Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, kitab sənayesi də uğurla inkişaf edir. Məhz bu qayğının nəticəsində bu gün Azərbaycan beynəlxalq kitab sənayesinin bir hissəsinə çevrilib. Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Azərbaycan dünyanın məşhur kitab sərgilərində xüsusi stendlə təmsil olunur, nəşrlərimiz yüksək qiymətləndirilir, mükafatlara layiq görülür. Ölkəmiz neçə-neçə nüfuzlu kitab sərgilərinə dəvət olunur.

Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir. Təsadüfi deyil ki, Azərbaycan 2-10 noyabr tarixlərində keçiriləcək 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” kimi iştirak edəcək.

Oktyabrın 16-da Almaniya Federativ Respublikasında “Oxu. Düşün. Əlaqələndir” devizi ilə 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisi işə başlayıb. 95 ölkədən 4000 iştirakçının bir araya gəldiyi sərgidə bu il “fəxri qonaq ölkə” İtaliyadır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu il də sərgi xüsusi stendlə təmsil olunur. Yeri gəlmişkən bildirək ki, Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində 2009-cu ildən etibarən ardıcıl olaraq iştirak edir. Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti Frankfurt-Mayn şəhərində keçirilən sərgidə iştirak edir.

Yenilənmiş dizayna malik milli stenddə Azərbaycan mədəniyyətinə, tarixinə dair 125 adda 230 nüsxə kitab ziyarətçilərə təqdim edilir. “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi üzrə işıq üzü görən kitabların da yer aldığı stendimizdə “TEAS Press”, “Hədəf Nəşrləri” və “Qədim Qala” nəşriyyatlarının nümayəndələrinin əməkdaşlıq görüşlərinin keçirilməsi planlaşdırılır. Ümumiyyətlə, kitab işi sahəsində çalışan minlərlə mütəxəssisin görüş yeri olan Frankfurt sərgisi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır.

Oktyabrın 20-dək davam edəcək sərgi müddətində tanınmış yazar Rövşən Abdullaoğlunun müxtəlif dillərdə nəşr olunan əsərlərinin təqdimatı nəzərdə tutulub.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.  Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo ilə görüşdə direktor 2023-cü ilin sentyabr ayında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş forumda iştirakı məmnunluqla yada salıb, tədbirin yüksək təşkilatçılığını vurğulayıb. Söhbət zamanı iki ölkənin kitabxanaları arasında əməkdaşlığın dərinləşdirilməsi, kitab mübadiləsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, sərginin açılış günündə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstanbul Ticarət Odası və Türkiyə Naşirlər Birliyinin üzvlər ilə də işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button