YAP-da yeni ideoloji xətt anonsu

Hakim partiyadan açıqlama: “Bu gün şərtlər dəyişib”
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında partiyanın ideoloji fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
İlham Əliyev partiya qarşısında düzgün ideoloji işin qurulması, bu istiqamətdə yeni və müasir fəaliyyət üsullarından istifadə edilməsi barədə tələb qoyub. Prezident xüsusilə şablonlardan, yalnız hesabat naminə keçirilən tədbirlərdən və formal xarakter daşıyan addımlardan uzaq durulmasının vacibliyini vurğulayıb.
Bu, əslində hakim partiyanın qarşısında yalnız təşkilati deyil, həm də ideoloji və kommunikasiya baxımından yenilənmə vəzifəsinin qoyulması deməkdir. Çünki cəmiyyətin informasiya əldə etmək və siyasi proseslərdə iştirak formaları dəyişib. Xüsusilə gənc nəsillə ünsiyyət artıq yalnız konfranslar, toplantılar və klassik təbliğat vasitələri ilə məhdudlaşmır.
Sosial şəbəkələr, rəqəmsal media və yeni kommunikasiya platformaları siyasi təşkilatlar üçün əsas təsir və ünsiyyət kanallarına çevrilib. Buna görə də Prezidentin “müasir ideoloji iş” çağırışı YAP-ın cəmiyyətlə münasibətlərində yeni metodlara ehtiyac olduğunu göstərən mesaj kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, “hesabat üçün keçirilən tədbirlər” və “formal xarakter daşıyan addımlar” ifadələri diqqətçəkəndir. Bu, yalnız tədbirlərin sayının artırılmasının və görülən işlər barədə hesabatların təqdim edilməsinin kifayət etmədiyi anlamına gəlir. Əsas məsələ ideoloji fəaliyyətin real nəticə yaratması, insanlara təsir göstərməsi və cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsidir. Bu baxımdan qarşıdakı dövrdə YAP-ın ideoloji fəaliyyətində hansı dəyişikliklərin baş verəcəyi maraq doğurur. Partiyanın xüsusilə gənclərlə iş, sosial şəbəkələrdə fəaliyyət, yeni siyasi dil və cəmiyyətlə birbaşa kommunikasiya istiqamətlərində daha çevik mexanizmlər formalaşdırması gözlənilə bilər.
Prezidentin çıxışındakı bu tezis həm də YAP qarşısında “ənənəvi siyasi partiya fəaliyyəti”ndən daha müasir və nəticəyönümlü siyasi təşkilat modelinə keçid məsələsini aktuallaşdırır.
İlham Əliyevin tələbləri hakim partiyanın ideoloji fəaliyyətində ciddi dəyişikliklərin anonsudurmu? YAP cəmiyyətlə, xüsusilə gənclərlə daha effektiv kommunikasiya qurmaq üçün hansı yeni mexanizmlərə keçməlidir.
Polise.az



