BMT-nin Baş katibi COP29-dan gözləntilərini açıqlayıb
BMT-nin qarşıdan gələn iqlim konfransı – COP29 tərəqqiyə iki yolla təkan verməlidir.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş yayımladığı videomesajda deyib.
Baş katib bildirib ki, COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni milli iqlim fəaliyyət planları təqdim edilməlidir:
“Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu, o deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün iqtisadiyyatı əhatə etməlidir – bütün sektorlarda irəliləyişə təkan verilməlidir. Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini yüksəltməlidirlər”.
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin olunmalıdır: “COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir”.
Polise.az