Mənim həyat hekayətlərim (XI hissə)

Əvvəli

Kimya sənayesi hüquqşünas üçün dar meydan idi. Ona görə ikincisinə üstünlük verməli oldum.

Cinayətkarlıqla mübarizə aparan və bu istiqamətdə dövlət siyasətini həyata keçirən spesifik səlahiyyətylərə malik dövlət qurumunun-Milisin fəaliyyət istiqamətlərinə bələd olmadığım üçün başlamaq çətin idi. Yeni kollektivdə ünsiyyət qurmaq, nüfuz sahibinə çevrilmək üçün kifayət qədər bacarıq və qabiliyyət, tanımadığım yüksək rütbəli zabit  heyəti və səliqə-səhmanı ilə seçilən mülki geyimli şəxslərlə təmasda olmaq özünəxas cəhətlər tələb edirdi. Köməyimə çatan ilk cəhətlərdən biri ailədə, heç bir savadı olmayan valideyinlərimdən aldığım tərbiyə, ədəb-ərkana söykənən davranışlarım və mədəniyyətim idi. Bu üç cəhət bilik göstəricilərindən və təcrübədən  öndə dururdu.

6 aydan sonra SSRİ Daxili İşlər Nazirliyindən mənə baş leytenant rütbəsinin verilməsi barədə əmr daxil oldu. (Həmin dövrdə ilk rütbəni, polkovnik, general və növbədənkənar, habelə bir pillə yuxarı rütbənin verilməsi səlahiyyəti yalnız SSRİ DİN-ə aid idi) Nazir məni çağırıb təbrik etdi. Ürəkləndim, lakin təkəbbürlüyə qapılmadım. Bir həftədən sonra sifariş etdiyim və baş leytenant rütbəsinin paqonlarını taxdığım mundiri geyindim. Güzgünün önündə özümə baxıb:“Yaraşır”-dedim. Beləcə “paqon sahibinə”, hakimiyyətin səlahiyyətli nümayəndələrindən birinə çevrildim. Şəxsi planlarım və gələcək addımlarımla bağlı “həyat hekayələrim”ə uyğun çalışmağa başladım.

Doğrusu, kimya sənayesindən sonra spesfik xidmətə və vəzifə funksiyalarına malik bir qurumda işə başlamaq çətinlik yaradırdı. Yeni kollektiv və yeni bir qurumda çalışmaq üçün ölçülüb-biçilmiş özəl davranış modeli, yüksək icra intizamı, çox görüb, çox eşitmək, lakin az danışmaq lazım gəlirdi. İş günü ərzində (istirahət günlərindən başqa) xüsusi geyim formasında olmalıydım.

Aylar ötdükcə başqa çətinliklər də ortalığa çıxırdı. Bu, nazirliyin strukturu ilə bağlı məsələyə aid idi. Mərkəzi aparatda şöbə və idarələrin, habelə rayon milis şöbə və idarələrinin rəhbərliyini tanımaq, müəyyən məsələlərin araşdırılmasında müfəssəl arayışlar tərtib etmək çətinliyi yaranırdı. İlk aylar gərgin rejimdə çalışdım. Yarım ildən sonra aparatda mövcud mühitə və rejimə uyğunlaşa bildim.

Ayda iki dəfə, birinci və dördüncü həftənin şənbə günlərində Nazir təsdiq olunmuş qrafik əsasında vətəndaşları qəbul edir, onların müraciətlərinə çox sayğılı yanaşırdı. Ayda bir dəfə, yenə şənbə günü-münasib bir vaxtda bağlı qalmış ölüm işləri üzrə cinayət işlərini yanında müzakirə edər, istintaq üçün mühüm əhəmiyyət kəsb edən tapşırıqlarını verərdi. Bu sahədə Nazirin səriştəsi geniş və əhatəli idi. Cəfər Vəliyev nazir vəzifəsinə təyin olunmazdan  əvvəl Respublika Prokurorunun istintaqa nəzarət edən müavini kimi çalışmışdı.

Bağlı qalmış cinayət işlərinin müzakirəsi zamanı rayon prokuroru, işin istintaqını aparan müstəntiq, rayon milis şöbəsinin rəisi və əməliyyat üzrə rəis müavini, nazirliyin Cinayət-Axtarış İdarəsinin rəisi və əməliyyat-axtarış fəaliyyətinin kurasiyasında olduğu nazir müavini iştirak edərdilər.

1980-ci ilin bahar ayı idi. Bakı şəhərində kriminogen durum nəzarətdə olsa da, qulldurluq və soyğunçuluq cinayətləri dinamikada gözlənilmədən artmağa başlamışdı. Taksi sürücülərinə qarşı quldurluq və qarət halları demək olar ki, nəzarətdən çıxmışdı. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri səmərə vermirdi. Qəsdən törədilən belə ağır cinayətlər Yasamal(keçmiş Oktyabr r-nu), Sabunçu(keçmiş Lenin r-nu) və Binəqədi(keçmiş Kirov r-nu) rayonlarında baş verirdi. Taksi sürücülərinə və şəxsi avtomobil sahiblərinə qarşı qarətlə müşayət olunan təhlükəli əməllər əhali arasında haqlı narahatlıq doğurmuşdu. Nazir, yanında çevik, plandan kənar əməliyyat müşavirəsinə başladı. Peşəkar və təcrübəli heyətin iştirak etdiyi müşavirədə “Nə etmək?”sualına cavab istənildi. Müxtəlif təkliflər səsləndirildi. Amma nazirin təklifi daha ağlabatan oldu:

-Cinayət axtarışı ilə məşğul olan, fiziki cəhətdən sağlam, təcrübəli və peşəkar əməliyyat müvəkkillərini taksi sürücüsü qismində avtomobilin idarə olunmasını təklif edirəm!

