Zakir Həsənov Yaşar Gülərlə Xocavənddə hərbi təlimləri izlədi – FOTO/ VİDEO

“Qızılqaya” Təlim Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov hərbi texnikaların nümayiş olunduğu sərgiyə baxış keçiriblər.
Teleqraf-ın Xocavəndə ezam olunan müxbiri xəbər verir ki, təlim çərçivəsində keçirilən sərgidə Azərbaycan, Türkiyə və Özbəxistanın hərbi texnikaları nümayiş olunur.
Təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində təmsil olunur.
Üç mərhələdən ibarət təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” Təlim Mərkəzində, həmçinin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda keçirilir.
***
13:54
Oktyabrın 1-də Xocavənd rayon ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək vəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər.
Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar.
Daha sonra yüksək səviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.








