Köçəryanın seçkilərdə “qələbəsi” = Ermənistanın tam iflasına

“Qələbəmizə 23 gün qaldı”. Bu özündənrazı bəyanatı Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan dünən bir qrup seçici ilə görüşdə 20 iyun parlament seçkiləri ilə bağlı danışarkən deyib. Əlbəttə ki, sırf PR-a işləyən sözlərdir və yalnızca arzudur. Çünki reallıq tam ayrı şey deyir.

ABŞ-ın nüfuzlu “Gallup” sorğu şirkətinin son rəy sorğuları da göstərir ki, Köçəryan və başçılıq elədiyi seçki blokunun reytinqi son həftələr 1-2 faiz artsa da və Nikol Paşinyanın partiyası bir azca geriləsə də, Ermənistandakı əsas siyasi qüvvələr arasında hakim qüvvəyə rəğbət yenə ən çox (24% həndəvərində) olaraq qalır. Müşahidələr və təhlillər göstərir ki, Köçəryan özünü öldürsə belə, onun dəstəsi 20 iyun seçkilərinin qalibi ola bilməyəcək. Ən yaxşı halda 2-ci yerlə kifayətlənməli olacaq və parlamentdə təzə baş nazir (ölkə rəhbəri) seçkisinə həlledici təsir imkanında olmayacaq.

Köçəryanın siyasi revanşını mümkünsüz edən səbəblər isə əsasən 3-dür.

Əvvəla, erməni cəmiyyəti “Qarabağ klanı”nın bir daha iqtidar olmasını istəmir. Ondan çəkdiyini çəkib. Aydındır ki, o halda indi onsuz da ağır və miskin durumda olan Ermənistanın köhnə kursa – konfrontasiya və müharibə yoluna geri dönüşü riski xeyli artacaq. R.Köçəryanın revanşist bəyanatlarından da görünür ki, o, başqa yolu sadəcə, bacarmır. Çünki qurucu birisi deyil, kriminal aləmin adamıdır, mafiozdur. Cəmiyyət isə müharibədən, qarşıdurmalardan bezib.

İkincisi, Köçəryan erməni toplumu üçün “oxunmuş kitab”dır, “bağlı boğça” deyil. Sadə erməni seçicisi onun hakimiyyəti dövründə ölkədə korrupsiyanın necə çiçəkləndiyini, əsas hüquq və azadlıqların necə kobud şəkildə pozulduğunu, hansı qalmaqallı kriminal olayların baş verdiyini yaxşı xatırlayır. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentindəki gülləbaranın arxasında da, 2008-ci ildə hakimiyyəti Sərkisyana “seçkilər” yolu ilə ötürərkən İrəvanda 8 nümayişçinin güllələnməsinin arxasında da ovaxtkı prezident Robert Köçəryanın durduğuna az adam şübhə edir.

Üçüncüsü, Köçəryanın və onun layiqli davamçısı Serj Sərkisyanın üst-üstə 20 illik (10+10) iqtidarı dönəmində Ermənistanın sosial-iqtisadi inkişafı önündə əsas əngəl olan və ölkəni blokadada saxlayan Qarabağ probleminin həlli üçün heç bir ciddi iş görülmədi. Əksinə, Qarabağ klanı maksimalist mövqeyi ilə onu bir az da qəlizə saldı, danışıqlar prosesini mənasız elədi. O dərəcədə ki, Nikol Paşinyan hökuməti artıq cızılmış “tilsimli dairə”dən kənara çıxmağı bacarmadı, sərt gerçəkliklə üzbəüz qaldı, çünki erməni toplumu nəinki keçmiş DQMV-nin, onun ətrafındakı 7 rayonun da tezliklə Ermənistana birləşəcəyinə az qala inanmışdı. Daha doğrusu, inandırılmışdı. Sonrası məlumdur.

Yəni 44 günlük müharibədə iflas edən ən əvvəl Köçəryan-Sərkisyan siyasi-kriminal cütlüyünün 30 illik “miatsum” strategiyası idi. Bu ideya gorbagor oldu və ona geri dönüş mümkün olmayacaq. Azərbaycan Prezidentinin təbirincə desək, 2-ci Qarabağ müharibəsində 10 min fərarisi ilə birgə darmadağın edilən də Paşinyanın yox, Köçəryan-Sərksiyanın qurduğu ordu idi. Erməni cəmiyyətinin böyük bir kəsimi bütün bunlara artıq əmin olub. Cəmiyyətdə Paşinyana hələ də ən böyük rəğbətin olmasının aparıcı səbəbi bu.

Qısası, Köçəryanın “havası” artıq çalınıb. Onun hansısa iqtisadi möcüzə yaradacağına da ağlı başında olan erməni inanmaz. Səbəblər sadalandı. Köçəryanın iqtidara qayıdışı əslində erməni xalqı üçün yeni fəlakət demək olardı. Bu, “qələbə” şübhəsiz, Ermənistanın tam iflasa gətirəcək. Həm də o səbəbə ki, Azərbaycanın, onun rəhbərliyinin bu hərbi caniyə münasibəti bəllidir və arada Nikola tanınan hansısa xırda şans Köçəryana əsla tanınmayacaq – xüsusən də hərbi zəfərimizdən sonra. Altını isə Ermənistan və onun xalqı çəkəcək.

Erməni xalqı indi bunu istəyirsə, buyursun, 22 gün sonra öz yaralı ayağına bir də güllə atsın – Köçəryanı baş nazir eləsin…

Hamısını Göstər

Related Articles

Back to top button