Keçmiş Spartak stadionun yanında, Sumqayıt-Bakı istiqamətində (köhnə avtovağzalın yanı) park edən taksilərin sürücüləri polis əməkdaşları ilə əvəz olundu. Əməliyyata start verildi. Təxminən bir həftə ərzində Bakı-Sumqayıt və Bakı kəndlərinə işləyən taksilərə qarşı heç bir quldurluq və soyğunçuluq faktı qeydə alınmadı. Qəribə hal baş verirdi. Düşünmək olardı ki, ya cinayətkar aləmə əməliyyat məlumatını sızdıran var, ya da, həqiqətən ağır cinayətlərə bir az ara verilib.

Nazirin yanında keçirilən əməliyyat müşavirəsinə dəvət olunanların tərkibinə nəzər yetirdikdə məlumatın sızdırılması faktı istisnalıq təşkil edirdi. Sonradan məxfi şəbəkəyə verilən tapşırıqların realizəsindən məlum oldu ki, məlumat sızdırılıb. Nazirin rəhbərlik etdiyi kollegiyaya sükut çökmüşdü. “Daxildə içilən anda xəyanət edənlər varmış!”

Vəziyyət kritik həddə çatmışdı. Bu dəfə Cəfər Vəliyev əməliyyata rəhbərliyi öz üzərinə götürdü. Rütbəli əməliyyat müvəkkillərinin “sürücülük” vəzifəsini davam etdirilməsi qüvvədə qaldı. “Cinayətkar mütləq geri qayıdacaq, sadəcə səbr etmək lazımdır”-dedi…

Tədbirin 2-ci on günündə quldurluq və soyğunçuluqla məşğul olan bir neçə   mütəşəkkil dəstə yaxalandı. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində məlum oldu ki, qısa zaman ərzində cinayətkar dəstələr tərəfindən 100-dən çox ağır və xüsusilə ağır cinayətlər törədilib… Əldə edilən uğurlu əməliyyat-axtarış tədbirlərinin müvəffəqiyyəti barədə SSRİ DİN-dən və Respublika Mərkəzi Komitəsindən rəğbətləndirici rəylər daxil oldu. Fərqlənənlərə mükafatlar verildi. Respublika Daxili İşlər Nazirliyinin uğurlu mübarizə metodu müzakirələrə səbəb oldu…

  Artıq mərkəzi aparata adaptasiya olunmuşdum. Naşılıq, utancaqlıq və praktik stajın azlığı arxada qalmışdı. Nazirin və nazir müavinlərinin qəbuluna gəlmək istəyənlərlə məşğul olmaq mənə həvalə olunmuşdu. Bölgələrdən gələn vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşırdım. Müraciətlərin əksəriyyəti mal-qara oğurluqları ilə bağlı olurdu. Cinayət işlərinin səthi istintaqından, oğruların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin sönük aparılmasından, verilən tapşırıqlara qeyri-ciddi yanaşma hallarından narazılıq çox olurdu. Ucqar rayonlardan gələn bəzi şikayətçiləri aidiyyəti üzrə müvafiq idarə və şöbə rəhbərlərinin qəbuluna göndərir, nəticəsi barədə məruzə üçün arayışlar tərtib olunurdu. Vəzifə funksiyalarıma məsuliyyət və prinsipallıqla yanaşmam bəhrəsini verirdi. Nazir vətəndaşları qəbul etdiyi şənbə günlərinin birində məni yanına çağırdı:

-Yanımda işləmək istəyərsən?

Tutuldum və gözləmədiyim sualdan özümü itirdim.Təkrar soruşdu:

-Referent-köməkçi vəzifəsini təklif edirəm, işləyə bilərsən? Yenə susdum və sanki imtahandayam-düşünüb cavabı çox gecikdirmədim.

-Yoldaş Nazir! Yüksək etimadınızı doğruldacağam!-dedim.

-Oçen xoroşo-deyib, kadrlar idarəsinin rəisinə əmrin hazırlanması haqda tapşırıq verdi… Məni yoxlamağa və şəxsi keyfiyyətlərimə dair arayış üçün məxvi şəbəkəyə hər hansı bir tapşırığın verilməsinə ehtiyac duyulmurdu. (Adətən vəzifə pillələrində irəliləmək üçün belə arayışların şəxsi işdə olması vacib tələblərdəndi. Amma Nazir məni tanığından bu tapşırıqdan vaz keçilmişdi)

Nazirin yanında işləmək çox məsuliyyətli idi. Bütün hərəkətlərim, bacarıq və xidmət dairəm göz önündə-aşkar olurdu. Nazirin verdiyi tapşırıqları kollegiya üzvlərinə ötürməyin və icrası ilə bağlı informasiyalar əldə etmək diplomatik yanaşma, nəzakətli davranış tələb edirdi. İl  ərzində bir neçə dəfə rayon milis (polis) şöbələrinin əməliyyat-axtarış fəaliyyətini təftiş edən briqadanın (komissiyanın) tərkibində mən də olurdım. Nazirlə daha çox təmasda olduğuma görə komissiya üzvləri mənimlə ünsiyyətdən ehtiyatlanardılar. Mən isə sadəliyim və qayğıkeşliyimlə ətrafımı inandıra bilirdim ki, nazir hər cılız dedi-qoduların ona ötürülməsində maraqlı deyil və bu, mənim də xarakterimlə uzlaşmır…

Kompleks yoxlama zamanı məndən daha çox ehtiyatlanan milis şöbələrinin rəhbərliyi olardı. Onlara hörmət və ehtiramla yanaşar, çay süfrəsi ətrafında xoş münasibət bəslədiyimdən narahatlıq sovuşardı.

Ezamiyyə müddəti bitdikdən sonra mən geri qayıdardım. Kompleks yoxlama zamanı mənim missiyama vətəndaşların milis şöbəsinə daxil olmuş müraciətlərinə baxılmasının vəziyyətini öyrənmək, nəzarətdə olan şikayətlərin qanunvericiliyə uyğun həlli və milis əməkdaşlarının qanunsuz hərəkətləri, vəzifələrindən sui-istıfadələri, habelə cinayət xarakterli müraciətlərin prosesual normalara uyğun baxılması daxil idi.

