Bir il sonra: “Dərhal Qarabağda müharibənin qaçılmaz olduğunu düşündüm” – Metyu Brayza ilə müsahibə
Qarabağda Vətən Müharibəsinin başlamasının ildönümünə bir həftədən də az vaxt qalıb. Bu günlərdə Ermənistan mediasında Ermənistanın Azərbaycanla 2022-ci ilin yanvarına qədər sülh müqaviləsi imzalamağa razı olacağı barədə təsdiqlənməmiş məlumatlar yayılmağa başlayıb.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Oxu.Az-a müsahibəsində ötənilki müharibəyə toxunaraq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əslində iki il əvvəl müharibənin qaçılmaz olduğunu demişdi:
“O, özü əvvəlki “Sülh müqabilində ərazilər” formulundan imtina edərək bu prinsipin artıq etibarlı olmadığını bəyan etdi və Azərbaycanın daha çox torpaq itirəcəyi gümanı ilə “Yeni müharibə – yeni ərazilər” şüarı altında Ermənistanın yeni yanaşmasını səsləndirdi.
Ermənistanda belə bir bəyanat verilən kimi dərhal müharibənin qaçılmaz olduğunu düşündüm. Belə təəssürat yaranmışdı ki, sanki Nikol Paşinyan bu savaşın başlamasını istəyirdi. Niyə? Bilmirəm. Bəlkə də səriştəsiz müşavirləri vardı və Ermənistanın lideri ordusunun qələbəsinə əmin idi. Amma yenə də deyirəm, o bu müharibəni istəyirdi”, – deyə Metyu Brayza bildirib.
– Keçən ilki müharibə nə ilə yadınızda qalıb?
– Azərbaycan ordusu yeni Türkiyə və İsrail texnologiyalarından istifadə etməklə, həmçinin Pakistan təcrübəsini mənimsəyərək dağlarda yeni döyüş taktikaları ilə tez bir zamanda və səmərəli zəfər əldə etdi. Şuşanı fəth edən hərbçilərin cəsarəti isə xüsusi diqqətə layiqdir!
Bundan əlavə, Prezident İlham Əliyev Şuşa azad edildikdən sonra münaqişənin hərbi mərhələsinə son qoymaq qərarı ilə çox vacib qərar verdi. Axı o bilirdi ki, Azərbaycan qalib gəlib. Beləliklə, bir çox hərbçinin və mülki şəxsin həyatı xilas edildi.
Azərbaycanın Kəlbəcər bölgəsini işğal edən ermənilərə təxliyə müddətinin uzadılmasına icazə verməsi də məni heyran etdi. Bakı humanitar yardıma yol açdı. Ən əsası isə lazım olanda təbii qazın öz ərazisindən (Ermənistana – red.) keçməsinə imkan verdi. Bakı dünyaya humanitar hüquqa riayət edərək beynəlxalq qanunlara uyğun olaraq necə müharibə aparılacağını göstərdi.
Azərbaycan hökuməti ermənilərin Qarabağda qalmasını və azərbaycanlılarla qonşu olaraq birlikdə yaşamasını istəyir. Bütün bu məqamları çox vacib hesab edirəm.
– Müharibənin başlamasından təxminən bir il keçdi. Azərbaycan və Ermənistan böyük sülhə yaxındırmı? Ölkələr arasında tezliklə sülh müqaviləsinin imzalanmasını gözləmək olarmı? Erməni müxalifəti qəti şəkildə buna qarşı çıxır və hətta etiraz aksiyaları hazırlayır…
– Yaxın gələcəkdə elə qeyd etdiyiniz səbəbə görə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalamağın mümkünlüyünü görmürəm. Hazırda Ermənistanda bir çox siyasətçi, müxalifət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın rədd edilməsini tələb edir. Onlar hətta bunun əleyhinə olduğu təqdirdə, necə demək olar ki, tezliklə sülh müqaviləsi imzalanacaq?
Eyni zamanda Nikol Paşinyanın sülh müqaviləsi imzalamaq istədiyi fikri ilə razıyam və buna görə də bu mövzuda nikbinliyimi bir qədər saxlayıram. Bundan əlavə, o, iyun ayında keçirilən növbədənkənar parlament seçkilərində qalib gəldi və müharibədə məğlubiyyət üzərində oyun quran müxalifəti qabaqladı. Erməni müxalifəti real vəziyyəti qiymətləndirmir, Ermənistan əhalisi üçün nəyin lazım olduğunu düşünmür.