Rusiyalı ekspertlər: “Ermənistan Qarabağla bağlı anlaşmaları yerinə yetirməlidir”

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Azərbaycanla güzəşt barədə heç vaxt danışıqlar aparmadığını söylədiyi mətbuat konfransı, Ermənistanda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalmaqdadır.

Hamı yaxşı başa düşür ki, Ermənistanın keçmiş lideri həqiqəti söyləmir. Bunu işğalçı rejimin nümayəndəsi Samvel Babayan da təsdiqləyərək, “bu gün bizim əlimizdə onların danışıqlar apardıqları sənədlər var”, – deyib.

“Çox aydın və dəqiq şəkildə deyilir ki, biz beş rayonu, sonra iki rayonu, sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür… İndi mən sual verirəm: bu güzəştdir, ya güzəşt deyil, bu xəyanətdir, ya yox?..” – deyə S.Babayan “Azadlıq” Radiosuna müsahibəsində bildirib.

Samvel Babayanın xəyanət adlandırdığı, əslində isə yeganə düzgün yol (işğal altındakı torpaqları geri qaytarmaq) barədə Media.Az rusiyalı politoloq, Strateji İnkişaf Fondunun Ekspert Şurasının rəhbəri İqor Şatrov və Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perençiyev ilə danışıb.

İqor Şatrov:

– Dondurulmuş münaqişə tərəflərindən hansı bəyanatlar səsləndirilir? Ya danışıqların davam etdirilməsi, ya da tərəflərdən birinin dialoq aparmaqdan imtina etməsi barədə. Bir növ yenidən başlamağa ehtiyac olunduğunu bildirirlər və s. Əvvəlki razılaşmaları köhnəlmiş göstərmək üçün danışıqlar prosesi sadəcə uzadılır.

– Sizin fikrinizcə, Qarabağ münaqişəsi ilə bağlı anlaşmalar olubmu?

– Əlbəttə var idi. Sənədlər var və sonradan cəmiyyətə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Bu sənədlər başqa cür şərh edilə bilməz. Aşkar olanı inkar etmək qəribə olardı. Bəs bu niyə edilir? Məsələ əldə olunan razılaşmaları rədd etməkdədir. Ancaq hər bir halda, kompromisə gedilməli, danışıqlar aparılmalıdır.

Aleksandr Perençiyev

– Əlbəttə, razılaşmalar mövcuddur, ən azı var idi. Ermənistanın hazırkı rəhbərliyi faktiki olaraq status-kvonun qorunması yolunu tutur. Erməni tərəfi hesab edir ki, işğal etdikləri Azərbaycan əraziləri Ermənistanın nəzarətində olmalıdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda işğal altındakı yeddi rayon. İrəvan kompromisə getmək istəmir.

Bəli, orada nə barədə olursa olsun – gərginliyi azaltmaq, təhlükəsizliyə nəzarət etmək üçün danışıqlar aparmağa hazırdırlar. Ancaq Ermənistanın hazırkı rəhbərliyi heç bir halda ərazi məsələsini müzakirə etmək niyyətində deyil.

Madrid prinsipləri məntiqi və kompromisli variantıdır. Bəli, həm Azərbaycan, həm də Ermənistan bəzi müddəalardan narazı qalacaqlar. Ancaq elə buna görə də bu kompromisli və sülhə aparan yoldur.

Durub bundan imtina etmək isə (Ermənistanın etdiyi kimi) sülhdən imtina etməkdir. İrəvana, təkrar edirəm, status-kvonu saxlamaq lazımdır. İrəvanda sülhə hazır olduqlarını bildirsələrdə, işğal olunmuş ərazilərdən imtina etməyə hazır deyirlər. Bununla belə kəskinləşmə olarsa, Ermənistan Azərbaycanın təcavüzü barədə səs-küy salacaq. Əlbəttə ki, əraziləri ələ keçirdikdən sonra sülhsevərliyi elan etmək asandır. Erməni tərəfi günahı başqasına atmaq istəyir.

– Bəs sonra nə etməli, dalandan necə çıxmalı?

– Ermənistan tarixi və siyasi fırıldaqçılıq siyasəti aparır. Bu vəziyyətdə nə etmək olar? Müharibəni yaxınlaşdırmaq? Yəqin ki, yox. Bu fırıldaqçılığı (Ermənistan tərəfinin – red.) ifşa etmək lazımdır. Baş verənlər kimə sərf edir? Bu barədə bütün tərəflərdən, o cümlədən danışıqlar prosesində olan vasitəçilərdən – Rusiya, ABŞ və Fransadan soruşulmalıdır. Ümumiyyətlə kim hesab edir ki, bu ərazilər, ilk növbədə də Azərbaycanın işğal olunmuş yeddi rayonu Ermənistan nəzarətində olmalıdır?

Madrid prinsipləri və beynəlxalq hüquq var. Razılaşmalar olub. Bunlar yerinə yetirilməlidir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close