Şəhidlərinin qisasını alan “Əfsanəvi Komutan”: “Düşməndən 15 əsir gətirdim”

Məmmədov Mail Rəhman oğlu 1968-ci ildə Qubadlı rayonunun Göyərcik kəndində anadan olub. Orta məktəbi Göyərcik kəndində bitirən M.Məmmədov Azərbaycan Texniki Universitetinə qəbul olub. Bir il oxuduqdan sonra hərbi xidmətə gedib. 3 il hərbi xidmətini başa vurduqdan sonra geri qayıdıb və təhsilini tamamlayıb.

O vaxt Birinci Qarabağ müharibəsi başlayanda M.Məmmədov kəndə qayıtmalı olub. Qubadlının Göyərcik kəndi həmin müharibədə ilk şəhid verən kənd olub. Müharibədə iştirakı, kəndi qoruması, ermənilərə qan uddurması ilə dillərə dastan olan Mail Məmmədovla bağlı bu günə qədər mətbuatda getməyən bütün məlumatları elə onun özündən eşitdik.

Oxu.az “Əfsanəvi Komutan” ləqəbli kəşfiyyatçı Mail Məmmədovla müsahibəni təqdim edir:

– Birinci Qarabağ müharibəsi başlayanda sizin neçə yaşınız vardı?

– Mən hərbi xidmətdən yeni qayıtmışdım. Səhv xatırlamıramsa 24 yaşım olardı. Müharibə başlayanda dəstələrə bölünüb kəndlərə getdik. Quş tüfəngləri ilə kəndi düşməndən qoruyurduq. Yavaş-yavaş biz mübarizə apardıqca bu dəstələrdən ordu yaranmağa başladı. Həmin ərəfələrdə Sumqayıta gəldim, burada 10 nəfərlə birləşib birgə Şuşaya getmişdik.

Təxminən 1992-ci ilin fevralında qayıtdıq Sumqayıta, mart ayında isə öz dəstəmizi toplayıb Qubadlıya getdik. Kəndə çatanda dedilər ki, rayonun mərkəzində, bağçanın həyətində təzə batalyon yaranıb. Biz də həmin 15 nəfərdən ibarət dəstəyə qoşulub başladıq xidmətimizi davam etdirməyə.

– Xidmətinizə əsgər olaraq başladınız yoxsa kəşfiyyatçı?

– Tabor yığılanda hər kəsdən soruşdular. Mən özüm kəşfiyyatçı olduğum üçün kəşfiyyatda xidmət etmək istədiyimi dedim. Hətta bildirdim ki, yalnız kəşfiyyatda xidmət edəcəm ya da gedəcəm. O vaxt bizdə Əfqanıstanda xidmət edən Habil adlı oğlan vardı. Onu da mənimlə göndərirdilər. Məni kəşfiyyatçı kimi yoxlamaq istədilər, elə həmin gün də Habil gəlib dedi ki, bundan sonra kəşfiyyat bölüyünə adam seçiləndə Mail özü yoxlasın, məsləhət bilsə, götürsün. Bir ay kəşfiyyatçı kimi xidmət etdikdən sonra tağım komandiri, daha sonra isə bölük komandiri təyin olundum.

– 24 yaşında bölük komandiri olmaq, tabeliyində əsgərlərin məsuliyyətini daşımaq sizə çətin gəlmədi?

-Baxmayaraq ki, özüm də daha əvvəl müharibə görməmişdim, xeyr, çətin gəlmirdi. Özüm cəmi 15 gün nümunəvi əsgər olmuşam. Harada, necə xidmət etməyimdən asılı olmayaraq çalışmışam ki, nümunəvi insan olum. Orduda xidmət isə elə bilirəm ki, bizim nəsildə genetikdir (gülür). Vətənpərvərlik insanın qanından gələn bir şeydir. Ona görə də orduda xidmət zamanı istər əsgər, istərsə də zabit kimi heç bir çətinliyim olmayıb.

– İlk döyüşünüzdə əsgər yoxsa zabit olmusuz?

– Uşaqlıqdan orduya marağım böyük olub. İlk döyüşüm elə Qubadlıda, öz torpağımızda olub. Üç il Rusiyada Hərbi Dəniz Qüvvələrində xidmət etmişəm. Bizimlə xidmət edən oğlanlar vardı ki, 3 il onlara dəhşət kimi gəlirdi. O qədər çətin rejimlərdən keçmişəm ki, orduda xidmət etmək mənə o qədər də çətin gəlmədi.

– İlk öldürdüyünüz erməni hərbçisini xatırlayırsızmı?

