Əbu-Dabidə kritik danışıqlar

Yeni il Ukraynaya sülh gətirə bilər
Ukrayna ABŞ-nin sülh planını qəbul etməyə razılıq verib, lakin detallar hələ dəqiqləşdirilməlidir. Artıq Ukrayna nümayəndə heyəti də Əbu-Dabidədir və ABŞ naziri və xüsusi nümayəndə Daniel Driskoll Rusiya ilə planın yenilənmiş versiyasını müzakirə edir.
Sülh anlaşması nə dərəcədə yaxındadır? Yeni il Ukraynaya sülh gətirəcəkmi və bu nə dərəcədə ədalətli, daimi sülh olacaq?
Siyasi şərhçi Heydər Oğuzun fikrincə, istənilən münaqişənin birdəfəlik və qalıcı həlli üçün tərəflər arasında imzalanacaq sülh sazişi ədalətli olmalıdır: “Əks halda, ələ ilk fürsət düşən kimi ədalətsiz sülhə imza atmalı olan tərəf yenidən müharibəyə başlaya bilər. Yaxud mövcud hakimiyyətin zorla imzaladığı sülh sazişi dövlətin digər qurumları, məsələn, parlamenti tərəfindən geri çevrilər və savaş qaldığı yerdən yenidən şiddətlənə bilər. Ukrayna üçün hazırlanan sülh təklifləri isə ədalətli deyil və onun davamlı sülh yaradacağına inanmaq sadəlövhlük olardı. Təsadüfi deyil ki, artıq UkraynadaTrampın “sülh təklifi” əleyhinə müxalif səslər eşidilməyə başlanıb. Bildirildiyinə görə, hazırda Böyük Britaniyada ölkəsinin maraqlarını təmsil edən general Valeri Zalujnı “The New York Times” qəzetinə verdiyi açıqlamasında Kiyevin təslim olmayacağına əminliyini vurğulayıb. O qeyd edib ki, belə bir təslimiyyəti hər hansı bir sülh müqaviləsi kimi təqdim etmək olmaz. Səfirin sözlərinə görə, Rusiya ilə münaqişəyə son qoymaq üçün yeganə ədalətli variant Kremli “cəzalandırmaq” və Ukraynanın ərazi bütövlüyünü bərpa etməkdir. Generalın fikrincə, digər variantlar “ən azı vətənə xəyanət” hesab olunmalıdır.
Zalujnının bu fikirləri olduqca önəmlidir. O, bütün rəy sorğularında ictimaiyyət arasındakı nüfuzuna görə Zelenskini üstələyirdi. Zelenski son rüşvət və korrupsiya qalmaqallarına görə indi nüfuzunu daha çox itirib. Zalujnı Ukrayna xalqının yeganə ümidgahına çevrilə bilər.
Odur ki, Zelenski hökuməti zorla “Tramp sülhü”nə sürüklənsə və ona təklif olunan ləyaqətsiz sülh təklifinə imza atmaq məcburiyyətində qalarsa, London və digər Avropa dövlətləri Zalujnını hakimiyyətə gətirməyə çalışacaqlar. Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın sığındığı son limandır. ABŞ-nin dəstəyini itirən rəsmi Kiyev bu son limanı da əldən çıxarmaq istəməz”.
![]()
Heydər Oğuz
Heydər Oğuzun fikrincə, Ukraynada vəziyyət elə həddə gəlib çıxıb ki, onun taleyinə təkcə Vaşinqton və Moskva qərar vermək iqtidarında deyil: “Bu məsələdə Avropa ölkələrinin də razılığı alınmalıdır. Avropanın ən aparıcı ölkələrindən olan Böyük Britaniya, Almaniya və Fransa isə bu təkliflə bağlı öz neqativ mövqelərini bildiriblər. Hətta Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə bildirib ki, Ukraynanın taleyi barədə müzakirələrdə onlar da iştirak etməlidirlər. Avropa ölkələrinin liderləri əmindirlər ki, Ukrayna cəbhəsində ciddi uğurlar qazanan Rusiyanın iştahı daha da qabaracaq və yeni dünya düzəninin formalaşmasında mühüm yer tuta biləcək. Nəticədə Avropa ölkələrinin təsir dairələri daralacaq və Rusiya-ABŞ münasibətləri yaxınlaşdıqca bu imkanları getdikcə sıfırlanacaq. Təbii ki, heç bir Avropa ölkəsi əsrlər boyu qorxulu röyalarına çevrilən “rus təhlükəsi”nin yenidən zühur etməsi ilə razılaşa bilməzlər. Bu səbəbdən də Avropa ölkələri Ukrayna savaşının Rusiyanı tam tükəndirənə qədər davam etməsində maraqlıdırlar.
