Bakının “diversant qarşılığında mina xəritələri’’ taktikası
Ermənistanın mina xəritələrini verməyə məcbur edilməsi ölkənin əsas gündəm mövzusu olaraq qalır. “Yeni Müsavat” yazır ki, Azərbaycanın əlində hərbi əsirlər, əslində isə erməni terroristləri olmasaydı, Ermənistanı bu addıma vadar etmək mümkünsüz görünürdü.
Bu baxımdan dövlətin və diplomatiyamızın ‘’əsirlərə qarşılıq mina xəritələri’’ taktikası təqdirəlayiqdir. İndiyə qədər üç rayon üzrə təxminən 200 min minanın xəritəsi əldə edilib. Bu prosesdə gələcəyə hesablanmış incə bir gediş də var. Bunu da Azərbaycan dövləti böyük ehtimalla, yaxın gələcəkdə istifadə edəcək. Bu, aşağıdakı məqamdır: əslində bu xəritələr Ermənistanın suveren ərazilərimizdə cinayətlər törətdiyinin birbaşa sübutudur! Rəsmi Bakı bu xəritələrdən istədiyi an İrəvana qarşı beynəlxalq məhkəmələrdə ittiham aktı kimi istifadə edə bilər! Onun BMT tərəfindən tanınmış ərazilərini minalamaq və bu minaların xəritələrini vermək Ermənistanı felən və rəsmən suçunu etiraf etmiş duruma gətirib. Düşmən dövlət məhz bu perspektivdən çəkinərək, ‘’bizdə xəritə yoxdur”, deyə israrla inkar edirdi. Lakin Azərbaycan ağıllı taktika ilə bu prosesi istədiyi, sərf edən nöqtəyə gətirə bildi.
Məhz bu məqamda ortaya mühüm bir sual çıxır: verilən xəritələr nə dərəcədə həqiqidir? Keçmiş erməni məmurlarından biri deyib ki, Bakı çox da sevinməsin. Yəni bu, 100 faizlik mina xəritələri deyil. Bəs Rusiyanın zəmanəti? Müdafiə Nazirliyi bildirmişdi ki, Ağdam rayonunun mina xəritələrin həqiqiliyi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ancaq hələ də rəsmi məlumat yoxdur. Mediada dolaşan məlumatlara görə, xəritədəki məlumatlar 70-80 faiz nisbətində doğrudur. Bunun özü isə ciddi bir nəticədir. Bu arada Füzulidə minalanmış ərazilərdə yanğınlar başlayıb. Yanğınlar bitəndən sonra mina təmizləmə işində əlavə çətinliklər yaranması mümkündürmü?
Erməni Telegram kanalları Paşinyanın bu hərəkətini ciddi tənqidlərə məruz qoyublar. Əlbəttə, erməni terrorçuların geri qayıtması alqışlansa da, xəritələrin verilməsini çox böyük səhv adlandırırlar. Hətta bildirirlər ki, Paşinyan 15 erməninin əvəzində Azərbaycanı milyonlarla dollardan çox qabağa salıb. Erməni cəmiyyətində Paşinyanı Azərbaycanın agenti hesab edənlər də az deyil. Bəzi erməni siyasətçi isə bildirir ki, bu xəritə adi bir kağızdır, minaları bir yerə basdırıb, xəritədə digər yeri qeyd etmək bunların xislətidir.
Asim Mollazadə: “Hər şey yoxlanılacaq, Ermənistan digər rayonların mina xəritələrini də verməyə məcbur ediləcək”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, hər şey yoxlanılacaq, araşdırma aparılacaq. Onun sözlərinə görə, Ermənistan digər rayonların mina xəritələrini də verməyə məcbur ediləcək: “Ermənistan minlərlə hərbi cinayət törədib, beynəlxalq hüququ pozub, heç birinə cavab verməyib. Çünki dünyada haqq-ədalətə riayət olunmur. Ona görə Azərbaycan məcbur oldu ki, özü BMT qətnamələrini icra etsin. Mina xəritələrini verməyə də onları məcbur edirik. Ermənistan bizim ərazi bütövlüyünü tanımağa da məcbur ediləcək, əks halda, İrəvan tərəfdən heç bir addım atılmayacaq”.
Qabil Hüseynli: “Rusiya imkanı ola-ola niyə bütün mina xəritələrini alıb vermir?”
Professor Qabil Hüseynli xəritələrin saxta olması haqda fikri bölüşməkdə çətinlik çəkir. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bu xəritələr tələm-tələsik saxtalaşdırılıb verilə bilməzdi: “Bununla həm də Rusiyanın imicinə zərbə dəymiş olar. Əslində beynəlxalq konvensiyaya görə, nəyinsə qarşılığında xəritələr verilməməlidir, müharibə başa çatan kimi təmənnasız verilməlidir. Amma Ermənistan beynəlxalq hüquq normalarına etinasızlıq nümayiş etdirib”.
Politoloq hesab edir ki, xəritələrin saxta olmasından daha çox düşündürücü bir məqam var, Rusiya imkanı ola-ola niyə bütün mina xəritələrini alıb vermir: “Rusiyanın təsir imkanları böyükdür və burada söhbət insan həyatından gedir”.
Qulamhüseyn Əlibəyli: “Erməni xislətində hər şeyi saxtalaşdırmaq var, amma…”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, ermənilərin təbiətinə baxanda onlardan hər şeyi gözləmək olar: “Çünki erməni xislətində tarixi, mədəniyyəti, hər məsələni saxtalaşdırmaq var. Bu mənada biz mina xəritələrini istisna etmirik. Amma Ağdam xəritələrində bir narahatlıq olmadı. Əgər hər hansı saxtakarlıq faktı ortaya çıxsaydı, açıqlanardı. Ona görə düşünmürəm ki, Füzuli və Zəngilanın mina xəritələrində bir problem olsun. Nəzərə almaq lazımdır ki, Rusiya bu məsələdə zəmanət verir”.
Partiya sədrinin fikrincə, Ermənistan işğaldan azad edilən ərazilərdə minalar partlaması və insan həyatına son qoyulması hallarının tez-tez təkrarlanması üçün xəritələri vermirdi: “Bununla onlar hesablayırdılar ki, Azərbaycanda bir narazılıq yaratsınlar. Amma Bakı əsirlərin qaytarılması müqabilində mina xəritələrini aldı. Sadəcə, məhkəmənin sonuncu təhvil verilənləri terrorçu saymaması təəssüf doğurdu. Məhkəmə hesab etdi ki, onlar sərhədi qanunsuz keçiblər. Bununla belə, mina xəritələrinin alınması müsbət haldır. Səhv etmirəmsə, hələ daha 30 diversant var və onları qaytarmaq qarşılığında digər ərazilərin mina xəritələrini də almaq mümkündür”.
Elxan Şahinoğlu: “Mümkündür ki, bu xəritələrin xaricində basdırılan minalar da var”
Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmayıb: “Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk dəfə idi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr və əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi”.
Analitikin sözlərinə görə, minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur: “Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var və qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək, erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik. Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir və bu, gələcək planlarımızın – köçürülmənin və inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin sayı 30-35 min arasındadır, bunu özləri də etiraf edirlər. Qarabağa köçürüləcək yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq”.