Adətən ezamiyyə müddəti briqada üçün bir iş həftəsi nəzərdə tutulurdu. Mən isə 2-3 gün ərzində verilən tapşırıqları yerinə yetirib, əl ilə yazdığım arayışı komissiyanın sədrinə təhvil verəndən sonra(əlavə göstərişlər daxil olmazdısa) şəhərə qayıdardım. Təbii, növbəti gün işə çıxdıqdan sonra “ayaqüstü” və lakonik təfərrüatla nazirə polis şöbəsində olduğum və gördüyüm mühitlə bağlı məlumat verərdim. Nazir daha çox milis şöbəsində şəxsi heyətin rəhbərliyə qarşı formalaşdığı rəyilə maraqlanar, rayonda əməliyyat-axtarış fəaliyyətinin səmərə verib-vermədiyi barədə məni sorğu-sual edərdi. Mən isə müşahidələrimi nazirə çatdırardım. Açığı, nazir mənim qısa “ayaqüstü” məruzəmdən sonra MALLBRO siqaretini bir-iki dəfə sinəsinə çəkib: “Spasibo…”-deyərdi. Bu isə o demək idi ki, məruzəm onu qane etmişdi.

Kompleks yoxlamanın nəticəsi geniş kollegiya iclasında müzakirə edildikdən sonra şöbənin rəhbərliyi ya vəzifəsindən uzaqlaşdırılırdı, ya da, eyni vəzifəyə başqa rayona keçirilərdi. Yoxlama ərəfəsində rəisin bacarığı tam ortalığa çıxırdı. Bəzən də, kollegiya şöbə rəisinin iş yükü və əhalisi  az olan rayonların birinə eyni vəzifəyə təyin edilməsi barədə qərar qəbul edərdi. Bütün hallarda kollegiya iclasları ətrafa görk olacaq həddə, ədalətlə davam edərdi…  

Artıq nazirliyin mərkəzi aparatında 4 ilə yaxın xidməti stajım varıydı. Bir gün, nazir məni yanına çağırıb dedi:

-Sənin Baş referent-Baş köməkçi vəzifəsinə təyin olunmağınla bağlı əmri imzaladım. Həm də, səni“Milis əlaçısı” döş nişanı ilə təltif etdim. Pozdravlyayu!”.

Ayaq üstə idim. Farağat durub nazirə təzim etdim. “Yoldaş(o vaxtlar belə müraciət edilərdi) nazir, etimadınızı doğruldacağam”-dedim.

-“Ne somnevayus. İdite”-cavabı ilə otağını tərk etdim…

Bizim üçün iş vaxtı saat 8.30-da başlayardı.Nazirin kabinetinin açarları da məndə olardı. Mən isə Sumqayıt şəhərində 5 nəfərdən ibarət ailə tərkibimlə kirayədə yaşayırdım. Nazirin iş rejimi səhər saat 8.30-dan, axşam saat 20:30 və yaxud, 22:00,22:30 qədər davam edərdi. Ümumiyyətlə Cəfər Vəliyevlə birgə olduğum son gün də daxil olmaqla, gərgin iş rejimi ilə davam edib. Həftənin bazar günlərini tam istirahət günü kimi keçirə bilirdik.

Yağmurlu və soyuq bir qış axşamı, Novruz bayramı ərəfəsində onu evə yola salırdım Saat 21:30 radələri idi. Pilləkənlərlə aşağı düşürdük. Gözləmədiyim halda məndən soruşdu:Harda yaşayırsan?

-Sumqayıtda.

-Sən hər gün Sumqayıtdan gəlib –gedirsən?

-Bəli, yoldaş General.

-Ay yazıq, bəs sən necə çatdırırsan? Heç olmasa öz evindir?

-Xeyir. Kirayədə olduğumuz bir otaqlı mənzildə üç uşaqla yaşayırıq.

Nazir pillələrdə ayaq saxladı. Məsum bir baxışla məni süzdü. Ciddi və zəhmli generalın qayğıma qalıb, şəxsi həyatımla maraqlanmasına ilk dəfə idi rastlaşırdım.

-Sabah mənim yadıma salarsan-dedi.

Həmin illər Bakı şəhərində 3 il daimi qeydiyyatı olmayanları mənzil növbəsinə götürməzdilər. Mənimsə qeydiyyatım Sumqayıt şəhərində idi. Ona görə də, ev məsələsinin həllində nikbin deyildim. Amma, nazirin “sabah mənim yadıma salarsan” imperativ tapşırığı mənə ümid verirdi. Az qala naziri atalıq qayğısına görə bağrıma basıb, üzündən öpəcəkdim. Hər ikimiz pillələrdə dayanıb bir-birimizə baxırdıq. Mən susmuşdum. Nazirlə münasibətimiz məsafədən və ciddi olduğundan o, da heç nə demədən başını sağa-sola tərpədərək: “Vay,vay”-deyib aşağı düşməyə başladıq. Birdən növbətçinin qaça-qaça nazirə tərəf gəldiyini gördüm. Az qala yıxılacaqdı.

-Yoldaş nazir! Qeydar Aliyeviç SUM-un yanındakı “QASTRONOMİYA”dadır.-dedi. İti addımlarla aşağı düşdük. Mərkəzi Univermaq DİN-lə üz-üzə yerləşir. Bayram axşamı olduğundan əhali “QASTRONOM”da ət növbəsinə dayanmışdı. Qeydar Aliyeviç işdən çıxıb H.Hacıyev küçəsi ilə evə gedərkən əhalinin ət dükanı qarşısında yığıldığını görüb çəkinmədən maşını ora sürməyi təkid etmişdi. Azərbaycan Mərkəzi Komitəsinin birinci katibinin ehtiyat, habelə heç kimi xəbərdar etmədən tək, vətəndaşların arasında olmasından Cəfər Vəliyev çox narahat olmuşdu.

”Bu kişi, qorxu bilmir. Belə məqamda, bayram axşamında, əsəblərin gərildiyi bir anda əhali ilə yaxın təmasda olmaq çox təhlükəlidir. Kim cavabını verəcəkdi?”-deyə gileyini gizlətmədi.

 Heydər Əliyev vətəndaşlarla bayram əhvalında söhbət edirdi. Birdən “QASTRONOM”un müdirinə :

-Ətiniz hamıya çatacaqmı?