– Gözümü açandan evimizdə ov tüfəngi olub, tez-tez ova gedirdim. İlk dəfə öldürdüyüm ermənini xatırlamıram, amma hadisə yadımdadı. Ermənilərlə təxminən 150-200 metrlik məsafəmiz olanda ilk erməni hərbçisini atəşlə öldürdüm. Elə o ermənini də vuranda elə bildim ki, toyuq ya quşdu ovladım.

“Kəşfiyyata gedib həftələrlə gəlmirdim”

-Müharibə zamanı postlarınız hansı istiqamətdə olub?

-Qubadlı rayonunun Yuxarı Cibilli kəndində post qurmuşduq. Ümumiyyətlə rayonun Aşağı və Yuxarı Cibilli kəndləri mənim ərazim idi. Bura ən qaynar nöqtələrdən biri olduğu üçün ən qızğın döyüşlər burada olurdu. Laçında ağır döyüşlər olub. Mən də ehtiyac olduqca ora köməyə getmişəm. Elə olub ki, döyüş zamanı üstümdə 20-30 kq yüklə gəzmişəm, heç istirahət zamanı da o yükü açıb yerə qoymamışam.

Kəşfiyyatda xidmət etmişəm və işimdən çox zövq almışam. Elə olub ki, kəşfiyyata gedib həftələrlə gəlməmişəm. Heç kim də mənə “harda idin?” sualını verməyib. Bilirdilər ki, heç bir kəşfiyyatdan əliboş qayıtmıram.

“Düşməndən 15 əsir, iki “KamAZ” qənimət kimi gətirmişdim”

-Kəşfiyyatdan gələndə özünüzlə daha çox nə gətirmisiniz?

Kəşfiyyata gedən də ən çox əsir gətirirdim. Biz öz aramızda ona “diri” deyirdik. Əsas onu diri gətirməkdir. Onlar bizdən çox qorxurdular. Kəşfiyyata gedəndə maksimum hara qədər gedə bilirəmsə, gedirdim. Elə olurdu ki, ərzaqlarımız bitirdi. Bir dəfə iki nəfərlə birgə təxminən 3 gün ərazidə olduq deyə yemək bitdi. Məcbur olub ermənilərin öz evlərinə girib, yemək götürüb çıxırdım, heç ruhları da duymurdu.

Əsirlərə gələndə isə hərəsini bir cür qatıb qabağıma gətirmişdim. İkisini bir, üçünü bir götürmüşdüm, hətta evlərində yatdıqları yerdən əsir götürdüyüm düşmənlər olub. Təxmini xidmət etdiyim dövrlərdə 15 əsir gətirmişəm. İki dənə də erməni KamAZı gətirmişdim. KamAZlardan biri yaxın illərə qədər Sumqayıtda olub. Daha sonra hərbidə işləyən uşaqlara vermişdim, sürürdülər.

-Gedən döyüşlərdə itkiləriniz çox olurdu?

Döyüşlər itkisiz olmur. Paralel Laçında da döyüşlər gedirdi. İmişli rayonundan məşədi bir oğlan vardı “Allahu Əkbər” deyib döyüşə girirdi. Özü də yaxşı döyüşçü olub. Allah rəhmət eləsin komandir Adil Həşimova, o vaxt mənimlə əlaqə yaratdı. Döyüşlər ağırlaşan zaman dedi ki, bəs mühasirəyə düşmüşük, dəstəyinizə ehtiyacım var. Uşaqları götürüb Laçına getdim. Çağırdım ki, bəs gəlmişik, narahat olma. Səsimi eşidəndə dedi, Mail, sən gəldinsə, hər şey yaxşı olacaq. O döyüşdə çox itki verdik. Amma vəziyyətdən çıxdıq. Təəssüf ki, başqa döyüşdə də şəhid oldu.

“Mənim ən qorxulu tərəfim qorxunun nə olduğunu bilməməyimdir”

– Gətirdiyiniz əsirləri nə edirdiz?

– Onları sağ tutub gətirirdim ki, əsgərlərimiz düşmən tərəfində qalanda onlarla dəyişim. Habil adında tağım komandirimiz vardı, dayısı Laçın döyüşlərində əsir düşmüşdü. Mənə yaxınlaşıb dedi ki, dayısını axtarır, tapa bilmir. Əlimizdə əsir olsa, bəlkə dəyişdirib dayısını əsirlikdən çıxara bilərik deyə məsləhət etdi. O özü Əfqanıstanda xidmət etmişdi. Əslən Laçınlı olsalar da Qubadlıda yaşayırdılar.

