ŞUŞADAN TƏBRİZƏDƏK… – Bizi yeni zəfərlər gözləyir!
31 oktyabr Soçi görüşü ərəfəsində bir çox politoloqlar, şərhçilər, siyasətçilər, o cümlədən də yerli mətbuat Azərbaycanın ciddi təzyiqlərə məruz qalacağından narahatlığını dilə gətirirdi. Bu narahatlıq Azərbaycan cəmiyyətinin də müəyyən kəsiminə sirayət etmişdi və bu, heç də təsadüfi deyildi.
Belə ki, Soçi görüşündən öncə istər Vladimir Putinin “Valday”dakı çıxışında Ermənistana və Qarabağdakı separatçı quruma “arxanızdayıq” siqnalı verən, münaqişənin təzələnməsi, uzanması və rus hərbi birləşməsinin daha 15-20 il müddətinə torpaqlarımızda qalmasına hesablanan mesajları, istərsə də Paşinyanın “Rusiyanın təkliflərilə tam razıyıq” açıqlamaları Azərbaycanın üzdə görünən düşməninin və onun özünün əsl simasını gizlətməyə çalışan himayədarının güclü təzyiqi ilə üz-üzə qalacağının göstəricisi idi. Bir çoxları bu görüşdən ən azı rus hərbi kontingentinin bölgədəki mövcudluğunun müddətinin uzadılacağına dair hansısa qərarın, yaxud buna aid hansısa işarələrin çıxacağını gözləyirdi. Lakin cəmiyyətin böyük hissəsi, hətta mütləq çoxluğu “ürəyini buz kimi saxlamışdı”. Çünki Azərbaycanı bu görüşdə iradəsi, gücü, siyasi savadı və bacarığı artıq bütün dünyaya bəlli olan dövlət başçısı təmsil edirdi…
O dövlət başçısı ki, onunla təzyiq, güc dilində danışmağın mənasız və mümkünsüz olduğunu dəfələrlə sübuta yetirib. Görüşün nəticəsində qəbul edilən bəyanat da göstərdi ki, Azərbaycanın bədxahlarının gözlədikləri baş vermədi və verə də bilməzdi! Bir daha göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc, təzyiq, şantaj dilində danışa bilməyəcək – nə Azərbaycana döyüş meydanında darmadağınla məğlub olan Ermənistan, nə də onun gizlin və aşkar havadarları…
Əslində, barəsində bəhs etdiyimiz Soçi görüşünün üzdə olan nəticəsi, Azərbaycan tərəfinin dirənişi və öz milli maraqlarını dəyanətlə qoruması heç də təsadüfi deyildi. Bu, Azərbaycan Prezidentinin uzun illərdən bəri apardığı, arxasında Azərbaycanın insan kapitalından tutmuş, təbii ehtiyatlarına, iqtisadi, siyasi, hərbi gücünə qədər bütün milli sərvətlərimizin durduğu ardıcıl, dönməz siyasətin və bu siyasəti formalaşdıran iradənin nəticəsi idi. Azərbaycanın ölkə başçısı özünü məhz bu iradənin layiqli təcəssümü kimi göstərdi və bu proses hələ 44 günlük savaşdan çox-çox əvvəl başladı, müharibə günlərində davam etdi, ən gərgin imtahandan uğurla keçdi və bu gün də nə qədər dözümlü, dönməz olduğunu göstərdi. Başqa bir ölkənin rəhbəri Azərbaycanın 44 günlük savaşda əldə etdiyi qələbəni qazansaydı, bu qələbədən öz şəxsi siyasi, hakimiyyət maraqları üçün gen-bol istifadə edər, öz imicini “bəzəyər”, özünə müxtəlif adlar, rütbələr, orden-medallar, mükafatlar və s. verilməsinə nail olardı. Təsəvvür edin ki, eyni uğuru Paşinyan, yaxud onun İrandakı əqidə qardaşı, yaxud da “təvazökar” Avropa, Qərb ölkələrindən birinin başçısı qazanmış olsaydı, indi özünü necə reklam etdirir, necə “dünya ulduzu”na çevirirdi. Lakin Azərbaycan Prezidenti öz xarakteri, dünyagörüşü və səviyyəsi ilə bunların heç birini etmədi. Bunların heç biri ona gərək olmadı və bu gün də gərək deyil. Onun yeganə şüarı “Qarabağ Azərbaycandır!” oldu – müharibədən öncə də, müharibə günlərində də, müharibədən sonra da!
