Şəhid ailələri və qazilər də ictimai nəqliyyatdan ödənişsiz istifadə etsin – Sabiq polis polkovnikindən TƏKLİF

Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən kateqoriyalara aid şəxslərə ictimai nəqliyyatdan ödənişsiz istifadə hüququ verilir. Bu güzəştlər sırasında xidməti vəzifələrini icra edən polis əməkdaşları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kateqoriyalar yer alır.
Bununla yanaşı, ictimai nəqliyyatdan ödənişsiz istifadə hüququnun əlavə sosial kateqoriyalara da şamil edilməsi ilə bağlı təkliflər səsləndirilir.

Bu təkliflərdən biri şəhid ailələri, qazilər və müharibə veteranlarının da həmin güzəştdən yararlanması ilə bağlıdır.

“Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev redaksiyamıza müraciət edərək şəhid ailələri, qazilər və müharibə veteranlarının ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının qanunvericilikdə nəzərdə tutulmasını təklif edib.

Moderator.az olaraq Şəmsəddin Əliyevin bu məsələ ilə bağlı fikirlərini diqqətinizə çatdırırıq:

“Əslində, ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının hansı kateqoriyalara şamil edilməsinin normativ hüquqi aktlarla dəqiq müəyyənləşdirilməsi mühüm məsələdir. Belə güzəştlərin müəyyənləşdirilməsi vətəndaşlarda dövlət siyasətinə inamın, Vətənə sədaqət və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət edə bilər.

Bu, eyni zamanda, hüquqi dövlət prinsiplərinə və Konstitusiyanın 12-ci maddəsində təsbit olunan dövlətin ali məqsədinə uyğun yanaşmadır.
Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu baxımdan müəyyən sosial kateqoriyalara əlavə sosial təminatların təqdim olunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Bilirsiniz ki, bu gün anım günüdür. Bu ay biz Dövlət Suverenliyi Gününü qeyd etdik, sentyabrın 15-də isə Bakının azad olunmasının ildönümünü yad etdik. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasında şəhidlərin, qazilərin, müharibə veteranlarının və müharibə iştirakçılarının böyük xidmətləri var. Bu baxımdan hesab edirəm ki, ictimai nəqliyyatdan ödənişsiz istifadə ilə bağlı güzəştlərin müəyyənləşdirilməsi zamanı şəhid ailələri, qazilər və müharibə veteranları da nəzərə alına bilər.
Xüsusilə şəhid ailələrinin və qazilərin bu imkanlardan yararlanması onların Vətən qarşısındakı xidmətlərinə ehtiramın ifadəsi olmaqla yanaşı, mühüm sosial əhəmiyyət daşıyar.

Məlum olduğu kimi, polis əməkdaşlarının xidməti vəzifələrini icra etdikləri zaman ictimai nəqliyyatdan, o cümlədən metropolitendən müəyyən hallarda ödənişsiz istifadə imkanları mövcuddur. Digər aidiyyəti kateqoriyaların, o cümlədən metropoliten əməkdaşlarının bu sahədə müəyyən güzəştlərdən yararlanması da onların xidməti xüsusiyyətləri ilə bağlıdır.

Tarixi təcrübəyə nəzər saldıqda, müharibə veteranları, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün müxtəlif sosial güzəştlərin tətbiq edildiyini görürük. Müəyyən kateqoriyalara kommunal xidmətlərdən və ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə imkanlarının təqdim olunması da həmin sosial siyasətin tərkib hissələrindən biri olub.

Bu gün Azərbaycanın iqtisadi imkanları və sosial siyasət sahəsində həyata keçirdiyi tədbirlər belə bir məsələnin də nəzərdən keçirilməsinə imkan verir. Vətən qarşısında xüsusi xidmətləri olan sosial kateqoriyaların əlavə sosial imkanlarla təmin edilməsi dövlətin sosial siyasətinin daha da inkişaf etdirilməsi baxımından müzakirə oluna biləcək məsələlərdəndir.

Ona görə hesab edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və şəhid ailələri, qazilər və müharibə veteranları üçün ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanının yaradılması məsələsinə baxılması məqsədəuyğundur. Bu, həm Vətən qarşısında xidmət göstərmiş insanlara ehtiramın ifadəsi, həm də sosial təminat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər”.

Pərvin Şakirqızı
Moderator.az /Redaktor

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button