Tramp Harrisin qələbəsini tanımayacaq

ABŞ-da prezident seçkiləri saxtalaşdırılsa, “demokratiyanın beşiyi” olduqca bərk silkələnərək, dağılmağa başlayacaq və bu, qlobal supergücü yeni neqativ tarixi mərhələyə keçirə bilər… Çünki Donald Trampın öz tərəfdarlarını ABŞ-ın gələcək taleyini xilas etməyə çağıracağı təqdirdə, küçə iğtişaşları, kütləvi etiraz dalğası fonunda toqquşmalar və ölkədaxili xaos qətiyyən istisna deyil…

Dünyanın düzənini dəyişə biləcək seçkilərin keçirilmə günü gəlib, çatdı. İndi dünyada bir çoxları məhz ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin necə nəticələnəcini böyük maraqla gözləyir. Çünki bu seçkilərin yekun nəticələri istənilən halda, qlobal proseslərə birbaşa və dolayısı ilə mütləq təsir göstərərcək. Və bu baxımdan, ABŞ seçkiləri dünyanı demək olar ki, iki yerə parçalayıb.

Məsələ ondadır ki, ABŞ-da prezidentin istənilən halda, dəyişəcəyi qətiyyən şübhə doğurmur. Ancaq burada diqqəti çəkən əsas məsələ indan ibarətdir ki, indiki Bayden administrasiyasının xarici siyasət kursunun dəyişməz qalmasında birbaşa maraqlı olanlar kifayət qədərdir. Ona görə də, bu mövqedə olanlar Ağ Evin yeni sahibinin Bayden adminitrasiyasını təmsil edən vitse-prezident Kamala Harrisin olmasını istəyirlər. Və ümid edirlər ki, belə olarsa, ABŞ-ın indiki xarici siyasət prioritetləri də ardıcıllığını, davamlılığını qoruyub, saxlaya bilər.

ec42d25fb070f977962f6b3c5222d442.jpg (313 KB)

Ancaq ikinci maraq qütbü məhz ABŞ-da hakimiyyətin tamamilə dəyişməsi variantı üzərində indeksləşib. Belə ki, bəzi dünya dövlətləri, xüsusilə də, Qlobal Cənuba aid olunan və Ağ Evin xarici siyasətini ciddi problem olaraq, qəbul edən ölkələr ABŞ-ın Bayden administrasiyasına müxalif prezidentin hakimiyyətə gəlişini istəyirlər. Və bu baxımdan, ABŞ-ın xarici siyasət prioritetlərini tamamilə dəyişməyi vəd edən keçmiş Ağ Ev sahibi Donald Tarmpın seçki qələbəsində maraqlı olduqlarını biruzə verirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ cəmiyyətində yaranmış son situasiya noyabrın 5-də hansı prezidentliyə namizədin qalib gələcəyini təxmin etməyə imkan vermir. Belə ki, seçki ərəfəsində ictimai rəy sorğuları Donald Tramp və Kamala Harrisə verilən dəstəyin hələlik nisbi tarazlıq vəziyyətində olduğunu göstərir. Yəni, seçkinin yekun nəticələrini yalnız ABŞ vətəndaşlarının verəcəyi səslər müəyyən edəcək.

Maraqlıdır ki, hazırda həm dünyada, həm də ABŞ-da seçkilərin doğura biləcəyi siyasi qarşıdurma ehtimalı ilə bağlı ciddi narahatlıqlar da var. Belə ki, bəzi ehtimallara görə, hər iki tərəf amansız mübarizəyə hazırlaşır. Hətta “demokratiyanın beşiyi” hesab olunan ABŞ-da bu dəfə ciddi seçki saxtakarlığının baş verə biləcəyi də qətiyyən istisna olunmur. Halbuki, Ağ Ev adətən, başqa ölkələri seçki saxtakarlığında ittiham etməyə daha çox vərdişlidir. Və prezident statusunda qatıldığı ötən seçkilərdə məğlub olan Donald Trampın yekun nəticələri qəbul etməyərək, kəskin etiraz etməsi də hələlik unudulmayıb.

