Paris öz vəhşiliyini unutdu, Bakını ittiham etməyə başladı: “Sarı jiletlilər” dosyesi

Fransada küçələr yenidən qaynayır. Bu dəfə etirazların önündə tələbələr və məktəblilər dayanır. Sentyabrın 21-dən başlayan aksiyalar artıq ölkənin müxtəlif şəhərlərinə yayılıb, oktyabrın 6-da isə yüz minlərlə insan küçələrə çıxıb. Etirazçıların tələbləri təhsil sistemindəki problemlərlə-müəllim çatışmazlığı, siniflərin həddən artıq yüklənməsi, məktəb binalarının vəziyyəti və təhsilə ayrılan vəsaitlə bağlı narazılıqlarla əlaqədardır.
Lakin sosial narazılığın miqyası böyüdükcə polis müdaxiləsi də sərtləşib. Gözyaşardıcı qaz, rezin güllələr, saxlamalar, yaralanan yeniyetmələr və küçələrdə qarşıdurmalar Fransanın “insan haqları modeli” haqqında ciddi suallar doğurur.
“Reuters”in məlumatına görə, oktyabrın 6-da 488 nəfər saxlanılıb, yüzlərlə nümayişçi və polis əməkdaşı xəsarət alıb. Ümumilikdə aksiyalar başlayandan bəri saxlanılanların sayı 5 mindən çox göstərilir.
İndi burada söhbət artıq yalnız Fransanın daxili sosial probleminin müzakirəsindən getmir. Çünki illərdir Parisin və Avropadakı bəzi siyasi dairələrin Azərbaycana münasibətdə istifadə etdiyi ritorikanın əsas sözlərindən biri məhz “insan hüquqları”dır. Azərbaycanda baş verən ayrı-ayrı hüquqi proseslər dərhal siyasi müstəviyə çıxarılır, konkret cinayət işləri barədə hökm verilməmişdən əvvəl “siyasi motiv” iddiaları səsləndirilir, Bakıya qarşı bəyanatlar verilir, beynəlxalq təşkilatların diqqəti Azərbaycana yönəldilir. Fransanın özü isə belə ağır sosial və hüquqi sınaqlardan keçərkən eyni meyarın nə dərəcədə tətbiq olunduğu sualını ortaya qoyur.
Fransanın “sarı jiletlər” tarixini bu yerdə xatırlamaq lazımdır. 2018-2019-cu illərdə ölkədə həftələrlə davam edən aksiyalar zamanı polis zorakılığı və etirazçıların saxlanılması beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmuşdu. Təsəvvür edin ki, 2018-ci ilin noyabrından 2019-cu ilin iyuluna qədər 11 203 “sarı jiletli” nümayişçi həbsdən əvvəl saxlanılıb. 2019-cu ildə təxminən 90 jurnalist polis zorakılığının qurbanı olub. Amma bu və ya indinin özündə yaşanan hadisələrdə “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch” kimi təşkilatların “malalamaqdan” başqa fəaliyyətləri müşahidə olunmur.
Bu gün isə Parisdə yenə küçələr doludur, yenə polis müdaxiləsi var, yenə yaralananlar və saxlanılanlar var. Üstəlik, söhbət yalnız siyasi fəallardan deyil, aksiyalarda iştirak edən çoxsaylı azyaşlılardan gedir. Fransanın özünün insan hüquqları təşkilatları vəziyyəti tənqid edir. Belə bir mənzərə fonunda Parisin Azərbaycana insan hüquqları dərsi keçməsi isə riyakarlıqdan başqa bir şey deyil.
Polise.az



