“Yarıçılpaq geyimdə barda müğənnilik edən qadın azaddır, yoxsa hicablı xanım?.. – Düşünün!..”-CÜMƏ BƏHSLƏRİ

“Normal, üzü açıq baş örtüyünə münasibətdə belə, ən azı, öz milli tariximizi və mədəni yaddaşımızı da nəzərə almaq lazımdır…”
“Əgər məqsəd məktəbdə vahid geyim forması yaratmaqdırsa, üzünü tam açıq saxlayan, məktəbli formasının rənginə və tərzinə uyğunlaşdırılan sadə baş örtüyünə niyə icazə verilməsin? Axı bunun texniki həlli mümkündür…”
“Məsələnin həlli bu qədər sadə olduğu halda onu cəmiyyətdə dini qarşıdurmaya çevirmək və ölkəmizi xaricdə də dilə-dişə salmaq nəyə və kimə lazımdır?..”
“Müxtəlif beynəlxalq İQ(aykyu) araşdırmalarında qız və qadınları hicabda məktəb və universitetlərdə təhsil alan, işləyən İranın əhalisi dəfələrlə yüksək nəticələr göstərən ölkələr sırasında yer alıb…”
“Azərbaycan Prezidenti İlham Əlieyv Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri ilə Bakıda keçirilən son görüşdə də İslamın dünyaya gözəl və mülayim tərəfinin daha geniş təqdim edilməsinin vacibliyindən danışıb. İslamofobiyaya qarşı mübarizədən bəhs edib…”
“Hicaba yanlış münasibətin yaranmasına bəzi müsəlman ölkələrində, məsələn, İranda, ərəb ölkələrində qadınlara hicabın zorla qəbul etdirilməsi də təsir edir…”
“Bir qadın öz seçimi ilə hicab taxırsa, öz ailəsində yaşayır, həyat yoldaşına və övladlarına qayğı göstərir, işləyir və cəmiyyətin həyatında iştirak edirsə, onu yalnız başını örtdüyünə görə “azad deyil” elan etmək nə qədər doğrudur?..”
“Odur ki, çox yaxşı olardı ki, müvafiq qərarlarda açıq şəkildə belə bir müddəa nəzərdə tutulsun:
“Qız şagird və müəllimələrin üz hissəsini tam açıq saxlayan, müəyyən edilmiş məktəbli geyim formasına uyğun normal baş örtüyündən istifadəsinə icazə verilir”…”
…Hicabın mahiyyəti nədir? Dünyadakı bəzi dairələr qadının baş örtüyündən niyə bu qədər qorxurlar? Hicablı qadın doğrudanmı azad deyil? Bəs qadının səhnəyə, reklama, əyləncə məkanına, podiuma getdikcə daha açıq-saçıq geyimdə, bəzən hətta geyimsiz çıxması nə vaxtdan azadlığın əsas göstəricisinə çevrilib?..
Bəndəniz şəxsən hicablı qız və qadın görəndə sevinir. Çünki mənim üçün hicab ilk növbədə milli, İslami, dədə-baba, ailə dəyərlərimizə uyğun olan abır-həya, ismət, iffət və təvazökarlıq anlayışları ilə bağlıdır…
Hicab – rəhmətlik Hacı Şahinin təbiri ilə desək, qadının özünə yox, ona gözlərini zilləyən yad kişilər üçün qoyduğu məhdudiyyətdir. Hicab – qızın, qadının öz gözəlliyinə verdiyi dəyərin, yad baxışları dilənmək arzusunda olmadığının göstəricisidir… Qadının üstünlüyü, əzəməti onun gözəəlliyinin, dəyərinin gizli qalmasındadır…
Bu, mənim münasibətimdir, ancaq öz fikirlərimə yox, Quran və Peyğəmbər(ə.s.) hədislərinin, müsəlman, Azərbaycan, türk dəyərlərinin məntiqinə söykənən bir münasibətdir. Fəqət gəlin məsələyə təkcə hisslərlə deyil, həm dini, həm də dünyəvi baxımdan obyektiv yanaşmağa çalışaq.
Hicabın İslamda yeri nədir?..
İlk növbədə bunu aydınlaşdıraq: İslamda qadının örtünməsi barədə dini hökmlər varmı? Bəli, var.
Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində mömin qadınlara baxışlarını qorumaq, ismətlərini saxlamaq və örtüklərini yaxalarının üzərinə çəkmək buyurulur. “Əhzab” surəsinin 59-cu ayəsində isə Peyğəmbərin(ə.s.) zövcələrinə, qızlarına və mömin qadınlara üst geyimlərini üzərlərinə salmaları əmr edilir…
Peyğəmbərin(ə.s.) hədislərində də qadının örtünməsi məsələsinə dair göstərişlər var. Əbu Davudda Aişədən rəvayət edilən hədisdə yetkin qadının namaz zamanı baş örtüyü olmadan namazının qəbul edilməyəcəyi bildirilir.
Deməli, “hicabın İslamda heç bir əsası yoxdur” demək dini mətnlərlə uzlaşmır.
Amma burada çox mühüm bir məqam da var. Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində açıq şəkildə bildirilir:
“Dində məcburiyyət yoxdur…”
Deməli, dini hökmün mövcudluğu ilə insanı zorla həmin hökmə əməl etdirməyi bir-birinə qarışdırmaq olmaz…
Baş örtüyü yalnız İslama məxsusdur?..
Xeyr. Qadınların baş örtüyü taxması İslamdan əvvəlki dini və mədəni ənənələrdə də mövcud olub. Xristianlığın əsas mətnlərindən olan “Əhdi-Cədid”in “Korinflilərə birinci məktub”unun 11-ci fəslində qadının dini mərasim zamanı başının örtülü olması barədə göstərişlər var.
Yəni qadının başını örtməsi yalnız İslama xas olan və sonradan meydana gəlmiş bir ənənə deyil. Yaxın Şərqin qədim dini-mədəni mühitində bunun daha qədim nümunələri mövcuddur.
Azərbaycan qadınının tarixində də örpək, yaylıq, kəlağayı kimi baş örtükləri yad anlayış deyil. Yaşmaqlı analarımız, nənələrimiz gözümüzün qarşısındadır. Odur ki, normal, üzü açıq baş örtüyünə münasibətdə belə, ən azı, öz milli tariximizi və mədəni yaddaşımızı da nəzərə almaq lazımdır…
Bəs hicab niyə bu qədər problemə çevrilir?..
Azərbaycanda açıq və adi dünyəvi geyimdə olan qadınlarla müqayisədə hicablı qadınların sayı çox deyil. Azərbaycanın inanclı cəmiyyətində də tarixən genişmiqyaslı radikal dini meyillilik əsas xətt olmayıb. Müxtəlif dövrlərdə xarici təsirlərlə ayrı-ayrı radikal dini qrupların meydana çıxması mümkündür və belə hallara dövlətin hüquqi münasibət bildirməsi də təbiidir. Amma…
Hicablı qadınla radikal dini fəaliyyət anlayışlarını eyniləşdirmək düzgün deyil…
Başında yaylıq olan qız uşağının gələcəkdə radikal dini mühit yaradacağına dair avtomatik nəticə çıxarmaq nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırılmış yanaşmadır. Əgər konkret insanın və ya təşkilatın qanunsuz fəaliyyəti varsa, onun hüquqi qiyməti verilməlidir. Lakin sadəcə dini inancına görə başını örtən qadını və ya qızı potensial təhlükə kimi görmək başqa məsələdir…
Məktəbli forması məsələsi…
İndi gələk ən həssas məsələyə. Azərbaycanda məktəbli formasının tətbiqi ilə bağlı qərarlar ətrafında hicab məsələsi də müzakirəyə çıxarılıb.
Burada bir sual vermək istəyirəm:
Əgər məqsəd məktəbdə vahid geyim forması yaratmaqdırsa, üzünü tam açıq saxlayan, məktəbli formasının rənginə və tərzinə uyğunlaşdırılan sadə baş örtüyünə niyə icazə verilməsin? Axı bunun texniki həlli mümkündür. Hicablı qızın geyimini də məktəbli formasına uyğunlaşdırmaq olar. Sadəcə baş örtüyü həmin formanın rənginə və ümumi görünüşünə uyğunlaşdırılar. Və beləliklə, həm məktəbdə vahid geyim prinsipi qorunar, həm də şagird öz dini inancına görə seçim etmək məcburiyyətində qalmaz…
Təsəvvür edin: milli-mənəvi dəyərlərə, əxlaqımıza və Azərbaycan ailəsinin ənənəvi anlayışlarına uyğun olmayan dərəcədə açıq geyimdə, ən azı, həddindən artıq qısa mini-ətəkdə məktəbə gələn qızla bağlı heç bir problem yaranmır, belələri deyib gülə-gülə məktəblərə daxil olur, fəqət eyni yaşda olan, başını örtmüş qız məktəbin qapısından göz yaşları içində geri qaytarılır…
İndi, sözügedən qərarı vermiş məmurlar, zəhmət olmasa, izah edin:
Bu davranış hansı milli dəyərdir?..
