Lukaşenko həyatda qalma mücadiləsi verir – “Həm Putinin, həm də Avropa Birliyinin səbri tükənməyə başlayıb”
Belarusda prezident seçkiləri yaxınlaşdıqca, gərginlik daha da artır. Hazırda Lukaşenkonun idarəetmə üsuluyla bağlı tənqidi fikirlər daha çox səslənməyə başılayıb ki, bunun da təsadüfi olmadığı sözsüzdür. Burada söhbət təkcə onun sərt rejim yaratmasından və ya insan hüquqlarına yetərincə riayət etməməsindən getmir. Lukaşenkoya qarşı təzyiqlərin artmasının arxasında bunlarla yanaşı geosiyasi motivlər var.
Əsas problem Lukaşenkonun Rusiya asılılığından qurtarma meyli ilə bağlıdır. Belarus prezidenti Rusiyanın istəklərinin və iştahının nədən ibarət olduğunu yaxşı anlayır və ona görə də itaət etməkdən boyun qaçırır. Bəllidir ki, Kreml müxtəlif üsullarla sovet respubliklarını öz caynağında saxlamağa çalışır. Və görünür, Vladimir Putinin bu istiqamətdə hansısa daha böyük planları var. Rusiya konstitusiyasına edilən son dəyişikliklərdə də neoimperiya ehyamlarına rast gəlirik.
Hazırda isə Putinin şəxsi aşbazı Yevgeni Priqojinin himayəsindəki “Vaqner” özəl hərbi dəstəsinin üzvlərinin Belarusa yollanması vəziyyətin ciddi şəkildə kəskinləşməsinin göstəricisidir.
Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, sadə xalq Lukaşenko hakimiyyətindən heç də tam razı deyil. Rusiyanın Belarusa qarşı iqtisadi təzyiqləri bu ölkənin gəlirlərinə ciddi təsir göstərib. Ona görə də əhalinin rifahı zəiflədiyidən hakimiyyətə qarşı narazılığı da artır.
Və bütün bunların fonunda avqustun 9-da keçiriləcək seçkinin əhəmiyyəti daha da artır. Hazırda Belarusdakı seçkiqabağı vəziyyət dünya mətbuatının diqqət mərkəzindədir.
Böyük Britaniyanın məşhur “The Times” qəzeti “Avropanın son tiranı həyatda qalma mücadiləsi verir” başlıqlı məqaləsində Belarusdakı seçkiqabağı durumu dəyərləndirib.
Həmin məqaləni qısa ixtisarla diqqətinizə çatdırırıq: “İndi qadınlar Belarusun kobud prezidentinə ciddi şəkildə meydan oxuyurlar və hətta onun 26 illik amansız hakimiyyətini devirməkdə qərarlıdırlar. Bəs onlar saxta seçkilər və gizli polisin əli ilə qanuniləşdirilən dikataturaya necə son qoymağın yolunu tapa biləcəklərmi?
Yenidən seçilməsini təmin etmək üçün Lukaşenko heç bir maneə tanımır. Məsələn, belarusların narazılıqları barəsində özünün “YouTube” kanlalında mütəmadi veriliş hazırlayan videobloqer və seçkidə namizədliyini irəli sürmüş Sergey Tixanovski həbs edilərək istintaq təcridxanasına salınıb ki, onun qeydiyyat vaxtının müddəti bitsin.
Lakin qeydiyyata alınmayan Sergey Tixanovskinin yerini onun hiddətlənmiş həyat yoldaşı Svetlana Tixanovskaya tutub. Bütün ölkə üzrə seçkiqabağı kampaniyada məhz o, Lukaşenkonun əsas rəqibinə çevrilib. Svetlana Tixanovskayanın açıq havadakı mitinqlərinə on minlərlə insan yığışır.
Digər qadın namizəd isə Anna Kanopatskayadır. Beləliklə, qadın namizədlər sübut edirilər ki, müxalifətçiləri bir-birinə qarşı qoymaq kimi klassik avantürist metod artıq işləmir. Düzdür, dövlət televiziyası Lukaşenkonun “cibindədir”, lakin bu televiziya ümümi ictimai rəyə nəzarəti itirib və seçkilərin gedişinə rejissorluq edə bilmir.
Lukaşenko teledebatlardan da yayınır və onun motivi isə belədir: “Mən istənilən halda qalib gələcəm, ümumiyyətlə isə, bu nəyə lazımdır?” O ki qaldı dövlətin başında qadının dayanması məsələsinə, Lukaşenko hesab edir ki, cəmiyyət hələ bunun üçün yetişməyib.