Üstəlik, Rusiya da öz aləmində qurduğu qələbə xülyasını soyub-soyub quyruğunda buraxmaq istəmir. Kremlin fikrincə, qələbənin bir addımlığındadır və öz qüdrətli müttəfiqini – ABŞ-ni itirən Ukrayna ağır hücumlara uzun müddət duruş gətirə bilməyəcək və əvvəl-axır ağ bayraq qaldırmaq məcburiyyətində qalacaq. Qısası, həm Ukrayna, həm də Rusiya tərəfində savaşın bitirilməsinə birmənalı yanaşma yoxdur və bu da yaxında sülh müqaviləsi bağlanacağına dair gözləntilərin boş bir illüziya olduğundan xəbər verir”.
Ukrayna savaşında gəlinən hazırkı nöqtəni II Dünya müharibəsi zamanı baş verən Finlandiya-Rusiya döyüşləri ilə müqayisə edən Heydər Oğuzun fikrincə, Moskva Ukraynadan sonra yeni sərgüzəştlərə atılmağa zəmin hazırlayır: “Hitler Almaniyasının Polşaya hücumundan qısa müddət sonra Stalin də Finlandiya ilə müharibəyə başlamağa qərar verdi. 1939-cu ilin 30 noyabrında başlayan və 4 ay sürən müharibə Rusiyanın zəfəri ilə nəticələnsə də, bir çox tarixçilər onu “Pirr qələbəsi” adlandırırlar. Sovet ordusu canlı qüvvə baxımından finlərdən üç qat, hava gücündə otuz qat, tanklarda isə yüz dəfə böyük idi. Buna baxmayaraq, finlər bu 4 ay ərzində sovet ordusunu əsasən dəf edə bilmişdilər. Və ruslar onlardan yeddi dəfə çox itki vermişdilər.
Ukrayna müharibəsində vəziyyət belədir. Qanlı döyüşlərdən keçən rus ordusu xeyli qüvvə itirib və itirir. Fikrimcə, Rusiyanın məğlubiyyətini istəməyən Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl Nümayəndələr Palatasındakı tərəfdarlarının dəstəyindən istifadə edərək qəhrəman Ukrayna əsgərlərinin daha yaxşı silahlanmasına mane oldu. Hakimiyyətə gələndən sonra isə o, tamamilə Rusiyanın tərəfini tuturaq müharibənin taleyini Ukraynanın əleyhinə dəyişdirdi. Əlindəki bəhanəsi isə budur: onsuz da Rusiya əvvəl-axır Ukraynaya qalib gələcək, daha artıq insan itkisinə yol verilməməlidir”.
Siyasi şərhçinin fikrincə, Trampın əsl məqsədi indi-indi ortaya çıxır: “Zənnimcə, Trampın anti-Ukrayna mövqeyi tutmasının başlıca səbəbi dünyanın yenidən bölüşdürülməsində daha zəif tərəflə ortaqlıqdır. Tramp yeni dünya düzənini Avropa ölkələri ilə qurmaq istəsəydi, daha az qənimətlə razılaşmalı olacaqdı. Ən əsası isə, bu zamanadək rus təhlükəsindən özünün himayəsinə sığınan Avopa ölkələri müstəqilləşər və ABŞ hegemoniyası müzakirə mövzusuna çevrilərdi. Rusiya ilə birlikdəlikdə isə belə bir problem yoxdur. Əvvəla, Rusiya texnoloji nailiyyətlər baxımından ABŞ-dən çox-çox geridə qalır və gəlib ona çatması qeyri-mümkündür. Üstəlik, iqtisadi və strateji baxımdan ABŞ-dən çox Avropanın maraqlarına cavab verən Ukraynanı Rusiyaya qurban verməklə hər kəsin başını özündən 10 min km. uzaqda qatıb özü Venesuela kimi daha yağlı tikəni ələ keçirmək istəyir. Yəqin ki, bu məsələdə Rusiya ilə müəyyən razılıqlara da gəlib. İndiyədək Venesuelanın Rusiya tərəfindən müdafiə olunduğu, hazırda isə Moskvanın bu ölkədə baş verənlərə seyrçi qalması da bu ehtimalı qüvvətləndirir. Üstəlik, Rusiya ilə yaxınlaşmaq ABŞ-yə bu ölkənin də təbii sərvətlərindən birgə yararlanmağa və Çinlə ən yaxın potensial müttəfiqi arasında ayırıcı xətlər yaratmağa vəsilə ola bilər.
Bununla belə, Avropa ölkələrinin Ukraynanın taleyinə biganə qalmayacağı gözlənilir. Çünki ABŞ-nin bu məsələdə başlıca hədəfi təkcə Ukrayna deyil. Ukrayna ilə bərabər Avropadakı qlobalist hakimiyyətlər hədəf seçilib və Rusiyanın bu müharibədə məğlubiyyəti bu hökumətlərin özləri üçün həyati əhəmiyyət daşıyan bir məsələdir. Odur ki, yeni ilin Ukraynaya sülh gətirəcəyinə inanmıram”.\E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”\
Polise.az



