Şuşa Bəyannaməsindəki hərbi məqsədlərin şifrələri – Təhlil

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi bundan əvvəlki sazişlərin yeni geosiyasi şərtlərə uyğunlaşdırmaq məqsədi daşıyan məntiqi davamıdır.

Bakı ilə Ankara arasında müttəfiqlik münasibətlərini dərinləşdirən sonuncu strateji sənəd 2010-cu ildə imzalanıb, söhbət “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilədən gedir.

Şuşa Bəyannaməsi həmin müqavilənin bəndləri əsasında hazırlanıb və strateji tərəfdaşlığın, qarşılıqlı hərbi yardımın əhatə dairəsini genişləndirir, müttəfiqlik əlaqələrinin xarakterini gücləndirir.

Bəyannamədə tarixi Qars müqaviləsinə istinad əvvəlki sazişlərdə olduğu kimi qırmızı xətlə keçir, bu isə postmünaqişə dövrü üçün həmin müqavilənin şərtlərinin yeni coğrafiyaya – Qarabağa daşınması deməkdir.

Beləliklə, asanlıqla deyə bilərik ki, Qars müqaviləsinin ön plana çıxması təkcə Naxçıvanın yox, eləcə də Qarabağın, nəticədə bütün Azərbaycanın təhlükəsizliyinin Türkiyə tərəfindən zəmanətə alınmasını şərtləndirir.

2010-cu il müqaviləsinin ikinci maddəsinə əsasən, Azərbaycan və ya Türkiyə üçüncü dövlət tərəfindən hücuma məruz qaldıqda tərəflər kollektiv müdafiə üçün hərbi imkanlarını birgə səfərbər edə bilər.

Bu maddənin tətbiq olunması üçün şərtlər məhduddur, Şuşa Bəyannaməsində isə qarşılıqlı hərbi yardım üçün şərtlərin miqyası genişlənir.

Bəyannamə təhdidlərin qarşısının alınması üçün həm də preventiv tədbirlərin gücləndirilməsini özündə ehtiva edir.

Yəni artıq konkret hücum və ya təcavüz həyata keçirildikdə yox, belə bir təhdidin yaranmasına dair fikir olduqda belə tərəflər bir-birinə hərbi yardım edəcəklər.

Məsələn, fərz edək ki, üçüncü dövlətin qoşunu tərəflərdən birinin sərhədinə toplanıb və ya hər hansı kəşfiyyat fəaliyyətləri həyata keçirir.

Bu zaman tərəflər bir-birinə yardım edərək həmin qoşunların qarşısında birgə ordu çıxara bilər.

Sənəddə yenilik odur ki, tərəflərin Təhlükəsizlik Şuraları milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək.

Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baş tutacaq.

Bu nə deməkdir?

Nəzərə alaq ki, Türkiyə də, Azərbaycan kimi həssas coğrafi məkanda yerləşir, beynəlxalq və regional güclər üçün böyük strateji əhəmiyyətə malikdir.

Türkiyə artıq coğrafi həssaslıq, qonşuluğundakı münaqişələr və siyasi diktələrin nəticəsi olaraq regional oyunçuya çevrilib, yeni Bəyannamə isə Bakıya bölgədə güc sahibi olmaq imkanlarını təqdim edir.

Düzdür, Azərbaycan iqtisadi, enerji layihələrində onsuz da güc mərkəzi hesab oluna bilər, lakin indi imkanlarını həm də regional hərbi məqsədlərə yönəldir. 

Təhlükəsizlik şuralarının mütəmadi iclaslarının keçiriləcəyi də bunun anonsudur, yəni Bakı Ankaranın bölgədə apardığı siyasətə praktiki dəstək göstərəcək və yeni statusda xarici siyasətini həyata keçirəcək.

Bəyannamədə Azərbaycanın Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəklədiyi də vurğulanır. Ankaranın apardığı antiterror əməliyyatlarının coğrafiyası isə bəllidir və bu, Azərbaycanın da həmin bölgələrdə hərbi iştirak imkanlarına şərait yaradacaq.

Bəyannamədə keçən bir cümlə də diqqət çəkir: Tərəflər qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər.

Bu, perspektivdə birgə silah istehsalı anlamına malikdir. Yəqin ki, gələcəkdə Azərbaycanla Türkiyə beşinci nəsil silahları birgə istehsal edəcəklər.  

Nəticə:

1. Azərbaycanla Türkiyənin müttəfiqlik və dostluq əlaqələrinin dərinləşməsi Ankaranın regionda hərbi iştirakını zəruri edir. Azərbaycanın təhlükəsizlinin Ankara tərəfindən zəmanətə alınması Türkiyənin Cənubi Qafqazda hərbi iştirakını gücləndirməsindən keçir.  

2. Tərəflərə yönələn hər hansı təhdidlərə qarşı operativ, çevik tədbirlər görüləcək.

Hamısını Göstər

Related Articles

Back to top button