Müşahidəçilərin əksəriyyəti saxtakarlığın hər mərhələdə – seçki məntəqəsində, səslərin sayılmasında və məhkəmələrdə olacağını gözləyirlər. ATƏT-in müşahidəçi qrupunun seçkilərə buraxılacağı ehtimalı azdır. Svetlana Tixanovskaya öz tərəfdarlarına müraciət edib ki, səs verənləri canlı yayımla göstərsinlər. Onun kampaniyası “ağıllı səsvermə” üzərində qurulub və təşviqatda deyilir ki, əgər Lukaşenkodan yaxa qurtarmaq istəyirsinizsə, onda siyasi baxışlarınızdan asılı olmayaraq, Tixanovskaya səs verin.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, belaruslu yazıçı Svetlana Aleksieviç hesab edir ki, Lukaşenkonun idarəetməsi zamanı dövlətin üzərinə böyük tələblər qoyan yeni nəsil yetişib. Bu, koronavirus pandemiyasında özünü daha yaxşı büruzə verdi. İlk əvvəl Lukaşenko koronavirus infeksiyasını kütləvi psixoz adlandırdı, amma bu yaxınlarda o, özünün də yoluxduğunu etiraf edib. S.Aleksieviç deyib: “O, fikirləşirdi ki, sakitcə xalqı aladadacaq, lakin bu, baş tutmadı”.
Covid-19 pandemiyasının inkar edilməsi digər avtoritar dövlətlərdə də müşahidə olunur. Nə vaxt ki, dövlət təhlükəsizliyi vətəndaşların sağlamlığından üstün tutulur, onda ictimai dəstək ortadan qalxır, xüsusən də qadınlar arasında. Digər tərəfdən, keçmiş kolxoz sədrinin mikroblardan patoloji qorxusu var və elə ona görə də gərək o, pandemiyaya daha diqqətli yanaşaydı.
Lukaşenko cəmiyyəti düşüncəli şəkildə parçalayır. O, fikirləşir ki, belə olan təqdirdə müxaifət də parçalanacaq. Son 15 ildə Belarusdan 750 min insan mühacirət edib, onların uşaqları isə əsasən baba və nənələrinin himayəsində evdə qalırlar. Xaricə köçün qarşısını Rusiya enerji daşıyıcılarından asılı hala salınmayan iqtisadiyyat saxlaya bilərdi.
Lukaşenkonun uzun müddət ərzində ayaq üstə durmasının səbəbi onun Putin Rusiyası və inadcıl Avropa Birliyi arasında manevr etmək istedadından qaynaqlanıb. Amma həm Putinin və həm də ki, Avropa Birliyinin səbri artıq tükənməyə başlayıb. Avropa Birliyinin insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılmasıyla bağlı tələbinə məhəl qoyulmur, Lukaşenkonun Rusiya ilə ittifaqdan boyun qaçırması isə Putini qıcıqlandırır. Əgər Lukaşenko 9 avqust seçkisində qalib gələrsə, onun imkanları xeyli məhdudlaşdırılacaq. O, bundan sonra nə Putinin xoş məramına, nə də ki, Avropa Birliyinə güvənə bilməz. Axı, Avropa Birliyi yeni peyda olacaq müxalifəti dəstəkləyəcək.
Digər tərəfdən, Lukaşenkonun Çinə arxalanacağını inkar etmək olmaz. Çünki Pekin Belarusa Avropadakı yeganə sosialist ölkəsi və həm də Avropa Birliyi bazarına açılan qapılardan biri kimi baxır. Çin Belarusun inkişaf bankına 15 milyard dollarlıq kredit xətti təqdim edib. Lukaşenko yaxşı bilir ki, Çinlə həyata keçiriləcək ticarət dövriyəsi Rusiyanın yerini verməyəcək, amma o, bu gedişdə sərfəli strateji mövqe tutmağın əsas elementini görür. O ki qaldı Lukaşenkonun “yöndəmsiz-kişiyana” siyasətinə, burada o, öz məharətini işə salmağı bacarır.
Bu arada Tixanovskaya və onun həmkarları bütün siyasi və iqtisadi dustaqların azad olunmasını tələb edirlər. Müxalifətçi qadın namizədələr hakimiyyətə gələcəkləri təqdirdə yeni azad və ədalətli seçkilər keçirəcəklərinə söz verirlər. Bu, əhəmiyyətli bir addım sayılır.
Həmçinin, Belarusda Lukaşenko hakimiyyəti dövründə yaxşı güzəran keçirən polis və ordunun yeni hökuməti necə qəbul etməsindən çox şey asılıdır. Əgər yeni mərhələyə keçid qansız və sakit baş verərsə, onda bütün dünyanın nəzərləri onların üstündə olacaq.
Avropanın özünə yad saydığı Belarus dövləti sadə səsvermə yoluyla dikatatorun necə devrilməsini göstərə biləcəkmi?…”