İqor Dmitriyev: “Fransa artıq Ermənistanı dəstəkləmir, Azərbaycan daha maraqlıdır” – Müsahibə
İrəvan danışıqlar prosesini ləngidir və bu indi bir sıra regional güclərin Cənubi Qafqazdakı mübahisələrin həllində maraqlı olması fonunda baş verir.
Bu barədə Rusiyalı politoloq İqor Dmitriyev Oxu.Az-a müsahibəsində danışıb:
– Hazırda Rusiya, Türkiyə, İran və bir sıra Avropa ölkələrinin, o cümlədən İtaliyanın, hətta Fransanın da maraqlarının üst-üstə düşdüyü nadir vəziyyət mövcuddur. Onlar üçün ən mühümü Türkmənistandan, İrandan, Azərbaycandan Balkan vasitəsilə Cənubi Avropaya xammal çatdıran neft və qaz kəmərlərinin tam gücü ilə işləməsidir, ancaq İrəvana görə nəqliyyat dəhlizlərinin uzunmüddətli bağlanması buna mane olur. Nəticədə Ermənistan hökuməti hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çatan suqsvanq mövqeyində qalıb. Artıq İrəvanın həmişə ümid etdiyi və buna görə də sülh prosesini sabotaj etdiyi Fransadan belə xarici dəstəyi yoxdur. Digər tərəfdən, hakimiyyət bu təxribatdan imtina edilərsə, Rusiyadakı “Qarabağ klanı”na dəstək verən zəngin və nüfuzlu erməni diasporu tərəfindən devrilmə cəhdlərindən qorxur. Hazırda onların əlaltıları eks-prezident Robert Köçəryandır, bu yaxınlarda isə siyasi karyeraya başlamaq və ola bilsin ki, Ermənistan prezidenti olmaq niyyəti barədə diasporun çox nüfuzlu nümayəndəsi olan rusiyalı milyarder Ruben Vardanyan bəyan etmişdi.
Nikol Paşinyan özünə təhlükə hiss edir, buna görə vurnuxur, danışıqların gedişində siyasi və iqtisadi dividendlər əldə etmək üçün sövdələşməyə çalışır. Amma heç nə alınmır, buna görə də danışıqlar prosesini imitasiya edən İrəvanın hər növbəti addımı onun mövqeyini daha da pisləşdirir.
– Dediniz ki, Ermənistan suqsvanq vəziyyətdədir və hər növbəti addım onun vəziyyətini daha da pisləşdirir. Paşinyanın parlamentdənkənar qüvvələrin nümayəndələri ilə qapalı görüşü də belə bir gediş sayıla bilərmi, hansı ki, bu görüşdə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması, Ermənistanın Avropaya inteqrasiyası prosesi (bu barədə Ermənistan KİV-i məlumat yayıb) müzakirə olunub? Orada getdikcə daha çox, o cümlədən həmin parlamentdənkənar qüvvələr tərəfindən anti-Rusiya ritorikası eşidilir. Eyni zamanda, elə Ermənistanın özündə bir çox ekspertlər başa düşürlər ki, Rusiya Federasiyasının dəstəyi olmadan o, sadəcə olaraq dövlətçiliyini itirə bilər.
– Hesab edirəm ki, Paşinyan elə bir vəziyyət yaratmağa çalışır ki, anti-Rusiya radikalları fonunda Kreml qarşısında “mötədil mərkəzçi” kimi görünsün. Ancaq inandırıcı görünmür. Axı biz radikal revanşist “Milli Demokratik Qütb” blokuna daxil olan “Sasna Tsrer” partiyasının əvvəllər Paşinyanı dəstəklədiyini, müttəfiq olduqlarını və birlikdə ölkədəki vəziyyəti silkələdiklərini unutmamışıq.
– Ermənistanın KTMT və Aİİ-dən çıxması mümkündürmü? Axı Paşinyan özü də, ətrafı da qərbyönümlü şəxslərdir, Corc Sorosun yetirmələridir və onlar hələ hakimiyyətə gəlməmişdən əvvəl belə bir gələcək haqqında danışırdılar.
– Düşünmürəm. Ermənistanın KTMT və Aİİ-dən çıxması üçün indi İrəvanın hansısa spesifik cəlbedici gələcəyi, alternativ layihəsi olmalıdır. Onlar hara gedə bilərlər? Aİ-də Ermənistanı gözləmirlər, hətta Paris də artıq İrəvanın qeyd-şərtsiz müttəfiqi deyil.
Fransa Azərbaycanla bağlı “Cənub axını” layihəsinin həyata keçirilməsinin tərəfdarıdır, çünki bu layihədə Almaniyaya bağlı “Şimal axını 2”yə müqabil görür. Paris Berlinin qaz kəmərinin əsas operatoruna çevrilməklə Aİ-də dominantlıq etməsini istəmir. Buna görə də Fransanın “Total” korporasiyası Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) (burada isə Azərbaycan qazıdır) dəstəklədi. Belə çıxır ki, Ermənistanın Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılmasının qarşısını almaq cəhdləri ilə Fransanın ziyanına hərəkət edir və buna görə də xaricdən dəstəyini itirir.
– Axı Fransa son vaxtlara qədər Ermənistanı dəstəkləyirdi, parlamentin qətnamələri, hökumətin ən yüksək nümayəndələrinin bəyanatları var idi. Belə çıxır ki, Fransa və Avropa Qərbi Brüsseldə mümkün görüşdə Ermənistana kömək etməyəcək?
– Bu qətnamələr yerli fransız auditoriyasına yönəlmişdi. Fransada böyük və zəngin erməni diasporu var, müxtəlif siyasi qüvvələrə onların dəstəyini və maliyyə imkanlarını cəlb etmək lazımdır. Amma diqqət edin – Fransadan Ermənistana heç bir hərəkət, real yardım olmadı. Ancaq sözlər.
İndi Fransa Aİ-də Almaniya ilə rəqabət məsələləri ilə daha çox maraqlanır. Burada isə xüsusilə cəlbedici heç nəyi olmayan Ermənistanın heç bir faydası yoxdur. Amma Azərbaycandan – var. Ona görə də Brüsseldəki görüşdə Ermənistan Qərbin xüsusi dəstəyinə arxalanmamalıdır.
– Keçək ən nankor mövzuya – proqnozlara. Birinci sual: Sizcə, Bakı ilə İrəvan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmasını hansı zaman çərçivəsində gözləmək olar? İkinci sual: Cənubi Qafqazda, o cümlədən Zəngəzur dəhlizində nəqliyyat kommunikasiyaları nə vaxt açılacaq?
– Bəli, doğrudan da nankor mövzudur (gülür). Ancaq mən özüm bu günaha batıram və proqnozlar verirəm. Bunu söyləmək təvazökarlıqdan kənar olsa da, proqnozlarım müntəzəm olaraq öz təsdiqini tapır.
Əvvəla ondan başlayım ki, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat kommunikasiyaları Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmamışdan əvvəl işə başlayacaq. Vaxt çərçivələri təyin edilə bilər, onlar Qarabağ ərazisinin bir hissəsində RSK-nin (Rusiya sülhməramlı kontingenti) olması ilə birbaşa bağlıdır.
Daha konkret desək, Zəngəzur dəhlizinin yaxın iki il ərzində işə başlayacağını ehtimal edirəm. Azərbaycanla Ermənistan arasında sülh sazişi isə məncə, haradasa 3-4 ildən sonra, RMK-nın səlahiyyət müddəti başa çatanda imzalanacaq…