-Bəli yoldaş Əliyev. Narahat olmayın,hamını yola verəcəyik.

Heydər Əliyev məmnunluğunu ifadə edib, nazirə xitabla:Cafar Cabrailoviç!Proşu kontroliruyte i o rezultatax imformiruyte liçno!-deyib  uzaqlaşdı…

Gecəni rahat yata bilmədim. Bayram axşamında, mövcud şəraitdən sonra evlə bağlı məsələni nazirə necə xatırlayacaqdım?-düşüncələrilə “əlbəyaxada”idim… Gecə tez  keçdi və səhəri də erkən qarşıladım. Sumqayıtdan Bakıya getmək və vaxtında işə çatmaq üçün tələsmək lazım idi.Üzümü təraş edib səhər yeməyimə başladm. Kirayədə qaldığım binada qonşumuz Vidadi Ticarət Nazirliyində məsul bir vəzifədə çalışırdı. O, 9.00-da işdə olmalıydı, mən isə 8.30-da.Vidadi qardaşım mənə qarşı səmimi davranar, hörmətimi saxlayardı. O, da, mənə görə evdən tez çıxdıgından işə geçikən vaxtım olmurdu.

Yenicə kabinetə daxil olub, telefon dəstəyini spirtlə dezinfeksiya edirdim.(Mən bunu hər gün edirdim. Xadimənin masanı və telefon aparatlarını silən əski parçası heç xoşuma gəlmirdi. Deməyin də xeyri olmadığından hər gün bu işi özüm görürdüm) Aşağı postdan nazirin gəlişi ilə bağlı zəng daxil oldu. Adəti üzrə onu qarşılamağa düşdüm. Qapıda rastlaşdıq və liftə yaxınlaşıb qapını açıq vəziyyətdə saxladım. Bir yerdə qalxdıq. Hər səhər kabinetinə bu qayda ilə, birgə daxil olurduq. Bəzən tapşırıqlarını belə anlarda  verdiyinə görə, mən də arxasınca getməliydim. Dünən verdiyi tapşırığı unutmamışdı. Hökumət telefonunu götürüb Bakı şəhər meri Nəcməddin Əhmədova zəng etdi.Telefon xəttində yüksək təmizlik(vısokaya çistota) olduğundan qarşı tərəfin də səsi aydın eşidilirdi. “Nadjmaddin Sadıxoviç!Bu vaxta qədər bilməmişəm ki, köməkçim Sumqayıtda, özü də kirayədə yaşayır.Yazığın üç uşağı var.Nə kömək edə bilərik?

-Narahat olmayın, Cafar Cabrailoviç! Həll edərik. Qoy gəlsin yanıma.

Belə humanist yanaşmanın şahidi olduqca uçmağa qanadım çatmırdı. Mənzil məsələm iki vicdanı və əlləri təmiz kommunist personalarının telefon danışığı ilə həllini tapmışdı. Müstəsna hal kimi Kinostudiyanın Tiflis prospektində yerləşən binasının beşinci mərtəbəsində iki otaqlı mənzillə təmin olundum və ora qeydiyyata düşdüm. İki ildən sonra DİN-nin inşa etdiyi beş mərtəbəli binanın beşinci mərtəbəsində 4 otaqlı mənzillə təmin olundum. Yaşadığım iki otaqlını isə təhvil verdim...

Kommunist partiyasının hegemon olduğu dövrlərdə fırıldaq və saxtakarlıqlara yer olmazdı.Təsəvvür edin, SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin vəzifəsinin və ömrünün son günlərində rahat yaşamaq üçün xüsusi mülkiyyətində bağı belə yox imiş…

Bütün bunlar Kommunist partiyasının vətəndaşlara olan yüksək qayğının və həyat şəraitinə diqqətin əyani təcəssümü idi. Belə bir sosialist cəmiyyətinin və sosialist   “imperiyasının” nə vaxtsa kağızdan düzələn evcik kimi uçub-dağılmasına inanmaq,hətta ehtimal etmək belə olmazdı,heç kim inanmazdı. Mən də inanmırdım.

Nazirliyin yeni növbətçi hissəsi ilə tanışlıq. Ortada Cəfər Vəliyev, sağda Qluşenko (MK-nın inzibati şöbənin müavini), solda SSSR DİN-in nümayəndəsi

Sovet Sosialist Respublikaları İttifaqı tələbələrin(tələbə aldığı təqaüdlə dolanırdı, pulsuz yataqxana ilə təmin edilirdi), işsizlərin(işsizlik demək olar ki, yox idi), çoxuşaqlı ailələrin və kənd təsərrüfatında çalışan zəhmətkeşlərin dövləti idi. Çox uşaqlı ailələrə verilən “uşaq pulları” ailənin minimum tələbatına bəs edərdi. Bu mənada ailədə beş uşaqdan az uşağı olan ailə demək olar ki, tapılmazdı.

İndi vəziyyət başqadır.Tələbə pullu təhsil alır, amma təqaüd verilmir, öz hesabına kirayəyə ev tutmalı olur. Doğulan uşaqların sayı da tədricən aşağı düşür.Uşaq saxlamağa maraq da azalıb. Himayədə nə qədər az uşaq olarsa, bir o qədər yaxşıdır-fikrinə üstünlük verilir. Saxlamaq çətinləşib. Doğulan uşaqlara müavinət verilmir… Belə davam edərsə Çin Xalq Respublikasında olduğu kimi uşaq istəyən ailələr dövlətə yüksək haqq ödədikdən sonra arzuları (Allah istəsəydi) gerçəkləşə bilər. Müasir qadınlar qısır həyat yaşamağa üstünlük verirlər… Allah Sən saxla!

