Paşinyan: 44 günlük müharibə ilə bağlı deyiləsi sözümüz yoxdur

“44 günlük müharibə ilə bağlı deyiləsi yeni bir şey yoxdur, artıq hər şey bəyan edilib”.
Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Hökumət başçısı bu səbəbdən 27 sentyabr məsələsinə toxunmadıqlarını bildirib:
“Ermənistan tarixində bir çox faciəli tarixlər var və hər birinə ayrıca toxunmaq mümkün deyil. Hökumət 27 sentyabra da bilərəkdən xüsusi diqqət ayırmadı. Çünki 44 günlük müharibə haqqında artıq hər şey deyilib, deyiləsi yeni bir şey yoxdur”.
Baş nazir həmin günlə bağlı ayrıca müraciətin olmadığını da qeyd edib. Həmçinin 2016-cı ilin Aprel müharibəsi də daxil olmaqla, digər tarixləri də xatırladıb: “Problem ondadır ki, tariximiz faciəli tarixlərlə doludur. Araşdırsaq məlum ola bilər ki, bütün həftəsonlarımız, hətta ilin 365 günü faciələrlə doludur”.
Paşinyan 27 sentyabrda “İctimai” Televiziyada yayımlanan konsertlə bağlı da şərh verib: “Başa düşmək istəyirəm: 10 ildən sonra 27 sentyabrda konsert yayımlamaq mümkün olacaq, ya yox?”.
Xatırladaq ki, Ermənistan hökuməti 44 günlük müharibənin başlamasının ildönümü olan 27 sentyabrda bəyanat verməyib, üstəgəl, həmin gün “İctimai” Televiziya müğənni Tata Simonyanın iki saatdan çox davam edən konsertini yayımlayıb. “Anım günü”ndə televiziyada yayımlanan bu əyləncəli məzmun və hökumətin bəyanat verməməsi ölkənin müxalif-revanşist çevrələrində etiraz yaradıb.
Polise.az