Azərbaycan vətəndaşı bu savaşın hər günündə səmimi olaraq fəxr edə biləcəyi bir ölkə başçısı, Komandan gördü. Səngərdə döyüşən əsgərini, zabitini, generalını tək qoymayan, itkiləri minimuma endirmək üçün bacardığı hər şeyi edən, hər cür riskli addımlara gedən, eyni zamanda da diplomatik savaşda ən yüksək peşəkarlıq səviyyəsi göstərən ölkə rəhbəri yeri gələndə həm Ali Baş Komandan, həm XİN başçısı, həm Müdafiə naziri, həm də xarici mətbuatın önünə çıxaraq, təmsil etdiyi ölkənin təkcə PREZİDENTİ deyil, həm də sözçüsü oldu! Arada “iti qovan kimi qovuruq”, “rədd olun torpaqlarımızdan”, “status gorbagor oldu”, hətta “nə oldu, Paşinyan?” kimi dillərdə əzbər olan və ermənilərin böyük kəsiminin daha yaxşı anladığı dildə ifadələr işlədən ölkə başçısı, bundan az sonra xarici media orqanlarının “çoxbilmiş” jurnalistlərinin qarşısına çıxıb, səlis, beynəlxalaq diplomatik dilə uyğun, “ütülü” riotorikadan istifadə edir, həddini aşan əcnəbilərə isə lazım gələndə yerini göstərən cavablar verdi.
Əlbəttə ki, 10 noyabr üçtərəfli sazişi ideal sənəd deyil və Azərbaycanın maraqlarını tam təmin etmir. Lakin unutmayaq ki, bizim əsas rəqibimiz Ermənistan deyildi. Azərbaycan, əslində, dünya erməniliyi və onun qüdrətli himayədarları, eləcə də həmin an üçün bütün dünyaya meydan oxuyan, öz siyasi, iqtisadi və hərbi qüdrəti ilə dünyanı silkələyən, bir çox iri Qərb dövlətləri rəhbərlərinin belə qarşısında az qala titrədiyi bir dövlətin və onun başçısının maraqları ilə savaşa çıxmışdı. Bu dövlətin hazırda Ukraynada törətdikləri göz önündədir. Belə bir durumda Azərbaycan və onun başçısı, necə deyərlər, qazanılması mümkün olan on baldan onunu da qazanmağı bacaran peşəkar, beynəlxalq səviyyəli siyasi fiqur kimi çıxdı. Çünki Cənubi Qafqaz kimi mürəkkəb, qarışıq, demək olar, dünyanın bütün güc mərkəzlərinin maraqlarının toqquşduğu bir regionda lazım olan vaxtı, zamanı hiss etmək və hərəkətə keçmək böyük siyasi səriştə, bacarıq, hətta istedad tələb edirdi…
Dünya hərb tarixi göstərir ki, liderin şəxsi keyfiyyətləri xalqın iradəsi ilə üst-üstə düşmədiyi savaşlarda qələbə qazanmaq ya olduqca çətin, ya da ümumiyyətlə, mümkünsüz olur. O dövlətlər, xalqlar qalib gəlir ki, onun başında duran siyasi qüvvə və lider xalqın ən ləyaqətli keyfiyyətlərini özündə daşıyır, xalqdan, cəmiyyətdən geri qalmır, əksinə, savadı və bacarığı ilə hətta ondan bir addım öndə olur və onu öz ardınca aparmağı bacarır. 44 günlük müharibə bunun bariz tarixi nümunəsini ortaya qoydu…
8 noyabr zəfərimiz tariximizin nə ilk, nə də son zəfəri, qələbəsidir. Qarşıda hələ istəmədiyimiz, lakin hazır olduğumuz mümkün hərbi qarşıdurmalarla yanaşı, uzun bir iqtisadi, siyasi, diplomatik, informasiya hətta mənəvi savaş durur. Lakin biz iki il öncə olduğu kimi, bundan sonra da bacaracağıq, qazanacağıq!
Gün olacaq ki, Qarabağımızda bir dənə də yad hərbi qüvvə, separatçı, əlisilahlı olmayacaq, oraya gedən bütün yollar Azərbaycanın nəzarətində olacaq, Xocalıda, Xankəndində Azərbaycanın bayrağı dalğalanacaq. Eləcə də cənubdan üstümüzə hürən ağızlar birdəfəlik yumulacaq, bağlanacaq və Arazı pantonların üzərində sınıq-salxaq silahla “mollakratiya döyüşçüləri” yox, o tay-bu tayda yaşayan həmvətənlərimiz keçəcək. Biz, Şuşaya getdiyimiz kimi, Təbrizə də gedəcəyik!
Bütün bayramlarımız, uğurlarımız, qələbələrimiz birgə qazanılacaq və birgə qeyd olunacaq! Bu günlər elə də uzaqda deyil…
R.Əliyev