Harrislə bağlı plan açıqlandı – Sürpriz Azərbaycan detalı

ReAl Partiyasının sədri Natiq Cəfərli Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– ABŞ Prezidenti Co Bayden Azərbaycan və Ermənistan liderlərinə eyni məzmunlu “sülh məktubları” göndərdi. Amerika lideri məktublarında COP29 və ilin sonunadək sülh müqaviləsinin imzalanmasının yekunlaşdırılmasına çağırış edir. Görünür, Bayden hakimiyyətini xarici siyasətdə bir uğur hekayəsi ilə başa vurmaq istəyir. Bəs yerdəki durum onun bu nikbin gözləntisinə əsas verirmi?

– Ortada bir-biri ilə qarışmış maraqlar var. Demokratlar Partiyasının içində belə müxtəlif maraq qrupları mövcuddur. Kamala Harrisi dəstəkləyən qrup istəyir ki, Harris seçiləcəyi təqdirdə bu uğur hekayəsi ilə başlasın, Azərbaycanla Ermənistan arasında hansısa müqaviləsinin imzalanmasının təşəbbüskarı və ya iştirakçısı olsun. Demokratların içində belə bir geniş yayılmış fikir var ki, Harrisin xarici siyasətdə heç bir uğuru yoxdur, hətta xarici siyasətdən başı çıxmır.

İndi onu dəstəkləyən komanda istəyir ki, Harris seçiləcəksə, həm də onun imicini dəyişməyə yönəlik bir addım kimi artıq 90 faiz razılaşdırılmış müqavilənin imzalanması ilə fəaliyyətə başlasın. Yəni Harrisin imicini dəyişməyə çalışırlar, mənə elə gəlir ki, burada həmin məsələnin də önəmi var.

Bir məsələ də var ki, Harris seçilsə belə, Baydenin komandası iqtidarda qalmayacaq. Gələcək komandanın çox ciddi şəkildə dəyişəcəyi gözlənilir. Dövlət katibi və digər nazirlər də dəyişəcək, yəni Harrisin öz komandası gələcək.

Bəli, Bayden də gedərayaq müəyyən müsbət nəticələr əldə etmək istəyir. Çünki bu dörd ildə tarixə heç də yaxşı düşmədi. Bu dövrdə dünyada müharibələrin sayı artdı, Amerika Əfqanıstandan qaçdı, Rusiya-Ukrayna müharibəsi başladı, Yaxın Şərq qan çanağına döndü və sair.

Belə bir fonda Bayden tarixdə “uzun illər davam edən münaqişənin həllinə kömək edən şəxs” kimi tarixdə qalmaq istəyərdi. Kimin seçilməsindən asılı olmayaraq, Bayden yanvarın 20-dək öz vəzifəsini davam etdirəcək. Yəni buna özü üçün də nail olmaq istəyə bilər.

– Baş nazir Nikol Paşinyan ortaya bir məsələ atıb: müqavilə razılaşdırılmış maddələr üzrə imzalansın. Bakının qəbul etmədiyi bu təklif ABŞ və Qərbin bəzi dövlətləri tərəfindən dəstək görür. Yarımçıq sülh müqaviləsi və ya işi yarımçıq saxlamaq, yaxud bu tələskənlik hansı maraqlardan irəli gəlir, niyə sazişin tam razılaşdırılmasını gözləmək istəmirlər?

– Əslində, Azərbaycan burada bacardığı qədər güzəştə getdi. Məsələn, Azərbaycan xoş niyyətini bəyan edərək, mübahisələrə səbəb olan Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsindən çıxardığını bəyan elədi. Bu, Azərbaycanın sülhə doğru atdığı vacib addımıdır, bu, həm də bizim səmimiyyətimizi göstərir.

Azərbaycan həm də bu məsələdən istifadə edərək prosesə müdaxilə etmək istəyənlərin qarşısını almaq, eləcə də Ermənistan-Rusiya münasibətlərində yaranmış problemlərin iştirakçısı olmamaq üçün bu addımı atdı. Nəticədə bu məsələnin sülh müqaviləsindən kənarda həllini təklif elədi.

İndi hansı güzəştlərdən söhbət gedə bilər? Azərbaycanın haqlı tələbləri var, yarımçıq sülh müqaviləsi gələcəyə problem saxlamağı da özündə ehtiva edir. Amma hansısa sənəd və ya çərçivə sazişinin imzalanması mümkündür. Məsələn, artıq sərhədlə bağlı Azərbaycan və Ermənistanın imzaladığı bir protokol var. Bunun əsasında Qazax-Tavuş istiqamətində sərhədin delimitasiya və demarkasiyasını qansız-qadasız həyata keçirmək mümkün oldu.

İndi kənarda Azərbaycanla bağlı belə bir “imic” yaradılır ki, guya biz sülh istəmirik. Halbuki Azərbaycan ilk günlərdən 5 baza prinsipini irəli sürməklə və müəyyən məsələlərin həllində yumşaq addımlar atmaqla, öz xoş niyyətini bəyan edib. Amma Ermənistan bir neçə aydır Qərb mediası və xaricdəki lobbisi vasitəsilə “Azərbaycan sülh istəmir” kimi bir tezis ortaya atıb və bunu gücləndirməyə çalışır. Bu tezis və təbliğatı çürütmək üçün hansısa çərçivə sazişinin imzalanması mümkündür. Bu, ilin sonunadək də ola bilər. Belə bir sənəd Azərbaycanın prinsipial mövqeyinə zidd deyil.

– Ermənistan parlamenti sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni təsdiqlədi. Bu qərar sərhəd prosesinə necə təsir göstərəcək?

– Burada Azərbaycanı maraqlandıran bir ciddi məsələ var. Bilirsiniz ki, əsasnamə parlamentdə təsdiqlənməmişdən əvvəl Konstitusiya Məhkəməsinə göndərilmişdi. Məhkəmə bu əsasnamənin Ermənistan Konstitusiyasına zidd olmadığı barədə bir qərar çıxardı. Hüquqi baxımdan bu qərar vacibdir. Bu qərar Ermənistan Konstitusiyasının preambulasını zəiflətdi. Həmin yerdə də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Məhkəmənin qərarı bunu tam aradan qaldırmasa da, Ermənistandakı revanşist qüvvələrinin bu “arqumentlər”ini xeyli dərəcə zəiflətdi. Məsələnin Azərbaycan üçün maraqlı olan tərəfi bu idi.

Sənədin Ermənistan parlamentində təsdiqlənməsi də ondan xəbər verir ki, Azərbaycana qarşı qəbuledilməz tələb və iddialarla çıxış etmək dövrü tamamilə qapanır. Paşinyana müxalif, əsasən də Rusiyaya bağlı olan qüvvələrin əsas “arqumentlər”i ondan ibarət idi ki, bu protokol və ya əsasnamə Ermənistan Konstitusiyasına ziddir. Ermənistan Konstitusiya Məhkəməsi bu “arqumentlər”i çürütdü.

Çox güman ki, Azərbaycan və Ermənistan arasında gedən danışıqların bizə məlum olmayan, ictimaiyyətə açıqlanmayan məqamları də var. Bu normaldır, diplomatiya həmişə kameralar qarşısında olmamalıdır. Ola bilsin, Azərbaycan tərəfinin təklifi olub ki, birinci siz təsdiqləyin, əgər siz tərəfdə hansısa problemlər olmasa, biz də təsdiqləyək. Başqa sözlə, həmin sənədin yaxın günlərdə Azərbaycan tərəfindən təsdiqlənməsi də mümkündür.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button