Ramiz Mehdiyev istefa yolunda… – “Alimliyi” ifşa olundu!

Qulu Məhərrəmli: “Onu cəmiyyətə elm adamı, akademik kimi sırımağın mənası yoxdur”

AMEA prezidenti Ramiz Mehdiyevin alimliyinin əslində bir fiksiya olduğunu sübut edən araşdırma yazı Musavat.com saytında dərc edib. Məqalə yarım əsrdən də artıq bir müddət ərzində Ramiz Mehdiyevin elmi fəaliyyətinin özətini ortaya qoyur.

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin media qrupumuzun analitiklərinin dəstəyi ilə hazırladığı yazıda göstərilir ki, tarixən AMEA-nın prezidentləri müəyyən bir elmi məktəbin yaradıcısı, yüksək ixtisaslı kadrlar yetişdirmiş məşhur alimlər (Mirəsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov və s.) olublar.

Yazıda Ramiz Mehdiyevin hansı elmi məktəbin yaradıcısı olması, neçə elmi kadr hazırlaması faktları ortaya qoyulub. Müəllif qeyd edir ki, Ramiz Mehdiyev 55 il ərzində elmi jurnallarda cəmi 46 məqalə çap etdirib. Bu “elmi” məqalələrin də böyük əksəriyyəti özünün redaksiya şurasının sədri olduğu “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında dərc edilib. Qeyd olunan jurnalların heç biri Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər”in siyahısına daxil deyilmiş.

Ramiz Mehdiyevin elmi məhsuldarlıq dövrünün vəzifəyə təyin olunandan sonra başladığını bildirən müəllif sual edir ki, yüksək dövlət postu tutmuş bir şəxs haradan vaxt tapıb 34 məqalə və kitab yazıb?

Yazının diqqət çəkən hissələrindən biri isə Mehdiyevin necə AMEA-nın üzvü olması ilə bağlıdır. Müəllif qeyd edir: “Akademiyanın saytına nəzər saldıqda, aydın olur ki, Ramiz Mehdiyev 2007-ci ildə birbaşa akademik seçilib. Hansı elmi töhfələrinə görə? Akademiyanın həqiqi üzvləri (akademikləri), bir qayda olaraq, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Akademiyanın müxbir üzvlərinin içərisindən seçilirlər. Elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları Akademiyanın müxbir üzvləri seçilirlər. Ramiz Mehdiyevin elmi fəaliyyəti bu tələblərə cavab verirmi?”.

Yazıda o da yer alır ki, Ramiz Mehdiyev indiyə kimi bir nəfər də olsun nə fəlsəfə, nə də elmlər doktoru hazırlayıb.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının professoru, filologiya elmləri doktoru, Qulu Məhərrəmlinin də bu yazıya münasibəti maraqlıdır. Musavat.com-a danışan Q.Məhərrəmli qeyd edir ki, ictimai dairələrdə Ramiz Mehdiyev adlı alim tanınmır.

Professor bildirir ki, Ramiz Mehdiyevin alimliyini qəbul etməyən adamların sırasındadır: “Ramiz Mehdiyev yüksək vəzifələrdə olub və kimlərsə də onun adından məqalələr yazıb. Sadəcə imzalar ona məxsusdur. Bunların hamısı  faktdır. Onun elm işçilərinə, elm təşkilatlarına birbaşa təsiri olub, elmi nəşirlərin üstündə dayanıb, əlinin altında işçiləri olub. Amma onu cəmiyyətə elm adamı, akademik, ideoloq kimi sırımağın mənası yoxdur. Təəssüf ki, Azərbaycan cəmiyyətində o qədər simasız insanlar, böyük yalanlar, yaltaq yanaşmalar var ki, tamamilə savadsızın birini dünya şöhrətli alim edə bilirlər. Təəssüf ki, bu kimi hallar cəmiyyətdə belə bir təsəvvür yaradır ki, alim belə olur, onun-bunun əməyini mənimsəyir, başqalarına məqalə, kitab yazdırır. Mahiyyətcə bir insanın bu qədər iş görməsi nə qədər real ola bilər? Bir adam həm inzibati işlərlə, həm kütləvi nəzarətlə, həm də tədbirlərdə iştirak etməklə, çıxışlarla necə məşğul ola bilər? Otursa, bəlkə də bir məqalə güclə yaza bilər. Amma bu, elm demək deyil”.

