Maaş və pensiya artımı: kimlər sevinəcək – AÇIQLANDI

Qocalığa görə sosial müavinətin məbləğinin azlığı ciddi müzakirə mövzusudur

Azərbaycanda minimim əmək haqqı və pensiya məbləğinin artırılacağı xəbəri ilə bağlı müzakirələr davam edir. Artıq məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər iki göstəricinin artırılması ilə bağlı təkliflərini noyabrın 1-dək hökumətə təqdim ediləcək.

Hazırda əsas müzakirələr artımın həcmi ilə bağlıdır. Hamını düşündürən əsas məqam minimum əmək haqqı və pensiyalarda artımın nə qədər olacağıdır. Qeyd edək ki, hər iki göstərici sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü ildə imzaladığı sərəncamla minimum əmək haqqı 300 manatdan 345 manata, minimum pensiyalar isə 240 manatdan 280 manata qədər artırılıb. Bu iki artımın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 700 milyon manatın xərclənəcəyi nəzərdə tutulurdu.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, minimum əmək haqqı məbləği artırılarkən 2023-2024-cü illərdə Azərbaycanda istehlak qiymətlərinin artım faizi nəzərə alınmalıdır: “Minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi. Minimum əməkhaqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11.3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək”.

V.Bayramov qeyd edib ki, 2024-cü ildə həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb: “Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət iki rəqəmli artımdan gedir”.

Əksər ekspertlər minimum əmək haqqı məbləğinin 400 manata qaldırılacağını daha real hesab edirlər. Minimum pensiyaların isə 320 manata qədər artırılmasını gözləyirlər.

2025-ci il üzrə dövlət büdcəsinin Maliyyə Nazirliyi tərəfindən açıqlanan ilkin göstəricilərinə əsasən gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, il gələn sosial xərclər 14 faiz artırılacaq.

Minimum əmək haqqı və pensiya artımlarından nə qədər insan yararlana biləcək? Bununla bağlı dəqiq rəqəm yəqin ki, 2025-ci ilin yanvar ayında məlum olacaq, çünki ölkədə muzdla çalışanların sayı hər ay dəyişir. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata əsasən 2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 759,0 min nəfər olub. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2023-cü il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər təşkil etmişdi.  Bu isə o deməkdir ki, muzdla – yəni rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayında 52,5 min nəfər artım qeydə alınıb.

Hazırda muzdla çalışanların neçə nəfəri minimum əmək haqqı artımından bəhrələnə biləcək? Bu, daha çox dövlət sektorunda çalışanların sayından asılıdır. Çünki bu sektorda çalışanların mühüm hissəsinin əmək haqlarının hesablanmasında minimum əməkhaqqından istifadə olunur. 2023-cü ilin yanvarındakı artım zamanı dövlət sektorunda çalışan 450 min nəfərin əməkhaqqında müsbət dəyişiklik qeydə alınmışdı. Eyni zamanda özəl sektorda müqavilə ilə işləyənlərin 250 min nəfərinin maaşında artım olub.

V.Bayramovun sözlərinə görə, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir: “Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.

Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır”.

Yeri gəlmişkən, statistikaya nəzər yetirdikdə görürük ki, dövlət sektorunda çalışanların sayında xeyli azalma var. 2023-cü ilin 1 avqustundan cari ilin eyni tarixinədək azalma 10 min nəfərdir. Bu isə o deməkdir ki, minimum əməkhaqqının artımından bəhrələnənlərin sayı daha az olacaq.

Minimum pensiya məbləğinin artımından bəhrələnəcək insanların sayında da azalma var. Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfərdir. Bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Ümumilikdə, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Əlilliyə görə pensiya alanların sayı 2020-ci ildəki 383 993 nəfərdən 2024-cü ildə 258 101 nəfərə düşüb.  Yaşa görə pensiya alanlar 742 034 nəfərdən 710 775 nəfərə, ailə başçısını itirməyə görə pensiya alanlar isə 144 532 nəfərdən 136 220 nəfərə qədər azalıb.

Əlilliyə görə pensiya alanların sayındakı azalmanı rəsmilər əlillik təyinatı mexanizminin təkmilləşməsi, bu sahədəki korrupsiyanın azaldılması ilə əsaslandırırlar.

Yaşa görə pensiya alanların sayındakı azalma isə pensiya almaq hüququ əldə etmə mexanizminin çətinləşməsidir. Bu çətinləşmə nəticəsində getdikcə daha çox insan 65 yaşa çatdıqda yalnız qocalığa görə müavinətlə kifayətlənməli olur. Rəsmi statistikaya əsasən, 2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun məlumatında onların 30,95 faizinin kişilərdən, 69,05 faizinin isə qadınlardan ibarət olduğu bildirilir. Bir ay sonra – 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub. Hazırda yaşa görə sosial müavinətin məbləği 220 manatdır.

Onu da qeyd edək ki, adətən minimum pensiya məbləğindəki artım pensiyaçıların az bir hissəsinə təsir edir. Demək olar ki, bütün pensiyaçıların aldığı məbləğə təsir edən əsas artım indeksasiyadır. Bu proses orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Hər ilin yanvarından əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqının məbləğində qeydə alınan artım qədər artırılır. 2024-cü ildə bu artım 2023-cü ildəki nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz artırılıb.

Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artıb. İlin qalan dövründə bu artımın ən yaxşı halda 9 faizə çatması mümkündür. Bu isə növbəti ildən əmək pensiyalarında 9 faiz civarında artım olacağı deməkdir. 

Minimum pensiya məbləğinin artırılması bir qrup insana mənfi təsir göstərir. Bunlardan biri artım olan il və ondan sonra pensiyaya çıxmaq hüququ əldə edəcək insanlardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşlar pensiya ala bilmək üçün 65 il yaşamaqla yanaşı, həmçinin ya 25 il iş stajına malik olmalı, ya da minimum pensiya kapitalı toplamalıdırlar.  Qanuna görə, minimum pensiya kapitalı minimum pensiya məbləğinin 144 qatına (12 illik miqdar) bərabərdir. Hazırkı 280 manatlıq minimum pensiya məbləği ilə bu kapital 40 min 320 manatdır.  Əgər ekspertlərin qeyd etdiyi qədər artırılmaqla minimum pensiya məbləği 320 manata qaldırılarsa, pensiya almaq hüququ verən sosial sığorta kapitalının həcmi də artaraq 46 min 80 manata yüksələcək. Bu isə xeyli sayda insanın əmək pensiyası almaq yolunu bağlayacaq.

Minimum əməkhaqqındakı artım isə fərdi və mikrosahibkarların xərclərini artırır. Qanunvericiliyin tələbinə əsasən mikrosahibkarlar və fərdi sahibkarlar üçün sosial sığorta ödənişi minimum əməkhaqqının 22 faizi həcmində müəyyən edilib. Bu isə o deməkdir ki, indi 75,9 manat sosial sığorta ödəyən sahibkar minimum əmək haqqı 400 manata qaldırıldıqda, 88 manat ödəməli olacaq… (Yeni Müsavat)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button