Cəfər Vəliyevin Böyük köməkçisi işlədiyim zamanlarda böyük qızı Lalə xanım Lüksenburqda yaşayırdı. Həyat yoldaşı Sovet ticarət palatasının Lüksemburqdakı nümayəndəsi idi.Nazir :

-Gülya sabah Lüksemburqdan çıxıb axşam saatlarında Moskvanın Şeremetyovo-2 hava limanında olacaq,onu qarşılamaq lazımdır. Həmin gün də Moskva –Bakı reysi ilə vətənə qayıdacaqsınız. Tapşırmışam, biletləriniz hazırdır. Sonra bəzi tapşırıqlarını  verdi…

Gecə saatlarında Bakı reysi ilə uçan təyyarəmiz Şeremetyovo-2-də eniş etdi. Təxminən 1 saat 30 dəqiqədən sonra Lüksemburqdan enən təyyarə ilə bağlı məlumat səsləndi. Lalə xanımı qarşılamaq üçün qapıya yaxınlaşdım. Vaxtında gəldi. Ağır yükü olmadığından Bakıya gedən reysin qeydiyyatının aparıldığı növbəyə yaxınlaşdım. Növbəmiz çox çəkmədi. Pasportların və əl baqajlarımızın qeydiyyatından sonra bunkerlə təyyarəyə minik başladı. Yerimiz rahat idi, Lalə xanımın daha çox ehtiyat etdiyi qanadların üstündə deyildi. Dekabr ayı olduğundan, Moskvanın şaxtası özünü göstərirdi. Təyyarənin dairəvi kiçik pəncərələri buz bağladığından limanı seyr etmək də mümkün deyildi. Mikrofonda “Kəmərləri bağlayın.Bir neçə dəqiqədən sonra təyyarəmiz Moskvanın Şeremetyovo-2 hava limanından Bakıya  uçuşa başlayır. Heyət hər birinizə yumşaq eniş arzulayır. Diqqətinizə görə sağ olun!”-uca qamətli stüardessanın şirin səsi eşidildi. Xəyala daldım… iki saat otuz dəqiqədən sonra İnşəallah Bakıdayıq, düşündüm… Lalə xanım gözlərini qapamışdı. Adətən təyyarə göyə qalxanda sürətin həddindən qısa vaxt rahatsızlıq yaşanır .Sonra hər şey qaydasına düşür… Mikrofonun qəfil səsi hər birimizin ovqatını korladı. Məlum oldu ki, havanın həddindən artıq dumanlı və çiskinli olması səbəbindən Bakı hava limanının təyyarələri qəbul etmək imkanları yoxdur. Sərnişini olduğumuz Avialayner yaxın olan limanların birində müvəqqəti eniş etməli olacaq-Yerevan hava limanında.1saata yaxın vaxt ərzində Yerevanın hava limanına məcburi eniş oldu. Hava limanından kənara çıxmadıq. Səbirsizliklə Bakıya gedəcək vaxtın elanını gözləyirdik. Məlumat bürosundan aldığımız informasiyaya görə yaxın iki saat ərzində heç nə gözlənilmirdi.

Mən, Sovet vaxtlarında bir neçə dəfə Ermənistanda  ezamiyyətdə olmuşdum. Açığı, qaba hərəkətlərlə qarşılaşmamışdım. Amma erməni dilində danışan 4-5 nəfər gəncin bizə sarı baxıb qəh-qəhə çəkdiklərini görəndə vəziyyətin nəzarətdən çıxa biləcəyini ehtimal etdim.Lalə xanım geyimi və ümumiyyətlə xarici görünüşü ilə diqqəti cəlb etdiyindən və yad ölkədə olduğum üçün narahat idim.Təhlükəsizliyin təmin olunmasına məsul olan bir nəfər də olsun milis işçisi gözümə dəymirdi. Lalə xanımı da tək qoyub aralanmağa ehtiyat edirdim “Bura Ermənistandır”-düşündüm. Mülki geyimdə olsam da, mənə təhkim olunmuş tabel silahı-“Makar” tipli pistoleti daimi gəzdirmək və daşımaq hüququm olduğundan silah üstümdə idi. Vəziyyətin gərginləşə biləcəyini görmək çətin deyildi. Lalə xanıma sarı əyilib “gəl, getdik”.Ağır olmayan yükümüzü götürüb həyətdəki taksilərin birilə, dərhal “Başpoçta”sürün-dedim. Saat əqrəbləri səhərə yaxın 4-30-u vururdu. Poçta daxil olan kimi nazirin evini sifarış etdim.Telefonda nazir özü idi.Nə baş verdiyini-soruşdu. Situasiyanı ona qısaca məruzə etdim.”Təklifin nədir?”

-”Cəfər Cəbrailoviç, Ermənistanın Daxili İşlər nazirinə məlumat verin, qrup göndərsin. Təyyarəmiz Bakıya kurs götürən ana qədər bizi müşayət və mühafizə etsinlər”-dedim.

-“Oradaca durun. Oldu?” “Oldu yoldaş nazir, oldu. Gözləyirik. “Doğrusu çox çəkmədi ki,Yerevan şəhər milis idarəsinin rəisi 6 nəfərdən ibarət qrupla poçta daxil oldu.Tanışlıq verməyə ehtiyac yox idi. Qrup içəri daxil olan kimi mən onlara sarı gedib özümü təqdim etdim. Situasiyanı danışdım. Bizə ayrılmış maşınla hava limanına yollandıq. Perrona daxil olan kimi şəhər milisinin rəisi:

-Onları göstərə bilərsinizmi?

Oturacaqda oturub ucadan danışan gəncləri göstərdim. Çevik şəkildə onlar zaldan təcrid olundular. Bizi isə təyyarəyə minik başlanıb bitənə qədər müşayət etdilər. Sağ olsunlar. Şəraitə operativ reaksiya verməyim gözlənilən təhlükədən və yaxud, arzuolunmaz insidentdən sovuşmağa imkan verdi…

Təyyarəmiz Bakı səmasının üzərində dövrə vururdu.Xanım Stüardessa pilot heyətinin mahir pilot olması, xidmətlərinə və peşəkarlıqlarına görə müxtəlif orden və medallara layiq görüldükləri barədə bizə məlumat verirdi. Amma yenə narahat idik. Görən bu dəfə Bakı limanı enişə razı olacaqmı? Mikrofonun işığı yandı. Diqqət etdik. “Hörmətli sərnişinlər!Bir neçə dəqiqədən sonra Moskva-Bakı reysi ilə uçan təyyarə Bakı hava limanına enəcək. Kəmərlərinizi bağlayın və elan verilənə qədər yerinizdən qalxmamağınız xahiş olunur. Diqqətinizə görə sağ olun.”

