Quterreş: Bəşəriyyət iqlim böhranının astanasındadır
BMT-nin Baş katibi 2023-cü ilin planetin tarixində ən isti il olacağını bildirərək, dünya liderlərini hərəkətə keçməyə səsləyib.
Polise.az “Guardian” nəşrinə istinadla xəbər verir ki, BMT BMT-nin Baş katibi Antonio Quterreş bəşəriyyətin iqlim böhranı ilə üzləşdiyini bildirib.
A. Quterreş BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının (COP 28) Tərəflərinin 2023-cü il Konfransının iştirakçılarına Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2023-cü ildə iqlimin vəziyyəti haqqında hesabatın dərc edilməsi ilə bağlı müraciət edib. Bu hesabata görə, 2023-cü il planetin tarixində ən isti il olacaq.
“Rekord istiləşmə dünya liderlərini hərəkətə keçməyə vadar etməlidir. Bundan əlavə, bu vəziyyətlə bağlı onlar artıq zəruri tədbirlər görməlidirlər”, – deyə BMT-nin Baş katibi vurğulayıb.
Oktyabr ayının sonuna olan məlumatlar 2023-cü ildə qlobal temperaturun sənayeyəqədərki göstəricilərdən 1,4 dərəcə yüksək olduğunu göstərib. Bu, yerin təkindən əldə olunan yanacaqların istifadəsi zamanı ayrılan karbon tullantılarının davamlı olaraq artması və El-Ninyo iqlim hadisəsi ilə əlaqədardır. Ekspertlər qeyd edirlər ki, El-Ninyo hadisəsinə görə 2024-cü ildə temperatur rekordu yenidən təzələnə bilər. Bu isə qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə – ölkələrin iqlim dəyişikliyinə yol verməmək barədə razılığa gəldikləri maksimuma yaxınlaşması deməkdir.
BMT daha əvvəl inkişaf etmiş ölkələri il ərzində iqlimin qorunmasına çəkilən xərcləri 400 milyard dollara qədər artırmağa çağırıb.
Polise.az