Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiyasından danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiya layihəsinin təqdimatından danışıb.
Polise.az xəbər verir ki, bu barədə o, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tarixi Vaşinqton sammiti çərçivəsində hər iki ölkə tərəfindən paraflanıb:
“Sənəd ictimaiyyətə açıqdır və görüşdən iki gün sonra həm Azərbaycanda, həm də Ermənistanda dərc olunub”.
Onun sözlərinə görə, sazişin preambulası və yeddi maddəsi beynəlxalq hüququn universal norma və prinsiplərinə əsaslanır:
“Azərbaycan sənədə yekun imzanı Ermənistanın əsas qanununda ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması şərti ilə atmağa hazır olduğunu əvvəldən bəyan edib”.
Ceyhun Bayramov bu məsələnin nə vaxt həll ediləcəyinin Azərbaycanın deyil, Ermənistanın daxili proseslərindən asılı olduğunu söyləyib.
O, bu gün Ermənistanın Baş nazirinin yeni Konstitusiya mətnini ictimai müzakirə üçün ölkə cəmiyyətinə təqdim etdiyini diqqətə çatdırıb.
Nazir qonşu ölkənin daxili işi olduğu üçün sənədin məzmununa şərh vermək istəmədiyini, Azərbaycanı maraqlandıran əsas məqamın isə yeni Konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının yer almaması olduğunu bildirib:
“İctimaiyyətə açıqlanan məlumatlardan yeni mətndə belə iddiaların nəzərdə tutulmadığı görünür”.
O, bunu müsbət irəliləyiş kimi dəyərləndirib.
Ceyhun Bayramov Ermənistan daxilində prosesin nə zaman yekunlaşacağının həmin ölkənin və cəmiyyətinin qərarından asılı olduğunu vurğulayıb.
Azərbaycanın isə bu istiqamətdəki inkişafları gözləyəcəyini qeyd edib:
“Müvafiq məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında başqa maneə görünmür”.
Polise.az



