Zəngəzur dəhlizi Türkiyənin nəzarəti ilə açıla bilər: Ağ Evin əsas istəyi belədir

“Hazırda Zəngəzurdan keçəcək TRIPP layihəsi ilə bağlı yanaşmalar fərqlidir. Əslində bu layihə regionda gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Çünki bu gün mümkün qədər yeni xətlərin, logistika imkanlarının reallaşmasında maraqlı olan ölkələr həmin prosesdə aparıcı faktor olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan da BMT-də çıxışında bu məsələlərin bundan sonra irəliyə aparılmasında gücünün olmadığını ifadə etməklə Avropa İttifaqından, beynəlxalq aləmdən dəstək istəyib”.
Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Ermənistanda seçki sonrası baş verənlərə, Zəngəzur dəhlizi ətrafında yaranan situasiya və bunun fonunda hazırkı siyasi gərginliklə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan daxilində digər məsələlərlə yanaşı, TRIPP layihəsinin reallaşmasına qarşı çıxanların təzyiqləri açıq şəkildə hiss olunur:
“Burada Rusiyanın da təsir imkanları böyükdür. Onlar mümkün qədər Paşinyanın imkanlarını məhdudlaşdırmaqla onun sülh məsələsində irəliyə gedə bilməməsinə çalışır. Digər tərəfdən Rusiya TRIPP layihəsinin reallaşmasını özünün logistika imkanlarının itirilməsi kimi qəbul edir. Bu həm də regionda Kremlin təsir dairəsinin azalması deməkdir”.

Politoloq hesab edir ki, ABŞ-nin TRIPP layihəsində 70 faizdən artıq paya sahib olmasını Rusiya özü üçün regionda nəzarət imkanlarının itirilməsi kimi qəbul edir:
“Burada ABŞ Prezidenti Donald Trampın prosesə yanaşması da olduqca maraqlıdır. Faktiki olaraq Ağ Ev rəhbəri bu prosesə biznes layihəsi kimi baxır. Bu da Vaşinqtonun məsələyə siyasi yanaşmasını ifadə edir. Ona görə də bu layihənin icrasının kağız üzərində qaldığı iddiası ilə bağlı səslənən fikirlər əsassızdır. Ağ Ev Administrasiyası hərbi baxımdan bölgədə olmasa da, regionda investisiya layihələrinin icrasında maraqlıdır”.
Ramiyə Məmmədova hesab edir ki, ABŞ TRIPP layihəsinin təhlükəsizliyini bölgədə olan etibarlı tərəfdaşları vasitəsi ilə təmin edəcək: “Bu da sözsüz ki, Türkiyədir. NATO üzvü kimi Türkiyə hazırda Amerika ilə daha səmimi münasibətlərə malikdir. Ona görə də Zəngəzurdan keçəcək TRIPP layihəsinə Türkiyənin mümkün qədər nəzarəti məsələsi daha real görünür. Bölgədə Türkiyənin olması İranın da bu prosesə qarşı çıxmasını neytrallaşdıra bilər. Bu mənada bölgə üçün yeni bir logistika habının yaranmasında Türkiyə vacib rol oynayacaq. Azərbaycan da bu məsələdə əsas faktor kimi öz mövqeyini daha da möhkəmləndirmiş olacaq”.
Polise.az



