Nikolun ardınca Araik də Moskvaya gedir, nə məsələdir?..

Xankəndi separatçılarının başçısı, Azərbaycanın ötən il beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə “Qraparak” qəzeti yazıb. Erməni nəşrinin iddiasına görə, Moskvada o, “növbədənkənar seçki” imkanlarını da müzakirə edəcək.

Maraqlıdır ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinayn Moskva səfərindən, Putinlə görüşdən qayıdar-qayıtmaz, dünən İrəvanda Araiklə bir araya gəlib. Araikin Moskvaya gedəcəyi haqda xəbər də bundan az sonra yayılıb.

Erməni mediası yazıb ki, Arutunyanla görüşdə Nikol Paşinyan “Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi gündəmimizin əsas məsələsi olaraq qalır” söyləyib. “10 noyabr 2020-dən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verdilər və bu mövzunu işlək bir gündəm kimi fiksə elədilər. Biz həmçinin öz addımlarımızı dəqiqləşdirməli, yeni şəraitdə müəyyən strategiyaya izləməli və hədəflərimizə çatmağın istiqamətlərini qeyd etməliyik”, – deyə Paşinyan böyük ehtimalla erməniləri sakitləşdirməyə çalışıb. Çünki bu siatatdan hasil olan ilkin qənaət belədir ki, Putinlə görüşdə o, status məsələsini qaldırmağa cəhd göstərsə də, umsuq edilib. Ona görə ki, Rusiya üçün “status mövzusu” yumşaq desək, aktual deyil.

Bunun da baş səbəbi Azərbaycanın mövqeyi ilı bağlıdır. İş ondadır ki, Kreml “statusun gorbagor olduğunu” dönə-dənə bəyan edən Prezident İlham Əliyevin prinsipial mövqeyindən yaxşı xəbərdardır və hazırda bölgədə şərtləri diktə edən Bakı ilə belə mənasız mövzuya görə münasibətləri korlamaq, başını ağrıtmaq istəməz. Daha bir səbəbə: 44 günlük müharibədən sonra regionda Rusiyanın özünün də hərbi-siyasi dayaqları xeyli kövrək hala gəlib.

Yada salmaq yerinə düşər: Rusiya XİN rəhbəri Sergey Lavrov lap yaxınlarda bildirmişdi ki, “ bu məsələ aktual deyil və yalnız köçkünlər öz yurd yerlərinə qayıdandan sonra, iki icma arasında insani münasibətlər tam bərqərar olanda öz-özünə həllini tapacaq”. Yəni Lavrov bununla əslində onu bezdirən erməni tərəfini başından eləmişdi. Düz də eləmişdi. Çünki ağlı başında olan diplomat, siyasətçi yeni gerçəyi görməzlikdən gələ bilməz…

Qəmlonun təbirincə desək, “Nə status, hansı status, ə?” Gözünüzü, nəhayət, açın: 10 noyabrdan sonra gündəmi artıq nə İrəvan diktə edir, nə də Xankəndi. Hətta heç Moskva da həlledici söz sahibi deyil. Gündəmdə bu dəqiqə kapitulyasiya sənədinin müvafiq bəndlərinin icrasıdır – Zəngəzur dəhlizidir, Qarabağda qalmış və Araikin “özünümüdafiə ordusu” adlandırdığı erməni quldur dəstələrinin qalıqlarının tərksilah olunması məsələsidir.

Əfsus ki, erməni tərəfində hələ də nağıllara inananlar az deyil. Elə müəyyən mənada Paşinyan, quldurbaşı Araik kimi. Paşinyanla görüşdə sonuncu “artsax”ın ən vacib probleminin təhlükəsizlik və statusla bağlı olduğunu” söyləyib. Bu erməni itinin iddiasına görə, müharibəyədək mövcud olmuş statusla bağlı prinsip guya hələ də Minsk Qrupunun gündəliyində dəyişməz olaraq qalır. “Biz bunu (status məsələsini – Z.S.) daim gündəmdə saxlamağa çalışmalıyıq. Artsaxın müstəqillik yoluna alternativ olmadığına dair sizin və bizim açıqlamalarımız onu sübut edir ki, mübarizəmizi davam etdirməliyik” – Arutunyan yenə kifli leksikonda çərənləyib.

Görün ardınca o, bir az da irəli gedərək və fantaziyasını işə salaraq, öz aləmində Paşinyanə əmin edərək nə sarsaqlayıb: “Özünümüdafiə ordusu və sülhməramlı qüvvələr vəziyyətə birlikdə nəzarət edir. Coğrafiya mürəkkəbdir, amma xoşbəxtlikdən heç bir ciddi narahatlıq olmayıb”.

“Ac toyuğun yuxuda darı görməsi” məsələsi. Sən demə, bu da özünü sayılıb-seçilən adamlar cərgəsində görür, özünü adam yerinə qoyur. Halbuki indi heç Ermənistanı, Paşinyanı saya salan yoxdur. Araikin özünün taleyi isə neçə vaxtdır sapdan asılıdır. Heç bir “özünümüdafiə ordusu”-filan da təbii ki, mövcud deyil. Ümumiyyətlə isə anklavdakı erməni əhalinin taleyi, Araik-maraik də qarışıq, yüzdə yüz rus sülhməramlılarının ümidinə qalıb.

Azərbaycan türməsinin çoxdan darıxdığı separatçı-terrorçubaşının nə sayıqlamasına rəğmən, əlbəttə ki, yeni reallığı Paşinyan da əla bilir. Diqqət edin, Araiklə görüşün keçirildiyi otaqda yalnız Ermənistan bayrağı var. Ancaq bizim Vətən müharibəsinə kimi analoji təmaslar zamanı Ermənistan bayrağı ilə yanaşı, oyuncaq rejimin əski parçası da qoyulardı. Bundan əlavə, yenə məhz Vətən müharibəsinə kimi Ermənistan rəhbərləri hər seçkidən sonra ilk səfərlərini Moskvaya etsələr də, ardınca işğal altındakı Xankəndiyə baş çəkərdilər.

Qısası, vaxt vardı, düşmənin qılıncının qəbzəsi də kəsirdi. Getdi o dövran! Müzəffər ordumuz onları Qarabağa həsrət, status-dövlət arzularını gözündə qoydu. İngilis konfliktoloq Tomas de Vaal demişkən, “İrəvan son 3 onilliyin layihəsini – işğal elədiyi Dağlıq Qarabağda yeni erməni dövləti qurmaq layihəsini unutmalı oldu”. Həm də həmişəlik…

P.S. Görəsən Araik Moskvaya bu dəfə hansı pasportla gedir – Ermənistanın, yoxsa Rusiyanın? Hər iki halda Rusiya hüquq-mühafizə orqanları onu tutub Azərbaycana təhvil verməyə borcludur. Hüquqi yardım haqda ikitərəfli müqaviləni bildiyimiz qədər heç kim ləğv eləməyib…

Hamısını Göstər

Related Articles

Back to top button