Avropa İttifaqı COP 29-u niyə görməzdən gəlir?

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək.

Bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq.

Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir.

Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir.
Ursula fon der Layen qərarı ilə yalnız Avropa İttifaqının (Aİ) deyil, onun rəhbərliyindəki təşkilatın da qlobal iqlim problemlərinə münasibətini ciddi şübhələr altına alıb.

Buzlaqların əriməsi, ekstremal hava hadisələrinin artması, dəniz səviyyəsinin qalxması kimi məsələlər təcili həll tələb etdiyi bir məqamda institusional öhdəliklərindən danışır. Real öhdəliklərin yerinə yetirilməsini isə heç ağlının ucundan keçirmir.

Bu, Aİ rəhbərliyinin məsuliyyətini sual altına qoyur və Avropa Birliyinin qlobal iqlim böhranına cavabdehliyi barədə mənfi rəyi gücləndirir.

Halbuki, o, Aİ-nin əsas lideri kimi qlobal iqlim məsələlərində daha aktiv bir mövqe sərgiləməli idi. Çünki Avropa Komissiyasının sədri olaraq onun qərarları yalnız Aİ daxilində deyil, beynəlxalq səviyyədə də böyük təsir gücünə malikdir. İqlim məsələsində Avropa ölkələrinin üzərinə düşən böyük məsuliyyət nəzərə alındıqda, fon der Layenin COP29-u görməzlikdən gəlməsi ciddi bir cavabdehlik çatışmazlığı kimi görünür.

Avropa İttifaqı dünyanın ən böyük çirkləndiricilərindən biri olaraq, qlobal iqlim siyasətində məsuliyyətli addımlar atmağa məcburdur.

İqlim ekspertləri fon der Layenin COP29-a qatılmama qərarını Aİ-nin çirkləndirici sənaye siyasəti ilə bağlı məsuliyyətini azaltmağa çalışması kimi dəyərləndirir.

İqlim dəyişikliyi ilə bağlı maliyyə öhdəliklərindən və dəstəklərdən yayınma niyyəti Aİ-nin bu məsələdə yalnız sözlərlə deyil, hərəkətlərlə də göstərməsi lazım olan liderlik məsuliyyətini şübhə altına alır.
Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə lider rolunu oynayan Avropa İttifaqının ən yüksək səviyyədə təmsil olunmaması COP29-un əhəmiyyətinə kölgə salır.

Bu addım digər ölkələr üçün də mənfi bir presedent yarada və iqlimlə bağlı müzakirələrə, hətta gələcək razılaşmalara kölgə sala bilər. Avropa İttifaqı əgər öz liderlik nümunəsini göstərməkdə tərəddüd edirsə, digər ölkələrin də məsuliyyət daşımaqdan imtina etməsi riski yaranır.

Halbuki COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.

Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. Ona görə də dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini sənaye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməlidirlər və bu işlər də COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq. 2015-ci ildə bu məbləğin Paris sazişi çərçivəsində 2020-2025-ci illər üçün etibarlı olacağı təsdiqlənib. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub.

2025-ci ildən sonrası üçünsə yeni “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) müəyyən edilməlidir. Bu maliyyə hədəfi Bakıda keçiriləcək COP29-da əsas mövzulardan biridir. İnkişaf etməkdə olan ölkələr maliyyəni 1,1 trilyon ilə 1,3 trilyon dollar arasında tələb olduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasını və ya bir qədər artırılmasını istəyir.
Göründüyü kimi gələcək nəsillərin və planetin taleyi üçün beynəlxalq səviyyədə təcili tədbirlər görülməli olduğu halda, Aİ-nin belə addımlar atması qlobal həmrəyliyi və məsuliyyəti zəiflədir. Bu qərar Aİ-nin qlobal iqlim liderliyi mövqeyində əhəmiyyətli bir zədələnmə kimi qəbul edilir.

Beynəlxalq ictimai rəy Ursula fon der Layenin və rəhbərlik etdiyi qurumun bu məsələlərdə daha ciddi addımlar atmasını tələb edir.

Musavat.com

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button