Sevindik. Laləyə baxdım, çohrəsində təbəssüm varıydı. Şükür, Lalə xanım. Necə deyərlər-opasnost minovala-dedim. Güldü. Bu an təyyarə iti sürətlə eniş etdi.Tədricən sürət azaldı və layner sanki bizim kimi doğma Bakı üçün darıxmışdı. Dərindən nəfəs alıb dayandı. Ayağa qalxıb çıxış qapısına yaxınlaşmağa tələsirdik. Bizi aşağıda xidməti maşın gözləyirdi. Qapıya çatanda üzümü pilotlara tutdum: “Bəs nə oldu? Mahir pilot kimi təqdim edilən heyət dumanlı havada Bakıya enə bilmədi. Məcbur olub alçaqların hava limanına endik?!”-deyib pilləkənlərlə aşağı düşdüm.

Xəzərin duzlu, nəm havasını  dərindən nəfəs alıb qəlbimə çəkdim. “Harda olsaq, səndən mehriban və gözəl şəhər yoxdur, Bakı!”…

Ertəsi gün saat təxminən 12 radələrində işə gəldim. Kabinetə daxil olan kimi, mənə çatdırdılar ki, nazir iki-üç dəfə səni soruşub. “Davay, tez keç içəri”.

İçəri daxil olub salam verdim. Nazir məni görən kimi gülə-gülə “Sluşay! Sən çox qoçaqlıq göstərmisən. Poçta gəlib evə zəng etmək ağlına hardan gəldi?…Ekstremal situasiyada çox çevik qərar qəbul etmisən. Sağ ol”. Sonra olayı ətraflı nazirə danışdım.Məmnun olmaqla həm də,məəttəl qalmışdı. “Düzgün davranmısan”-dedi. Mən də qürrələnirdim ki, nazirin qızını sağ-salamat evinə gətirə bildim. Bu, Allahın yardımı ilə baş vermişdi…

SSRİ Daxili İşlər Nazirliyinin 1988-ci ilin fevral ayında “1987-ci ilin yekununa həsr olunmuş Cinayətkarlıqla mübarizənin vəziyyətinə dair” planlaşdırılan geniş Kollegiya iclasına Cəfər Vəliyev də dəvət olunmuşdu. Nazir bir həftə ərzində kollegiyadakı çıxışına hazırlaşırdı.10 dəqiqəlik çıxışını hər gün kabinetində ucadan bir neçə dəfə oxuyardı. Nəhayət, əmin oldu ki, çıxışa hazırdır. Bazar günü nahardan sonrakı reyslə Bakı hava limanından Moskva şəhərinə yola salındı…Nazirin geriyə dönüşü çox çəkmədi. İki gün davam edən kollegiyadan sonra SSRİ Daxili İşlər naziri, ordu generalı  Federçuk Cəfər Vəliyevi yanına dəvət etmişdi: “Kollegiyanın sonunda elan olundu ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-mayor Cəfər Vəliyev nazirin qəbul otağında gözləsin. Federçukla təkbətək görüşümüz 20 dəqiqə çəkdi. Bircə dəfə də olsun nazir başını qaldırıb üzümə baxmadı. Hər şey mənə bəlli oldu. Ayağa durub getməyə icazə istəyəndə, dayanın –dedi. Ayaq üstə olduğumdan təkrar oturmadım, növbəti tapşırığını gözlədim. “Kollegiya Sizi Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində qalmağınızı məqsədə müvafiq hesab etmədiyi üçün, qərarın surəti məlumat üçün Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Mamedoviçə göndəriləcək. Gedə bilərsiniz!”

“Bu qərardan sonra xudahafizləşmədən kabineti tərk etdim…” Bunları mənə Cəfər Vəliyev Moskvadan sonra sonuncu dəfə işə çıxdığı gün danışmışdı. Kabinetini tərk edərkən özü ilə heç nə aparmadı. Seyfin açarları “gözlükdə”asılı qalmışdı. Masasının üzərində bir neçə qələmdəm başqa heç nə yox idi. Pilləkənlərlə aşağı düşəndə “Kitablarımı göndərərsən evə”-dedi. Hər ikimiz susmuşduq. Sonuncu dəfə sükutu mən pozdum:Cəfər Cəbrailoviç!Heç olmasa Kollegiya üzvlərini yığıb vidalaşardız. Hər bir kollegiya üzvünün Sizə deyiləsi ürək sözləri yəqin ki, olardı. Sağollaşmaq lazım idi.

-Dəyməz-dedi.Yenə mən başladım:

-Heç olmazsa mənə bir iş verərdiniz, yeni gələn nazir çox güman ki, məni saxlamaz. Nə iş verəcək, harada işləyəcəyəm?

-Yeni nazirin minnəti olsun. Ali təhsilli hüquqşünas, kasıb oğlansan. Valideynlərin də sadə kənd adamı, müharibə əlili. Niyə narahat olursan?…

Daha nəsə deməyə lüzum qalmamışdı. Beləcə pilləkənləri enib sonuncu dəfə əzəmətli binanın palıd ağacından hazırlanan, xonça ilə haşiyələnmiş iri və ağır qapısını son dəfə açıb, küçədə dayanmış QAZ 31 markalı qara maşına sarı tələsdim. Arxa qapını açıb: Allah amanında olun, hörmətli nazir! Siz, heç vaxt unudulmayacaqsınız!-dedim. Təbəssüm etdi. Amma kövrəlmişdi. Qapını bağlayıb ilk və sonuncu dəfə əli ilə sağollaşdı. Qara 31 sağa-Respublika prokurorluğuna gedən yola dönənə qədər baxışlarımla onu müşayət etdim…

