhələnin sonunda (əminəm ki, bu minatan və mərmilər, biz tərəfdən təqdim olunan digərləri kimi, erməni ordusunda geniş istifadə olunacaq) partiyalar hazır olacaq və biz onları Artsaxa aparacağıq. İndi hər bir güllə Artsax və ümumiyyətlə vətənimiz üçün çox əhəmiyyətlidir. Xahiş edirəm, böhtan xarakterli paylaşımlara fikir verməyin. Artsaxda və sərhədyanı bölgələrdə insanlar yaşayır və onların bizə ehtiyacı var. Bu paylaşım və müsahibələrdə bir məqsəd var: bizi məyus etmək və bununla da hərəkət etməyək və düşünək ki, hər şey qaydasınadır. Bu hərbi uğursuzluq bizim çün məğlubiyyət deyil”.

Qeyd: Burada əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydın yazılıb.

Bəs, niyə məhz təcili tibbi yardım maşınında?

Yaxın keçmişdə ermənilərin öz fəaliyyətlərini maskalamaq, “humanitar addım” adı ilə komufulyaj etməklərini çox görmüşük.

Misal üçün, 26 oktyabr 2020-ci ildə Gürcüstanla sərhəddəki Lars keçid məntəqəsində xaricdən göndərilmiş təcili tibbi yardım maşınlarının sərhəddə saxlanılması xəbərini yada salaq. Həmin vaxt Gürcüstan tərəfi təcili tibbi yardım maşınlarında silah daşındığını əsas gətirərək yükün Ermənsitana keçməsinə imkan verməmişdi. O zaman iki dövlət arasında ciddi söz atışmasının yarandığını, ermənilərin səs-küy salmasını, gürcülərin isə təmkinlə sübut təqdim etməsini yaxşı xatırlayırıq.

İkinci fakt peşəkar MMA döyüşçüsü Eduard Vartanyanın erməni mediasına açıqlamasında səslənmişdi. Vartanyan erməni mediasına demişdi ki, Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi. Çünki Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu. Buna görə də erməni general təcili tibbi yardım maşınına minib ərazidən qaçdı”.

Üçüncü fakt isə bədnam “Wargonzo” layihəsinin əməkdaşı, “kürən tülkü” ləqəbli Semyon Peqovun Hadrutdan etdiyi sonuncu çəkiliş zamanı qeydə alınmışdı. O, əmin idi ki, Azərbaycan Ordusu təcili tibbi yardım maşınlarına atəş açmır. Peqov bu məqamdan sui-istifadə edərək təcili tibbi yardım maşınında (meyitlərin təhvil verilməsi zamanı – red.) Hadruta gəlmiş və oradan çəkiliş edərək, bu şəhərin hələ də erməni terror birləşmələrinin nəzarətində olması haqda feyk reportaj yaymışdı.

Bəs, “Qorunan beynəlxalq nişanlardan sui-istifadə” haqda Konvensiyalarda nə müddəalar var?

1. “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokol” (Protokol 1), Maddə 38.

Tanınmış (qəbul edilmiş) emblemlər Qızıl Xaç, Qızəl Aypara və ya qırmızı şir və günəşin fərqləndirici emblemindən və ya Konvensiyalarda və ya bu Protokolda nəzərdə tutulmuş digər emblemlərdən, işarələrdən və ya siqnallardan qeyri-qanuni istifadə edilməsi qadağandır. Həmçinin silahlı münaqişə zamanı digər beynəlxalq səviyyədə tanınmış qoruyucu emblemlərdən, işarələrdən və ya siqnallardan, o cümlədən atəşkəs bayrağından və mədəni sərvətlərin qoruyucu emblemindən qəsdən sui-istifadə etmək qadağandır.

2. BQXK-nın “Beynəlxalq Humanitar Hüquq: Suallarınıza cavablar” broşürası, “Emblemin istifadəsini beynəlxalq humanitar hüququn hansı müddəaları tənzimləyir?” məqaləsindən bir hissə:

“Simvollardan qanunsuz istifadə”. Beynəlxalq humanitar hüquqda açıq şəkildə nəzərdə tutulmayan emblemdən istənilən istifadə qeyri-qanuni istifadədir.

– Döyüşçüləri və ya hərbi texnikanı qorumaq üçün münaqişə zamanı gerbdən, emblemdən sui-istifadə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, yəni müharibə cinayəti sayıla bilər. Cenevrə Konvensiyalarına üzv olan dövlətlər gerbdən həm sülh, həm də müharibə dövründə qeyri-qanuni istifadə hallarının qarşısının alınması və qarşısının alınması üçün cinayət-hüquqi tədbirlər görməyi öhdələrinə götürmüşlər.

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 119. “Müdafiə olunan nişanlardan sui-istifadə”.

Hərbi əməliyyat rayonunda Qızıl Xaç və ya Qızıl Aypara nişanlarını daşımaq! Hüququ olmayan şəxslər tərəfindən həmin nişanları daşıma, habelə müharibə zamanı Qızıl Xaç və ya Qızıl Aypara bayraqlarından, nişanlarından və ya sanitariya köçürmə nəqliyyat vasitələrinin rəngindən sui-istifadə etmə hərəkətlərinə görə Azərbaycan Respublikası CM-nin 119.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

“Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinin istifadə edilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə müdafiə olunan nişanlara aşağıdakılar aiddir:

– Qırmızı Xaç və Qırmızı Aypara emblemləri;

– Qırmızı Xaç və Qırmızı Aypara adı;

– Tibbi birləşmələrin və tibbi nəqliyyat vasitələrinin tanınması üçün fərqləndirici siqnallar.

Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Cenevrə Konvensiyalarına və onlara Əlavə Protokollara, habelə adı çəkilən Qanuna zidd olaraq:

– Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə və fərqləndirici nişan kimi, habelə fərqləndirici siqnallardan;

– Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının məqsəd və prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında (xidmət nişanlarında);

– Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinə hər hansı oxşar nişanlardan istifadə edilməsi qadağandır.

CM-nin 119.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət əməlləri hərbi əməliyyat rayonunda (cinyaətin törədildiyi yer, rayon, şəhər, kənd və s.) habelə müharibə zamanı (cinayətin törədildiyi vaxt) törədilməlidir.

Beləliklə,

– Azərbaycanlı eko-aktivistlərin, QHT təmsilçilərinin və könüllülərin Rusiya sülhməramlılarının postu qarşısında keçirdikləri etiraz aksiyasının əsas tələblərindən biri – “qanunsuz silah daşınmasına son” tələbi ədalətlidir.

– Ermənistandan Xankəndiyə sülhməramlıların nəzarətində olan yollarla silah-sursat və döyüş üçün digər texnikalar göndərilib və bu proses, yalnız aksiya başlayandan səngiyib.

– Təcili tibbi yardım maşınında hərbi texnika daşımaq, qeyri-humanitar hərəkətlər etmək, bu kimi sui-istifadə hallarına yol vermək Beynəlxalq qanunlarla, Konvensiya və Protokollarla qadağandır.

Hamısını Göstər

Related Articles

Back to top button