Qarabağdakı təxribatda İran “izi”? – Türk ekspert

Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) Qaradəniz və Qafqaz bölgəsi üzrə mütəxəssisi Turqut Tuncəl Kərəmin Axar.az-a müsahibəsi:

– Turqut bəy, Qarabağda rus sülhməramlıların arxasında gizlənən separatçı erməni tör-töküntülərinin törətdikləri son terror aktlarının səbəbi və məqsədi nədir? Bu, rəsmi İrəvana tabe olmaq istəməyən separatçıların yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında gerçəkləşmə ehtimalı olan razılaşmaya əngəl olma cəhdi ola bilərmi?

– Hazırda rəsmi İrəvanla Qarabağdakı separatçılar arasında bəzi ciddi fikir ayrılıqlarının olduğu artıq hər kəsə məlumdur. Təxminən bir həftə öncə, Mülki Müqavilə Partiyasının rəsmisi gündəmdə olan “Altılıq platformu” haqqında müsbət fikirlər demişdi. Bu aspektdən Qarabağdakı separatçıların 10 noyabr bəyannaməsində göstərilən şərtlərin həyata keçirilməsini və sülh şəraitinin təmin edilməsini əngəlləmək üçün müxtəlif provokasiya xarakterli əməllər törətməsi ehtimallar içərisindədir. Eyni zamanda, Ermənistanın dövlət qurumlarındakı və ordudakı bəzi mərkəzlərin də iqtidarın razılığı olmadan bölgədə gərginliyi artırma cəhdləri mümkündür. Keçmiş müdafiə naziri David Tonoyanın həbsinə və onun ətrafında baş verən proseslərə diqqət yetirmək lazımdır. Yəni Ermənistanda dövlət daxilindəki çəkişmələr sözügedən terror aktlarının törədilməsinə səbəb ola bilər. Ermənistanın son dövrdə İran və Azərbaycan arasında münasibətlərin pisləşməsindən bölgədə gərginliyi artırmaq üçün istifadə etməsi də versiyalar arasındadır.

– Ötən gün Minsk şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş oldu. Görüş zamanı tərəflərin bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsi üçün 10 noyabr bəyannaməsinin bütün bəndlərinin yerinə yetirilməsi haqqında həmfikir olduğu açıqlandı. Təxribatların bu görüşün keçirildiyi vaxtda baş verməsini bəzi ekspertlər təsadüfü saymır.

– Burada vacib problemlərdən biri Qarabağda hələ də qanunsuz erməni silahlı birləşmələrinin qalmasıdır. 10 noyabr bəyannaməsinin əsas şərtlərindən biri rus sülhməramlılarının Qarabağda fəaliyyətə başlamasına paralel şəkildə qanunsuz erməni silahlı birləşmələrinin bölgəni tərk etməsidir. Hazırkı vəziyyətdə ağlımızda iki sual meydana gəlir. Birinci sual rus sülhməramlılarının bölgədə öz missiyalarını yerinə yetirmək qabiliyyətinə sahib olub-olmadıqları ilə bağlıdır. İkinci sual isə Rusiyanın bütün bu təxribatlara bilərəkdən göz yumması ehtimalı haqqındadır. Hər iki hal Rusiyanın etibarlı aktor olub-olmadığı məsələsini meydana çıxarır. Məncə, Rusiyanın əsas məqsədi bölgədə öz maraqlarını qorumaqdır. Bunun üçün yeri gələndə sülhü də, müharibəni də dəstəkləyə bilər. Bütün bunlarla yanaşı, Rusiya Qarabağda sülhməramlı qüvvələrinin bölgədəki ömrünü uzatmaq üçün ermənilərin provokasiyalarına səssiz qala bilər.

– Sizcə, Azərbaycan hansı addımları atmalıdır?

– Azərbaycan baş verən hadisələr fonunda çox diqqətli hərəkət etməyə davam etməlidir. İranın son dövrdə gərginliyi süni şəkildə artırmaq cəhdləri diqqətlə izlənməlidir. Azərbaycan öz məqsədini, məramını İrana bütün diplomatik vasitələrlə izah etməlidir. Rusiyaya isə öz məsuliyyəti xatırladılmalıdır. Hindistan ilə Ermənistan arasında yaxınlaşmanın sürətlənməsi də bölgədəki proseslər baxımından önəmli məqamdır. Azərbaycan bütün tərəflərə öz haqlarının pozulması ilə heç vaxt razılaşmayacağını diplomatik yollarla açıq şəkildə bildirməlidir. Müdafiə sahəsində strateji və hərbi üstünlüyü artıracaq addımların sayının çoxalması masada Azərbaycanın əlini gücləndirə bilər.

Hamısını Göstər

Related Articles

Back to top button