İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub

İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı və incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan mədəniyyət və İncəsənət günü” tədbirləri çərçivəsində İzmirdə Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində rəsmi açılış mərasimi keçirilib, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı baş tutub.

Tədbirdə İzmir Simpoziumlar düzənləmə Mərkəzi, Ege Universitetinin xarici əlaqələr rəhbəri, dosent Dr.Yılmaz Özkaya çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsindəki əlaqələrə diqqət çəkib, iki qardaş ölkənin ortaq dəyərləri, tarixin bütün mürəkkəb dövrlərində daim bir-birinə dəstək göstərdiklərini qeyd edib. Y.Özkaya Azərbaycanın zəngin mədəniyyətinin nəinki Türk dünyasında, bütün dünyada maraqla qarşılandığını, Azərbaycan xalqının bəşər mədəniyyətinə böyük töhfələr verdiyini söyləyərək, bu cür tədbirlərin milli mədəniyyəti tanıtmaqla yanaşı, xalqlar arasında dostluq körpüsü və həmrəyliyi gücləndirdiyini bildirib.

Daha sonra Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, mədəni əlaqələrə diqqət çəkib, iki ölkə arasında yüksək səviyyəli münasibətlər, qardaşlıq, çoxəsrlik dostluq və həmrəylikdən danışıb. O, milli musiqimiz, rəqslərimiz, milli musiqi alətləri, təkrarsız muğam, aşıq sənəti, əsrarəngiz kəlağayı və xalçalarımız, dünyanı fəth edən ədəbiyyat dahiləri ilə Azərbaycan mədəniyyətinin zəngin mirasa sahib olduğunu və qardaş ölkənin cəmiyyəti tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Konsert proqramının ilk bölümündə Beynəlxalq müsabiqələr qalibi Həzrət Əzizli “Bayatı Şiraz – Xudayar Təsnifi”ni ifası ilə şəhid qəhrəmanlar anılıb, əməkdar artist Dilarə Əliyeva “Azərbaycan-Türkiyə Qardaşlığı” adlı monoloqu təqdim olunub.

Proqramın bədii hissəsində Azərbaycanın xalq artistləri Gülyaz Məmmədova, balabanda Əlixan Səmədov, populyar müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsin Qurbani, aşıq Arzu Qurbani milli musiqiləri ifa ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblı “Uzundərə”, “Turacı”, “Qardaşlıq rəqsi” adı altında rəngarəng rəqsləri təqdim ediblər.

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri İstanbul şəhərində davam edəcək, 17 oktyabrda Atatürk Mədəniyyət Mərkəzində fərqli tədbirlər nəzərdə tutulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button