“Azərbaycana mənasız danışıqlar lazım deyil” -…Müharibə qaçılmazdır !
Dünən günorta saatlarında Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Əslində bu, hər gün, hər gecə olur. Lakin ardınca Ermənistan ordusu Tovuz rayonunun Ağdam kəndi yaxınlığında olan neytral zonada yanğın törədib. Hadisə düşmənin artıq sayını itirdiyimiz növbəti təxribatıdır.
Ermənilər bu davranışları ilə psixologiyası pozulmuş insanları xatırladırlar – hər şeydən bezmiş, məqsədsiz adamlar kimi başqalarını qıcıqlandırır və məhv olmaqdan ötrü bəhanə axtarırlar.
Düşmənin ard-arda törədilən təxribatları barədə millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”ın suallarını cavablandırıb:
-Sözügedən növbəti təxribat barədə nə düşünürsünüz?
-Belə addımlar Ermənistanın işğalçı dövlət siyasətinin elementlərindən biridir. Rusiya Xarici İşlər Nazirliyinin təbirincə desək, onların Tovuz təxribatlarının məqsədi nəzarət-keçid məntəqəsini ələ keçirmək idi. Təbii ki, bunun qarşısı alındı. Odur ki, növbəti təxribat gözlənilən idi. Düşmən uğursuzluğun əvəzini çıxmaq istəyirdi. Amma tək səbəb bu deyil.
-Başqa hansı amillər var?
-Ermənistan özünü cəzasızlıq mühitində hiss edir. Əslində, doğrudan da, belədir. ATƏT-in Minsk qrupu nə Tovuz təxribatı, nə Gəncə, Mingəçevir təhdidləri, nə Dağlıq Qarabağa ermənilərin köçürülməsi, nə də orduya muzdluların cəlb olunmasına reaksiya verdi. Əlbəttə, bu susqunluq da işğalçını ruhlandırır. ATƏT-in Minsk qrupu özünün vasitəçilik mandatına uyğun davranmır. Sadəcə seyrci mövqeyi tutur.
-Belə bir durumda biz nə etməliyik?
-İşğalçı ilə layiq olduğu dildə danışmaq lazımdır. Biz Ermənistanı beynəlxalq hüquq normalarına uymağa məcbur edə bilərik. Özü də çox rahatlıqla. Düşmən Azərbaycanın ərazi bütövlüyünü pozur, qeyri-qanuni məskunlaşmalar aparır…Deməli, ciddi sanksiyalar qüvvəyə minməlidir.
-Axı haqqında danışdığınız dinc vasitələr otuz ilə yaxındır heç bir işə yaramır…
-Bəli. Mənasız danışıqlar heç kimə lazım deyil. Xüsusilə də Azərbaycana. Əgər beynəlxalq qurumlar bizim çağırışlarımıza, ermənilərin təxribatlarına məhəl qoymursa, deməli, regionda genişmiqyaslı hərbi əməliyyatların başlanması realdır.
Özü də yaxın gələcəkdə. Hər halda baş verən hadisələr bu prosesi şərtləndirir. Status-kvonu saxlamağa hesablanan addımlar davam etdikcə müharibə qaçılmazdır. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək hüququndan yararlanacaq.