Seymurun göz yaşları nədən xəbər verir?

Seymur Talıbovun atasının istefasına gözüyaşlı əl qaldırması sosial şəbəkələrdə trendə çevrilib. Bu videogörüntüləri paylaşanlar istisnasız onun kədərli halına istehza edir, bu tablodan həzz aldıqlarını gizlətmirlər. Bir insan publika qarşısında o zaman ağlayar, emossiyalarını gizlədə bilməz ki, onun həyatında faciə baş versin…

Talıbovlar üçün də dekabrın 21-də sözün həqiqi mənasında faciə baş verdi. Obrazlı desək, onlar üçün dünya Mayya təqviminin bitməsindən düz 10 il sonra dağılmışdı, mifologiya zəngin ailənin həyatında gerçəyə çevrilmişdi. Bəli, bir neçə ay əvvələ qədər Naxçıvan Muxtar Respublikasının hakim-mütləq ailəsinin taxt-tacdanının çevriləcəyini kimsə söyləsəydi, onlara mif kimi görünə bilərdi. Ancaq hadisələr elə sürətlə inkişaf etdi ki, Talıbovlar özləri də nə baş verdiyini anlamadılar…

Seymur Talıbovun göz yaşları əlbəttə, ilk növbədə insani duyğularla bağlıdır və səmimidir. O gözünü açandan qüdrətli atanın himayəsində “yağ içində böyrək” kimi bəslənib. Yeniyetməlik, gənclik illəri dünyanın ən zəngin ailələrindən birində keçib, bütün arzuları gerçəkləşib, tər tökmədən, çalışmadan ağılasığmaz sərvət, daha vacibi, yüz minlərlə insan üzərində hökm sahibi olub.

Vasif Talıbov oğulları böyüyər-böyüməz Naxçıvandakı, eləcə də Azərbaycanın başqa yerlərindəki gəlir mənəbələrinə nəzarəti onlara verdi. Əvvəl Muxtar Respublikada qardaşı Məhərrəm Talıbov və digər yaxın qohumları, dostları at oynadırdısa, tədricən bu hökmranlıq ailə içinə keçdi.

Eləcə də Naxçıvanın təbii sərvətləri, idxal-ixracı, büdcəsi, Bakıdan göndərilən illik 300-400 milyonluq subsidiya dövlət nəzarətindən çıxarılaraq, Talıbovlar ailəsinin nəzarətinə keçirildi. Talıbovlar varlandıqca, bölgə əhalisi daha da kasıblaşdı və Naxçıvandan pərən-pərən düşməyə başladı.

Elementar azadlıqların insanların əlindən alınması, heç bir iqtisadi təşəbbüskarlığa imkan verilməməsi, feodal idarəçiliyi Naxçıvanın sürətlə boşalmasına səbəb oldu. Bu fakt Talıbovları narahat etmir, əksinə razı salırdı. 

Hətta deyilənə görə Talıbovlar xidmət göstərən vəzifəli şəxslərdən biri qeyri-rəsmi söhbətlərin birində Naxçıvanda tətbiq olunan siyasəti belə təsvir etmişdi: “Bizə 300-400 min adam lazım deyil, 150-200 min nəfər bəsdir, qalanı “rasxoddur”, başağrısıdır”.

Ötən 27 ildə Naxçıvan əhalisi Talıbovlar ailəsinin qorxusu altında, zülm-zillət içində yaşayıb, imkanı olan qaçıb, olmayan ağır həyat şərtləri ilə barışıb. Kiçik bir zümrənin ömür-günü isə onların qarşısında ikiqat olmaqla, əl çalmaqla keçib. Amma Talıbovlar bu insanları görməyiblər, daha doğrusu görmək belə istəməyiblər.

Talıbovlar və yaxın çevrələri isə ilin əksər günlərini Naxçıvanda, Bakıda, Gürcüstanda, Türkiyədə, Dubayda, Avropanın lüks məkanlarında kef məclislərində keçiriblər. Dəbdəbəli villalar, şəxsi təyyarələr, son model avtomobillər, bahalı brend geyimlər, dünyanın ən elit qonaqların baş çəkdiyi restoranlar, qarşılarında ora-bura qaçan qulluqçular… Bunların hamısı “elevatorların” daşıyıb sel kimi tökdüyü pullar hesabınadır.

Talıbovlar bəzən milyardların haradan, necə gəldiyi haqda fikirləşməyə belə tənbəlik edərək başgicəlləndirən dəbdəbələrini pozmaq istəməyiblər. Amma onun hər manatına sadə naxçıvanlının ehtiyacı olub. Bu qədim yurdun ataları, anaları, ərləri, xanımları çarəsizlikdən xəstə övladlarının yatağı başında göz yaşları töküb, acı içində qovrulublar…

Seymur Talıbov bəlkə də ağlı kəsəndən bəri ilk dəfə ürəyində acı hiss edir, çarəsizliyin nə demək olduğunu anlayır və kövrəlirdi. Gözünün qarşısında güvənci, qüruru olan dağ kimi atası və onun xanimanı çökürdü. Bu, onun üçün təsəvvürolunmaz faciədir, fəlakətdir, həm də qorxulu gələcəkdən xəbər verir…

“Gələcəkdə bizi nələr gözləyir, mal-mülkümüzün, sərvətimizin aqibəti aqibəti necə olacaq? Onlar yenə bizim olacaqmı? Daha dəhşətlisi, on illiklər ərzində qul-qaravaş yerinə qoyduğumuz, əzdiyimiz, taladığımız insanlarla necə üz-üzə gələcəyik? Onların tənəli baxışlarına, sevinclərinə, söyüşlərinə necə dözmək olar, İlahi?!”– yəqin ki, Seymurun iri köksündən qopan suallar artıq xoşbəxtliyin sonundan, bədbəxtçiliyin astanasından xəbər verir.

Daha heç nə əvvəlki kimi olmayacaq, amma necə olacaq, o da məlum deyil… İnsanı daha tez yıpradan bu hisslərdir – qorxu, təlaş, nagümanlıq. Talıbovların bu hissləri yaşaması isə əhaliyə yaşatdıqları zülmün, qudurğanlığın bədəlidir…

Vasitəsilə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button