                                                     XXX

Cəfər Vəliyev nazirliyi tərk edəndən sonra kollegiya üzvləri sırasında mənə çox zənglər daxil oldu.Onun yekun bir yığıncağın keçirməsi ilə bağlı tağşırığın verilib-verilməməsi ətrafında narahatlıq doğuran suallar cavabsız qalmırdı. “O, qayıtmayacaq!”-dedim. İnanmasalar da ötüb-keçən günlər bunu təsdiqləmiş oldu. Nazir vəzifəsini müvəqqəti də olsa həmişə olduğu kumi, Birinci müavin, polis-general mayoru Tofiq Aslanov icra edirdi .Nazirsiz günlər çox çəkmədi. Həmin illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun qərarı ilə Nəqliyyat və Sənaye şöbəsinin müdiri vəzifəsində çalışan Aydın Məmmədovun Respublika Daxili işlər naziri vəzifəsinə irəli sürülməsi barədə SSRİ DİN-nə təqdimat göndərilmişdi. Aydın Məmmədov həftə sonu kollektivə təqdim olundu. Yeni nazir cinayətkarlıqla mübarizə aparan böyük bir qurumun fəaliyyətilə nə nəzəri, nə də praktik baxımdan tanış deyildi.Bu qurum ona yad və ixtisası ilə uzlaşmayan bir sahə idi. Ölkədə, bütövlükdə regiondakı durum arzuolunmaz məcraya yan almışdı.1990-cı illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan məcburi çıxarılması məqsədliydi. Azərbaycan millətinə qarşı amansız davranma halları dünyanın gözü qarşısında, müstəsna həyasızlıqla davam edirdi. Ermənistan ərazisindən azərbaycanlılar zorakılıq və talançılıqla, evlərinin zorla əllərindən alınması və digər qeyri-insani rəftarla çıxarıldığına baxmayaraq Bakı şəhərində, daha çox Xutor qəsəbəsində (Binəqədi və Nəsimi rayonlarında) erməni ailələri yaşamaqda davam edirdi.1990-cı il avqustun 3-də Binəqədi rayonunun Xutor qəsəbəsində erməni ailələrinə qarşı Bakıda görünməmiş və gözləmədiyimiz bir talançılıq-poqrom- xüsusilə və amansızlığı ilə seçilən ağır cinayətlər başladı.Şərait nəzarətdən çıxmışdı. Ermənistandan-ata yurdlarından zorla qovulmuş və doğmalarına qarşı olan təcavüzlərin, amansızlığın, vəhşiliyin canlı şahidi olan azərbaycanlılar indi Bakıda erməni ailələrindən qisas alırdılar. “Dur”demək, onların qarşısını almaq və yaxud, zərərsizləşdirmək əbəs idi.Polis əməkdaşlarına itaətsizlik halları ilə müşayət olunan belə qəsdlər günün sonuna qədər davam etdi.Vahimədə olan Azərbaycan erməniləri yaşadıqları iki mərtəbəli evlərin son mərtəbəsində qapını bağlayıb bizdən imdad istəsələr də, polisin buna imkanı çatmırdı. Bununla da ermənilər Azərbaycanı müxtəlif yollarla tərk etməyə başladılar.Artıq dövlət orqanları xüsusi təhlükəsizlik üsulları ilə erməniləri gecələr kiçik tutumlu sərnişin avtobusları ilə paroma təhvil verir, dəniz yolu vasitəsiə Həştərxana daşınırdılar. SSRİ dağılmaq ərəfəsində olsa da, hələ yerində idi.

Binəqədi rayon(keçmiş Kirov rayonu) Partiya Komitəsinin birinci katibi, milliyyəcə erməni Valeri Nersesyan idi.

İdarəolunmaz kütlə Partiya Komitəsinin binasını mühasirəyə almışdı. “Valerini Təhvil verin!”, “Valeri çıx rədd ol!” və s. şüarlar birinci katibi yaman qorxuya salmışdı.Valeriy Opekunoviç cavan kommunist idi, 40-a yaxın yaşı olardı.  Özü erməni olsa da, anası azərbaycanlı idi . Mən, izdihamı yarıb “liderlərin” toplaşdığı pillələrin son meydanında özümə yer tapıb, kütləyə  müraciət etdim: “Əziz həmvətənlər! “Çıx və rədd ol” dediyiniz birinci katib Valerinin anası azərbaycanlı xanımıdır. Valeri Ermənistana gedəcəksə anasını neynəsin? Valeri anası ilə Bakıda qalmaq istərsə, biz istəmirik. Hara getməlidirlər. Azərbaycanlı xanımın valideynləri də, Bakıda yaşayır. Necə olsun? Oğul Valeriy doğulduğu, lakin bir daha qayıda bilməyəcəyi ölkədə anasını necə qoyub getsin, bu hansı dəyərlərə uyğundur? Və yaxud da, əksinə. Möhlət verin.Valeri 5 ilə yaxındır ki, rayonu idarə edir, haqqında bulanıq məlumatlar yox, təmiz, vicdanlı və xalqın qayğısına həmişə qalan partiya işçisidir. O, anası ilə Moskvaya getmək istəyir. Azərbaycanlı xanımın xətrinə imkan verək, məsələni həll edib, Bakını ailəsilə birlikdə tərk etsin.Təklif edirəm ki,binanın ətrafını boşaldın və xahiş edirəm, dağılın. Bu rayonda asayişin qorunub saxlanılması məqsədilə polisin sizdən xahişidir, qəbul edin!”

İzdihamın önündə BDU-nun filologiya fakültəsinin dosenti, hörmətlə yanaşdığım Vəkil Hacıyev dururdu. “Vəkil müəllim, xahiş edirəm, uzaqlaşın ki, ətrafınız da arxanızca gəlsin. Polisin işini çətinliyə salmayın və itaətsizlik göstərməyin. Əks təqdirdə qanunun dili ilə danışmalı olacağıq”-dedim.