3691375.jpg (607 KB)

Bəzi ehtimallara görə, bu dəfə də eyni ssenarinin təkrarlana bilər. Ancaq bu dəfə seçki saxtakarlığı ilə bağlı ittihamların və Bayden administrasiyasına reaksiyaların daha kəskin və radikal məzmun daşıya biləcəyi də qətiyyən istisna olunmur. Belə ki, Kamala Harrisin qalib gəldiyi bəyan edilərsə, Donald Trampın seçkilərin nəticələrini tanımaqdan qətiyyətlə imtina edəcəyi bildirilir. Bu ehtimalın əsas müəllifləri sırasındasa, ABŞ-da və dünyada böyük nüfuza malik strateq, vaxtilə Ağ Ev sahibinin milli təhlükəsizlik məsələlər üzrə müşaviri olmuş Con Bolton da yer alır.

Maraqlıdır ki, Con Bolton Donald Trampın heç bir halda, Kamala Harrisin seçki qələbəsini tanımayacağını iddia edir. Onun fikrincə, Donald Tramp demokratik seçkilərin keçiriləcəyi təqdirdə, Kamala Harrisin qələbə şansının olmadığına əmindir. Ona görə də, Donald Tramp yalnız seçkiyə deyil, həm də ondan sonra cərəyan edəcək siyasi-ictimai proseslərə də hazırlaşır. Və Con Bolton hesab edir ki, ABŞ cəmiyyəti də hadisələrin belə arzuolunmaz istiqamətlər almasına, ölkədə gərginliyin artma ehtimalına indidən hazır olmalıdırlar.

Müşahidələr isə onu göstərir ki, əksər amerkalılar Con Bolton xəbərdarlıq etməzdən əvvəl də məhz hadisələrin toqquşmalara yol açma variantına hazırlaşmağa başlamışdılar. Hər halda, prezident seçkilərindən dərhal sonra ABŞ-ı tərk etmək niyyətində olan amerikalıların sayının rekord həddə çatdığı bildirilir. Onların mütləq əksəriyyəti varlı və yaxud da qeyri-müyyən müddət ərzində ölkə xaricində yaşamaq üçün maliyyə resursları olan şəxslərdir. Və bu, o deməkdir ki, imkanlı amerikalılar ABŞ-dan qaçmağa başlayıblar.

GoumEgeCrqbalOvTWbZM.jpg (64 KB)

Artıq məlum olub ki, imkanlı amerikalılar ABŞ-dan kənarda böyük həvəslə mülk alırlar. Eyni zamanda, sənədlərini qaydasına qoyurlar və seçkidən sonrakı dövr üçün təyyarə biletləri sifariş edirlər. Əsas səbəbsə, imkanlı amerikalıların seçkidən sonra gözlənilən küçə iğtişaşları və daxili xaos təhlükəsindən özlərini sığortalamaq niyyətididr. Və əgər, ABŞ-da orta təbəqə ölkədən qaçmağa meyil edirsə, bu, “demokratiyanın beşiyi”nin bu dəfə olduqca bərk silkələnəcəyini təxmin etməyə də imkan verir.

Belə anlaşılır ki, ABŞ cəmiyyəti ölkənin qarışacağına əmindir. Əsas ehtimallar Donald Trampın səsvermənin nəticələrini tanımaqdan imtina etdikdən sonra keçmiş Ağ Ev sahibinin öz tərəfdarlarını ABŞ-ın gələcək taleyini xilas etmək üçün küçə mübarizəsinə çağıra biləcəyini qabardır. Yəni, ABŞ-da küçə iğtişaşları, kütləvi etiraz dalğası fonunda toqquşmalar və daxili xaos qətiyyən istisna deyil. Və bunun nə qədər real olub-olmadığını dəqiqləşdirmək üçün isə o qədər də çox gözləmək lazım gəlməyəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button