“Nazirin Moskva səfəri gərginliyi yumşaltdı…”

Teleqraf.com-un suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında Moskvada baş tutmuş görüş haqda təəssüratınız nədir, bu, ikitərəfli münasibətlərdə gərginlik yaradan problemlərin həllinə imkan verəcəkmi?

– Bu görüş Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin olduğu dövrə təsadüf etdi. Söhbət Rusiyadan İrəvana 400 min ton həcmində silahların göndərilməsindən, Ermənistanın Moskvanın təhriki ilə təxribata əl atması ehtimalından, üstəgəl rus mediasında Azərbaycan əleyhinə başlayan tendensiyadan gedir. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin 10 mindən çox şəxsi heyətinin Azərbaycana gəlməsi Rusiyanı Ermənistandan da çox narahat edən amillərdən biridir. Bu, geostrateji mübahisə məsələsidir. Bu, 100 il əvvəl olduğu kimi Türkiyənin yenidən Qafqaza dönməsi və ya Azərbaycanın bölgədə geostrateji rolunun artması ilə bağlıdır. Rusiya bu proseslərə narahatlıqla yanaşır.

Bizim ruslara tələblərimiz daha çoxdur. Hər nə qədər dilə gətirilməsə də Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qalmasında və mövcud status-kvonun qorunmasında Rusiyanın rolu var. Buna görə də həmin tələbləri irəli sürməyə tam haqqımız çatır.

Xarici işlər nazirinin Moskvaya səfəri zamanı onun qarşısında böyük məsələlər dururdu. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışmışdı. Bu telefon danışığında Rusiyanın bölgədə problem yaradan addımları qarşı tərəfin diqqətinə çatdırılmışdı. Yəni xarici işlər nazirimiz belə bir gərgin havada keçən görüş zamanı Azərbaycanın bütün iradlarını və bu iradların nə qədər əsaslı olduğunu Lavrova bildirdi.

Rusiya tərəfi də Türkiyə qoşunlarının Azərbaycana gəlməsi və bölgədə hərbi baza yaratmaq ehtimalından doğan narahatlığını dolayı yolla ifadə elədi. Rusiyanın bu narahatlığının dərin əsasları var. Amma Rusiyanın Ermənistanda ikidən çox hərbi bazası və bu ölkələrin sərhədlərini qoruyan zastavaları mövcuddur.

– Bəs baş verənlər fonunda Ermənistan-Azərbaycan münaqişəsinin yeri haradadır?

– Belə bir gərgin havada Dağlıq Qarabağ probleminin müəyyən qədər kölgədə qaldığını deyə bilərəm. Bu, son zamanlarda yaranan problemlərə daha çox diqqətin ayrılmasından gedir. Əlbəttə, son görüşlərdə bu məsələyə də müəyyən mənada toxunulub. Yəqin ki, Rusiya yenə də öz “arqumentləri” ilə mövqeyini izah etməyə çalışır, amma bunun Azərbaycanı razı salacağını düşünmürəm.

Bütün hallarda son görüşlərin gərginliyi müəyyən qədər yumuşaltdığını demək olar. Bunlar problemləri aradan qaldırmasa da qarşılıqlı etimad mühitinin qismən də olsa bərpa olunmasına imkan verir. Hər halda bu görüşü bölgədə sabitliyin yaradılması baxımından əhəmiyyətli hesab etmək olar.

– Rusiya Xarici işlər naziri Sergey Lavrov son açıqlamalarından birində bildirdi ki, Ermənistanın Azərbaycanın bölgədəki enerji xətlərinə nəzarəti ələ keçirmək cəhdləri döyüşlərə səbəb oldu. Hesab etmək olar ki, Lavrov əslində bununla Tovuz təxribatının arxasında Ermənistanın yox, Rusiyanın dayandığını izah etməyə çalışıb. Başqa sözlə, niyə Rusiya Azərbaycana qarşı belə aqressivləşdi?