Vəkil müəllimlə anlaşdıq.İzdiham dağılışdı… Mən Valeri Opekunoviçin kabinetinə qalxdım.Tək idi və doluxsunmuşdu.Pəncərədən izdihamı izləyirmiş. Mənim də müraciətimi diqqətlə dinlədiyindən mənə, Partiya Katiblərindən polisin ünvanına nadir hallarda səslənən, az eşidilən təriflər dedi. “Tı molodes. Kak moq ix uqovarivat? Ey boqu ya udivilsya.Vı ix ubedili. İ oni rozoşlis po domam. Trudno poverit, no ix uje net.”

Doğrusu,bunların mənim üçün o qədər də əhəmiyyəti yox idi.Amma mən gözlənilən təhlükəni sovuşdura bilmişdim.Sonra Valeri Opekunoviç ürəyini açdı:Mən indi hara gedim-bilmirəm. Ermənistan məni heç anasız da qəbul etməyəcək. Bakı mənim üçün doğma anamın şəhəridir. Burda da qoymayacaqlar. Hara gedim? Moskvaya getmək istəyirəm, görək alınarmı.?

-Voleri Opekunoviç ,zənnimcə Moskva yaxşıdır. Alınar.

-Xahiş edirəm, bir-iki gün məni qoruyun ki, mən çıxış yolu axtarım.

-Darıxmayın, polisdən, şəxsən məndən nə asılıdırsa arxayın ola bilərsiniz.

Beləcə söhbətimizi yarımçıq  bitirməli olduq. Mən Valeri Opekunoviçi ailəsi ilə birlikdə qayınının evinə yola saldım və qeyri-rəsmi də olsa iki-üç gün həmin ünvanda Post Patrul xidmətinin marşrutunu təmin etdim.Onu hava limanından gecə reysilə Moskvaya yola saldıq… 

                                                       XXX

Məni, 3 avqust qiyamı ilə bağlı bu gün də incidən məqamlar var. Hadisədən bir gün sonra baş vermiş ağır cinayətlərin əsas təşkilatçılarını və iştirakçıların fəal qrupunu gecə ikən yaxaladıq.Onların hamısı gənclər idi. Törətdikləri cinayətləri etiraf etməkdə əsla peşmançılıq çəkmirdilər. Hündürboylu, qaragöz bir gəncin mənə dediklərindən: “Rəis, anamı və atamı  gözümün qarşısında qətlə yetiriblər. Qonşu qızın namusuna təcavüz edib, lüt-üryan küçəyə çıxarıb şaqqanaq çəkib həzz alırdılar. Amma siz və sizin kimi azəri polisləri belə əclaflardan qisas aldıqlarımıza görə bizi həbs edirsiz .Sizə sualım var, rəis! Buyur-dedim.

-Valideynlərinizi gözünüzün qarşısında amansızlıqla qətlə yetirilənlərə, yəni ermənilərə hansı cəzanı vermək istərdiniz?

-Axı, sizə qarşı qəddarlıq edənlər Bakıdakı ermənilər olmayıb. Hadisə orda baş verdiyindən, çox güman ki,o xarabanın da cinayət məcəlləsi ilə o cinayətkarlara qarşı cəza tətbiq ediləcək. Bir az səsimin tonunu da qaldırmışdım.

-Siz buna əminsiniz ki, həqiqətən it erməni, digər itin ayağını tapdalayacaq? Dünya belə getməz rəis! Sizlər-dini və imanı bir olan müsəlman qardaşlar türkün düşmənindən qisas almaq əvəzinə, bizi öz vətənimizdə sakit yaşamaqdan təcrid edirsiz.Yuxarıda Allah ki, hər şeyi görür! Barı, Allahdan qorxun! Hanı mənim valideynlərim? Məzarları haradadır? O qonşu qızın namusuna toxunan ermənidən kim qisas alacaq-sualından sonra hönkür-hönkür ağlamağa başladı…

Daha onunla mübahisə etməyin yeri yox idi. Daxilən bu gəncin dedikləri ilə tam razı idim. Özümü onun yerinə qoyub baş verənlərə haqq qazandırdım .Əməliyyat üzrə rəis müavininə tapşırdım ki, bu gənclərə “Gözünün üstündə qaşın var da, deyən olmasın! Yaxşı baxsınlar və yeməklərinə də diqqət etsinlər”.

Rayon prokurorluğu ilə bəzi məsələlərə aydınlıq gətirmək istədim. 1 saatlıq söhbətdən bir nəticəyə gələ bilmədik. “Özbaşına deyilik. Bizə nə deyirlərsə onu da edirik .Ya vəzifəmizlə vidalaşmalıyıq, ya da cinayəti törədənlər cəzasını almalıdırlar”-prokuror fikrini  belə ifadə etdi.

-Razıyam, yoldaş prokuror, tam razıyam. Amma bu tifilləri başa düşməliyik. Heç olmasa məhkəməyə qədər bu yazıqlar barədə həbs-qətimkan tədbirini dəyişək. (Sovet vaxtında həbs qərarı prokurorun sanksiyası ilə baş verirdi)Tutulanların hər biri həm də, zərərçəkənlərdir. Ermənilər birinin atasını, digərinin uşağını, qardaşını qətlə yetiriblər, namuslarına təcavüz ediblər. Bəs niyə, Ermənistanda faktla bağlı cinayət təqibinə başlanılmır? Sovet bizim üçün varsa, niyə ermənilər üçün olmasın? Söhbətimiz uzun çəksə də, prokurorun  sanksiyasını dəyişməyə  imkan verilmədi…

SSRİ-nin  dağılması ehtimal olunsa da, heç kim buna inanmazdı. Nəhəng bir imperiyanın süqutu ağlabatan deyildi. Amma, gözləmədiyimiz bir gündə, böyük ittifaqın qapıları taybatay açıldı, onun tərkibində olan müttəfiq respublikalara sanki; “Gedin, hər biriniz müstəqil dövlətsiniz, başınıza özünüz çarə qılın. Sovet artıq yoxdur”-komandası verilmişdi. Çaşqın və mürəkkəb bir dövr, bir era başlanmışdı… Azərbaycan da müstəqil dövlətlərdən biri olaraq ağır keçid mərhələsini yaşamağa məhkum idi….

Hamısını Göstər

Related Articles

Back to top button
Close