Elə oldu ki, ona söz verdim ki, dayısını dəyişdirmək üçün əsir gətirəcəm. Bir gün yenə tək düşmən tərəfə keçib, böyük kəndlərdən birinə girdim. Meşənin yaxınlığında bir evi seçdim ki, rahat olsun. Hər kəs üçün meşə çətindir, amma mənim üçün meşə ən asan yerdir.

Uzaqdan beş nəfərin gəldiyini gördüm. Münasib zamanı gözlədim və onları götürdüm. Həmin əsirləri min bir əziyyətlə meşənin içi ilə gətirdim öz mövqelərimizə. Əsirləri Habilə təhvil verdim ki, dayısı ilə dəyişdirsin. 

Bir dəfə də Qafan şəhərindən əsir gətirmişdim. O bölgədən olanlar bilər, şəhərin girəcəyində çətin, üzüyuxarı yol var. Mövqemi tutdum, birinci gələn maşını saxladım. Maşın gəlməzdən qabaq hündürlükdən ara məsafəsini gözləyirdim ki, bu maşından sonra sakitlik olsun. Orda artıq hər saniyənin öz hökmü var. Maşında 3 nəfər var idi. Silahla səs-küy salmadım. Avtomatı yerə qoyub bunların üçünün də əl-qolunu bağlayıb KamAZın yük yerinə qoydum ki, qaçmasınlar.

Ordan bir yolum vardı o da erməni kazarmasının yanından keçib öz tərəfimizə keçmək. Elə oldu ki, dağın kənarında uyğun vaxtı gözləyirdim bu üç nəfərdən biri özünü dağdan atdı. Düşdüm aşağı ki, onu axtaram tapam, nə qədər axtardım tapa bilmədim. Bu iki nəfərin də əli-ayağı bir-birinə bağlı idi. Onlardan biri Gorus şəhərinin rəisinin bacısı oğlu idi. 

– Sizə nə üçün “Əfsanəvi Komutan” deyirdilər?

-Əslində hər kəs məni elə öz adımla tanıyırdı. Sadəcə Mail Məmmədov. Hətta ermənilər məni tutub öldürəcəklərinə dair and içirdilər. O vaxt öz dəstəmizin uşaqları məni “Əfsanəvi Komutan” deyə çağırırdılar. Mən heç kimə heç nə deməzdim. Sakit-səssiz kəşfiyyata gedib, işimi görüb, əlidolu qayıdardım. Bizim dəstə “Qorxmazçılar” adlanırdı. Hər gün ermənilər gəlib postumuzun yaxınlığından qışqırırdılar ki, “Mail, səni belə öldürəcəyik, belə doğrayacağıq”. Bu sözlər artıq mənim üçün adiləşmişdi. Uşaqlara da həmişə deyirdim ki, mərd olun. Erməni kimdir ki, siz ondan çəkinib, qorxasız?!

Deyirlər ki, ermənilər sizdən qisas almaq üçün xalanız oğlu Arifə tələ qurub öldürüblər. Bu doğurdan da belə olub?

-Xeyr, məsələ tamamilə yanlışdır. Arifə tələ qurulmamışdı. Laçın istiqamətində qızğın döyüşlər gedirdi. Biz də tez-tez kömək üçün gedirdik, o istiqamətdə döyüşürdük. Döyüş zamanı silah-sursat bitmişdi. Əsgərlərə əlavə silah-sursat aparmaq lazım idi. Bizim orda sürücü cavan oğlan idi. Arif düşünüb ki, cavandı, birdən narahat olar, hərbi hissənin qarşısında silah-sursat dolu maşını özü sürüb və sursat aparıb. Laçına yaxınlaşanda düşmən onu görüb. Böyük ehtimalla topla vurmuşdular. Maşında bir neçə əsgərlə birlikdə yanaraq şəhid olmuşdu.

“Xalam oğlunu dəfn edə bilmək üçün qollarını kəsmək məcburiyyətində qaldım”

-Siz onun qisasını almaq üçün yenidən erməni tərəfə keçmişdiz?

-Xəbər mənə çatanda hamı əlindən gələni elədi ki, mən düşmən tərəfə keçməyim. Bilirdilər ki, nə etsələr də mənim qarşımı ala bilməyəcəklər. Biri dedi maşın xarab olub, biri dedi benzin yoxdu, biri dedi silah yoxdu. Yoldan bir maşın tutdum, getdim Arifin nəşini götürüb gəldim. Maşında bir neçə əsgərlə birlikdə yanaraq şəhid olmuşdular.

