Zakir Həsənov: Birgə səylərimizi daha da möhkəmləndirmək niyyətindəyik

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır.
Teleqraf-ın Şuşa ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib. “Görüşümüzün işgüzar mühitdə keçdiyini və çox səmərəli olduğunu qeyd etmək istəyirəm. Görüşdə münasibətlərin ikitərəfli və üçtərəfli formatlarda inkişaf perspektivləri, regionda cərəyan edən əsas siyasi proseslər, bölgə infrastrukturunun əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb”. Nazir bildirib ki, dünyada gərginliyin artması, yaşanan çətinliklər və iqtisadi maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir: “Son illərdə olduğu kimi, 2026-cı ildə də müştərək və çoxtərəfli bir sıra mühüm layihələr icra edilib. Biz əməkdaşlığın inkişafından məmnunuq və birgə səylərimizlə onu daha da genişləndirmək, möhkəmləndirmək niyyətindəyik. Qarşılıqlı hörmətə, dostluq münasibətlərinə və etimada əsaslanan əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır”,- nazir vurğulayıb.
Polise.az