– Düşünürəm ki, Rusiyanı aqressivləşdirən və öz günahını Azərbaycanda “axtarmağa” məcbur edən amil federasiya daxilində ictimai-siyasi vəziyyətin gərgin olması ilə bağlıdır. Rusiyada hakimiyyətdaxili çəkişmələr var, əhalinin böyük əksəriyyəti mövcud iqtidarın yürütdüyü siyasətdən narazıdır. Vladivostokdan tutmuş, Xabarovsk və Yekaterinburqa qədər əhali hələ də ayaq üstdədir, Putinin istefasını tələb edirlər, üstəgəl maddi və sosial-iqtisadi durumun ağırlığını dilə gətirirlər.

Rusiya hesab edir ki, Azərbaycan TANAP layihəsini işə salıb öz qazını Türkiyəyə ötürsə, türk bazarını itirəcək. O da məlumdur ki, Azərbaycan ilin sonuna doğru “Şahdəniz-2” qaz yatağını işə salacaq. Bununla Azərbaycanda təbii qazın istehsalı təxminən 3 dəfə artacaq. Bu o deməkdir ki, bu ilin sonlarına, gələn ilin əvvələrinə doğru Avropa bazarlarına 32-34 milyard kubmetr qaz ixrac edə biləcəyik. Hələ sovet dövründə Xəzər dənizində tədqiq edilmiş, amma istismar edilməmiş “Qarabağ” adlı böyük qaz yatağı da var. Azərbaycan artıq bu yatağı da işləməyə başlayıb. Təxminən 2 ilə bu yatağın işə düşməsi ilə Azərbaycan Rusiyanı Türkiyə bazarından vurub çıxardığı kimi, Avropanın müəyyən bazarlarından da kənarlaşdıracaq.

Bu səbəbdən ötən ay baş verən təxribat Tovuz rayonuna qarşı yox, Azərbaycanın bu enerji xətlərinə qarşı yönəlmişdi. Məqsəd həm də Azərbaycanın Qərblə enerji, nəqliyyat və digə sahələrdəki əlaqələrini kəsmək idi.

Amma ordumuz bu məkrli planın həyata keçməsinə imkan vermədi. Yəni son zamanlarda əli hər şeydən üzülmüş Rusiya Azərbaycana qarşı bir sıra xoşagəlməz addımlar atmağa çalışır. Bu da ikitərəfli münasibətlərdə gərginliyə səbəb olub. Qarşılıqlı səfərlər də bu gərginliyə səbəb olan məsələlərin aydınlaşdırılmasından irəli gəlir.

– Son proseslər fonunda o fikir də irəli sürülür ki, Rusiya artıq Azərbaycanın suallarına cavab vermək durumuna düşüb.

– Bunun əsas səbəbləri Azərbaycanın müstəqil siyasət yürütməsi, Türkiyə ilə konfederativ sayıla biləcək işbirliyinə getməsi, ərazilərində türk ordusunun hərbi bazalarının yaradılması haqda fikirlərin bəyan edilməsi, ən başlıcası da dünyanın enerji bazarlarında Rusiyaya ilə rəqabətə girə biləcək səviyyəyə qalxmasıdır. Rusiya normal dövlət olsaydı, onun atdığı addımları məntiqlə sorğulamaq və islah etmək olardı. Amma həmişə qonşularına qarşı aqressiv və məntiqsiz addımlar atan Rusiyanın davranışlarını diplomatik məntiqlə şərh etmək mümkün deyil.

Artıq Rusiyanın özündə də siyasi böhranın əlamətləri görünməyə başlayıb. Rusiya dövlətçiliyinin ənənələrindən biri də həmişə daxildə ictimai-siyasi böhran yarananda, əhalinin diqqətini bundan yayındırmaq üçün kənarda “düşmən obrazı” yaratmağa çalışmaqdır. Əvvəlcə bu “düşmən”ə ideolji hücumlar başlayır, daha sonra təxribat və praktiki addımlarla “düşmən”i xalqın şüuruna yeritməyə çalışırlar. İndi baş verənlər də təxminən bu məzmundadır.

