Şuşada sərgimi açmaq istəyirəm

“Mən Şuşada öz sərgimi açmaq istəyirəm”.

Bunu APA-nın Rusiya bürosuna müsahibəsində tanınmış rusiyalı rəssam, Rusiya Federasiyasının Xalq rəssamı Nikas Safronov bildirib.

O, Azərbaycanda dəfələrlə olduğunu, lakin Qarabağda, Şuşada olmadığını vurğulayıb:

“Əlbəttə ki, məmnuniyyətlə Qarabağa gedəcəyəm. Mən siyasətdən kənaram, lakin mənim bağlılıqlarım var, içdən mənə yaxın olan şeylər var. Mən Azərbaycanı çox sevirəm. Bu xalqı çox sevirəm. Çox qonaqpərvər xalqdır. Dəfələrlə Azərbaycanda olmuşam. Azərbaycana həsr olunan çoxlu işlərim var. Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyevlə dost olmuşam. Heydər Əliyev Bakıda mənim ilk sərgimin açılışında iştirak edib. Bilirsiniz, insanları yaxından tanıyan zaman onlara vurulursunuz. Azərbaycan xalqı səmimi xalqdır. Bu ölkənin həm böyük şəhərlərində, həm də balaca kəndlərində insanların əsl ruhunu görmək mümkündür. Bu insanların səmimiyyəti, istiqanlılığı və açıqlığı heç vaxt sizi yeməksiz, hədiyyəsiz getməyə imkan verməyəcək. Bu xüsusi insanlardır, mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Xoşbəxtəm ki, 1998-ci ildə Bakıya gedib Heydər Əliyevlə görüşmək mənə qismət oldu. Mən ona portretini verəndə uzun müddət şəklə baxdı və dedi: “Bu ölkədə sənin dostun var, o da mənəm” və biz dostlaşdıq. Ona görə də, mən böyük məmnuniyyətlə Qarabağa getmək istərdim. O yerlərin təbiətini görmək, tarixi yerləri gəzmək mənə maraqlı olardı”.

Rusiyalı rəssam Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin rəsmini çəkdiyini bildirib: “Artıq geri qaytarılan Şuşa şəhərini çəkərək bu işi görmüşəm. Şuşa tarixi və xüsusi yerdir. Təəssüf ki, Şuşada olmamışam, amma videomateriallara baxdıqdan sonra bu şəhərin rəsmini çəkmişəm. Siyasətdən uzaq olmağa çalışıram, amma bir vətəndaş, bir insan kimi Azərbaycan xalqını həqiqətən çox sevirəm, Bakını sevirəm. Bakı dünyanın ən yaxşı şəhərlərindən biridir. Ona görə də hər il Heydər Əliyevin doğum günündə Azərbaycanın Rusiyadakı səfirliyinə gəlməyimdən məmnunam. Mən mütləq Qarabağa gedəcəm, Şuşada sərgimi açmaq istəyirəm”.

Qeyd edək ki, Nikas Safronovun Sankt-Peterburq Dövlət Tarix Muzeyində avqust ayında açılmış “Peterburqa böyük sevgi ilə” sərgisinin təntənəli bağlanış mərasimi keçirilib. Sərgidə ustad rəssamın peyzaj, portret, sürreal kompozisiyalar üslubunda çəkilmiş 90-dan çox əsəri nümayiş olunub. Rəssam Rusiyanın şimal paytaxtı, dünyanın mədəniyyət mərkəzlərindən biri olan Sankt-Peterburqa, onun əsrarəngiz mənzərələrinə, ziyalı mühitinə, zəngin tarixinə sevgisini kətan üzərinə köçürüb.

Sərgidə Safronovun Azərbaycana həsr olunan əsəri də nümayiş olunub. Belə ki, rəssamın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın portreti olan “Mehriban xanım” adlı əsəri sərginin portretlər olan bölməsinə yerləşdirilib.

 

Sərginin bağlanışında Nikas Safronov özünün sonuncu əsərlərindən birini – “SMS” (“Слишком много смысла”-“Həddindən artıq məna”) layihəsini təqdim edib. Rəssamın sözlərinə görə, bu performans, ilk növbədə, gənclərin marağını cəlb etməyə yönəlib, ironik və metaforik obrazlarla yanaşı, dövrümüzün aktual mövzularını əks etdirən dərin mənaları özündə birləşdirib.

Daha bir maraqlı layihə isə “Teleqram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov və rəssam, Peterburq Yeni Təsviri İncəsənət Akademiyasının təsisçisi Timur Novikova həsr olunmuş “Azadlıq” art-obyektidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button