Q.Məhərrəmli vurğulayıb ki, AMEA-da  Ramiz Mehdiyevin ətrafında olan akademiklərin heç biri ondan əskik deyil: “Ramiz Mehdiyevin əsl mahiyyəti haqda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev çox gözəl bir yazı yazmışdı. Həmin yazı hələ Ramiz Mehdiyev vəzifədə olduğu zaman yazılmışdı. Alqış Musayev vicdanlı və dürüst məqalə dərc etmişdi və orada Ramiz Mehdiyevin alimliyinə də qiymət vermişdi”.

Məlumata görə, Ramiz Mehdiyevin yaxın günlərdə istefası gözlənilir. İstənilən halda, istefa versə də, hər şeyə rəğmən öz postunda qalmaqda israr etsə də, Ramiz Mehdiyevlə bağlı mövzular hələ ölkə gündəmini çox məşğul edəcək.

Musa Qasımlı: "Təhsilə göstərilən diqqət dövlətin gələcəyinə olan qayğısı deməkdir"

Daha əvvəl də Ramiz Mehdiyevi istefaya çağıran Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Müsavat”a açıqlamasında eyni mövqedə qaldığını bildirib. Deputat qeyd edib ki, Ramiz Mehdiyevin istefa verməsinin vacibdir.

Musa Qasımlı daha əvvəl Ramiz Mehdiyevi istefaya çağırarkən bildirmişdi ki, o, AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib.

“Yaranmış vəziyyət nə qədər böhranlı və ürəkağrıdıcı olsa da, ondan çıxış yolu heç şübhəsiz, var. Cənab Prezident İlham Əliyevin başlatdığı dərin və ölkəmizin on illər bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə Ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır…”- deyə Musa Qasımlı qeyd etmişdi.

Qulu Məhərrəmli isə qeyd edir ki, Ramiz Mehdiyev sadəcə istefa verməklə canını qurtarmamalı, xalqın qarşısında cavab verməlidir: “Ramiz Mehdiyevin istefası ilə bağlı xəbərlər dolaşır və hiss olunur ki, ona qarşı kütləvi təzyiqlər var. Ola bilər ki, Ramiz Mehdiyev bunlardan nəticə çıxararaq istefa verər. Amma bu, mənim üçün o qədər də inandırıcı versiya deyil. O da ola bilər ki, Akademiyanın özündən və ya başqa bir yerdən təzyiq göstərilir ki, istefa versin. Çünki sıradan bir adamın istefa verib-verməməsi cəmiyyət üçün o qədər də əhəmiyyət daşımır. Amma uzun illər ölkədə ictimai-siyasi mühitə təsir edən, bir çox naqisliklərdə rolu və iştirakı olan, indi də AMEA-nı tamamilə başqa funksiyalarla zəngilləşdirmək istəyən bir adamın istefası əlbəttə ki, müəyyən qədər cəmiyyət üçün əhəmiyyətlidir. Mehdiyev elə bir fiqurdur ki, əli çox yerdədir. Onun istefası ilə bağlı yayılan xəbər doğru olsun. Amma istefa ilə də canını qurtarmasın. Xalqın qarşısında gördüyü işlərə görə hesabat verməlidir. Azərbaycan mənəviyyatına, tarixinə, milli dəyərlərinə ən ciddi ziyan vuran şəxslərdən biridir”.

Hamısını Göstər

Related Articles

Back to top button