– Bakıya gələn müdafiə naziri Sergey Şoyqu dedi ki, Rusiya Tovuz təxribatı dövründə və bundan sonra Ermənistana silah-sursat yox, oradakı hərbi bazasına inşaat materialları göndərib. Bu açıqlamanı necə başa düşməliyik?

– Adi inşaat materiallarını təyyarə ilə, özü də ənənəvi, 1500 kilometrdən çox olan marşrutla – Qazaxıstan, Türkmənistan və İran vasitəsilə daşımaq gülünc görünür. İndi həm Azərbaycan, həm də Türkiyənin təhlükəsizlik orqanları bu istiqamətdə ciddi işlər görürlər. Şoyquya o sualı vermək lazım idi ki, bu “tikinti materialları”nı 10 gün gec göndərsəydiniz olmazdı? Niyə bunu Tovuz təxribatından bir gün əvvəl göndərməyə başladınız?

Bunların müasir silahlar olduğunu sübut etməyə böyük ağıl lazım deyil. Heç nadir, müasir texnologiyaya əsaslanan tikinti materialları var ki, bunların daşınması təyyarələrlə həyata keçirilmir, özü də qısa məsafəyə. Bəs sən niyə TIR-larla daşına biləcək materialları o boyda məsafədən təyyarələrlə daşıyırsan? Yəni Şoyqunun açıqlaması mənasızdır, heç bir məntiqə sığmır.

Şoyqu ordu generalı olsa da Rusiyanın Azərbaycana qarşı törətdiyi böyük bir təxribatı çox gülünc formada izah etdi. Özünü də, təmsil etdiyi dövləti də gülünc duruma saldı.

– Bəs Azərbaycanda fəallaşan, öz iddialarını ortaya qoyan Türkiyə Rusiya ilə rəqabətə girəcəkmi? Təsadüfi deyil ki, Türkiyə Prezidenti Ərdoğan son açıqlamasında Türkiyənin geosiyasi maraqlarından danışarkən Aralıq dənizi, Afrika, Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazın da adını çəkmişdi.

– Hesab edirəm ki, Cənubi Qafqaz Türkiyənin geosiyasi maraqları içində birinci yeri tutur. Cənubi Qafqaz Osmanlı İmperiyasının da, Türkiyə dövlətinin də maraq göstərdiyi əsas bölgələrdən biri olub. Müəyyən dövrlərdə bu bölgələri türk imperiyası idarə edib. İndi 100 ildən sonra yenidən Cənubi Qafqaza qayıdış anlaşılandır. Üstəgəl ortada çox böyük ərazisi, əhalisi 350 milyonu keçən böyük bir türk dünyası var. Türk dünyasının minilliyin əvvəlindəki qüdrətini yenidən bərpa etmək mümkündür.

XXI əsrin əvvəllərində dünyanın siyasi konyukturasını müəyyən edən amillər içində neft-qaz və kommunikasiya əlaqələri mühüm yer tutur. Qərb Çin, Cənubi Koreya və Mərkəzi Asiya respublikaları ilə bu istiqamətdə olan əlaqələrini Azərbaycan və Gürcüstan vasitəsilə həyata keçirir. Bu işlərin də əsas operatoru Azərbaycandır. Bu baxımdan, Türkiyənin Azərbaycan və bütün türk dünyasına maraq göstərməsi onun ən təbii haqqıdır.

Hesab edirəm ki, Turan ordusu ideyasının gündəmə gəlməsi və siyasi dövriyyəyə buraxılması elə-belə deyil. Türk Dövlətlərinin Əlaqələndirmə Şurası və Türk Birliyinin yaradılması Türkiyənin geosiyasi maraqlarına daxildir. Deyərdim ki, bu, Türkiyənin Aralıq dənizi və dünyanın digər bölgələrindəki maraqlarından daha üstündür. Buna Rusiya tərəfindən müəyyən müqavimətlərin olacağı gözləniləndir.

Ermənistan isə buna qarşı daha həyasız və şərəfsiz formada addımlar atmağa çalışır. Amma onu deyə bilərəm ki, bu iş başlanıb və həyata keçiriləcək.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close