Arif çox güclü, mərd oğlan idi. Onun şəhid xəbəri məni çox sarsıtmışdı. Onu tabuta qoyub dəfn edə bilmirdik. O qədər qüvvətli insan olub. Onun nəşini gətirəndə vəziyyətini görüb, dəstəmizdə olan seyid ilə məsləhət etdik. O dedi ki, bu formada tabut hazırlamaq mümkün deyil. Gərək qolları kəsilsin ki, tabuta yerləşsin. Çox çətin bir məqam idi. Onu batalyonun ikinci mərtəbəsinə qaldırdıq. Bir adam mənim yanımda olmayıb. Bu çətin işi tək özüm etdim. Qollarını zülmlə kəsib tabuta yerləşdirdim. Yaxınlarımızın, hərbiçi dostlarımızın iştirakı ilə vida mərasimi keçirildi, daha sonra Qubadlıda Şəhidlər Xiyabanında dəfn olundu. Bu mənim üçün çox ağırdır. Bu barədə danışmağı sevmirəm, heç kimin də danışmasını istəmirəm. Önəmli olan isə odur ki, mən onun qisasını aldım.

Ümumiyyətlə bu günə qədər də bütün batalyon heyəti, məni tanıyanlar hamısı bilir ki, orda kim nəyə qadir idi. Hərdən qulağıma çatırdı ki, bu hadisəni hərə öz adına çıxarıb danışır. Amma bu günə qədər bu məsələyə açıqlama vermək istəməmişəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Kim nə danışırsa, danışsın. Həqiqətləri heçnə və heç kim dəyişə bilməz. 

-Müharibə vaxtı evin üç oğlu üçünüzdə döyüşdə olmusuz?

Bəli, mənim atam da hərbçi olub. Atam rəhmətə gedəndə mənim 19 yaşım vardı, əsgərlikdə idim. Biz də müharibədə birlikdə savaşmışıq. Qardaşlarımdan İntiqam Məmmədov birinci, mən ikinci batalyonda sona qədər döyüşmüşəm. O biri qardaşımız Mais Məmmədov isə döyüşlərdən sonra qayıtdı öz işinin başına.

Atam isə Dünya müharibəsində komandir olub. Birinci qrup əlil olub. Atam barədə Rusiya mətbuatında elə məlumatlar yazılıb ki, oxuyanda dəhşətə gəlirəm. Rus generalı mənim atam barədə yazı yazıb. O yazıda qeyd olunub ki, böyük bir dəstə mühasirədə olub, onları Rəhman Məmmədov çıxarıb. O ani bir qərarla mühasirəni yarıb, düşməni məhv edib. Külli miqdarda qənimətlə bərabər əsgərləri mühasirədən salamat çıxarıb. Atamın ayağından başına qədər salamat yeri yox idi.

-Bu sahədə öz sözünü demiş kəşfiyyatçı kimi, necə düşünürsüz, indi Azərbaycan ordusunda kəşfiyyat hazırlıqları hansı səviyyədədir?

– Bizim vaxtımızda çox çətin idi. Maddi-texniki baza yox idi. Özüm güclü idmançı olmuşam. Bədən cəhətdən iri olmaq hər şeyi həll etmir. Oğullar tanıyırdım ki, erməni nəşi görəndə biri qusurdu, birinin ürəyi gedirdi. Əsas insan Vətənə bağlı olmalıdır. Hərbçi gözüqara, cəsur ürəkli olmalıdır. Kəşfiyyat elədir ki, hər şey vəhdət təşkil edir. Ürəyin olmasa, fiziki hazırlığın olmasa dünyanın ən güclü silahını da sənə versələr faydalı ola bilməzsən. Vətəni o qədər sevməlisən ki, kritik anlarda qərar verməyi bacarmalısan. 

-İkinci Qarabağ müharibəsində könüllü müraciət etdiyinizi eşitmişəm…

-Doğrudur, müraciət etmişəm. Hətta kəşfiyyat bölüyünə təlim demək üçün də müraciət etmişəm. O vaxt mənim əsgərlərim arasında olan intizam hər kəsə nümunə idi. Amma təəssüf ki, müəyyən səbəblərdən məni çağırmadılar. Bütün hallarda torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu zəfər qazandı. Bu mənim üçün çox böyük sevincdir.

Amma o döyüşlərdə iştirak edə bilmədiyim üçün çox üzülürəm. Düşünürəm ki, sanki, İkinci Qarabağ müharibəsində iştirak edə bilməmək mənim üçün ağır itkidir. Evdən də şahiddirlər ki, bu mənə təsir etdi.

Hamısını Göstər

Related Articles

Back to top button