Bu hansı humanizmdir?..
Bu hansı bərabərlikdir?..
Bu hansı Azərbaycan, müsəlman, türk, kişiliyi, qadınlığıdır?..
Nəhayət, bu, müsəlman sayılan bir məmləkətdə İslam dəyərlərinə necə hörmətdir?..
Əgər belə yanaşmanın hüquqi və ictimai əsasları varsa, qoy bunu müdafiə edənlər açıq şəkildə izah etsinlər…
Çünki burada söhbət yalnız bir parça örtükdən getmir. Söhbət bir uşağın, yeniyetmənin dini inancının onun təhsil hüququ ilə qarşı-qarşıya qoyulmasından gedir.
Bəs həmin məmurlar onu da düşünmür ki, sözügedən qərar Prezidentin İslam dəyərləri ilə bağlı mövqeyi ilə uzlaşmır?..
Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında ölkəmizdə İslam dininə və İslam mədəniyyətinə hörmət edildiyini dəfələrlə bildirib.
O, Azərbaycan dövlətinin bütün dinlərə və dini dəyərlərə hörmətlə yanaşdığını vurğulayıb. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri ilə Bakıda keçirilən son görüşdə də İslamın dünyaya gözəl və mülayim tərəfinin daha geniş təqdim edilməsinin vacibliyindən danışıb.
İslamofobiyaya qarşı mübarizədən bəhs edib…
Əlbəttə, dünyəvi dövlətin dini dəyərlərə hörmət etməsi onun dini dövlət olması demək deyil. Əksinə, dünyəvilik müxtəlif inanclara malik insanların eyni dövlət daxilində hüquq və azadlıqlarının qorunmasını nəzərdə tutmalıdır.
Onda sual yenə ortaya çıxır:
Dini inancına görə başını örtən qızın məktəbli formasına uyğun baş örtüyü taxmasına hansı əsasla maneə yaradılmalıdır?..
“Hicab təhsilə mane olur” fikri nə dərəcədə doğrudur?
Hicabın təlim-tədris prosesinə mənfi təsir göstərdiyini söyləmək üçün ciddi və etibarlı elmi əsas lazımdır. Sadə məntiq də göstərir ki, şagirdin diqqətini yalnız geyim yayındırmır. Telefon, sosial şəbəkələr, davranış, dərsə münasibət, müəllimə və ya qız şagird, tələbələrin əcaib-qəraib, müxtəlif rəngli saç düzümü, həddindən artıq açıq-saçıq, dar qiyafəsi, makiyajı və bir çox başqa amillər diqqəti yayındıra bilər…
Bəs niyə məhz abırlı və sadə baş örtüyü avtomatik olaraq diqqəti yayındıran amil hesab edilməlidir?Əgər məqsəd məktəbdə səliqə, intizam və vahidlik yaratmaqdırsa, eyni qayda bütün şagirdlərə tətbiq oluna bilər. Və əslində…
Öncə dediyimiz kimi, hicablı qızın geyimi də məktəbli formasının tələblərinə uyğunlaşdırıla bilər.
Məsələnin həlli bu qədər sadə olduğu halda onu cəmiyyətdə dini qarşıdurmaya çevirmək, ölkəmizi xaricdə də dilə-dişə salmaq nəyə və kimə lazımdır?..
Qızın, qadının baş örtüyünün olması öz-özlüyündə onun düşüncə qabiliyyətinə, elmə və təhsilə yiyələnməsinə maneə deyil…
Burada bir məqamı da xatırlatmaq yerinə düşər. Müxtəlif beynəlxalq İQ(aykyu) araşdırmalarında qız və qadınları hicabda məktəb və universitetlərdə təhsil alan, işləyən İranın əhalisi dəfələrlə yüksək nəticələr göstərən ölkələr sırasında yer alıb. Məsələn, 2025-ci il üzrə eyni onlayn İQ testini verən milyonlarla insanın nəticələri əsasında hazırlanmış araşdırmada İran 106,3 orta göstərici ilə dünya ölkələri arasında dördüncü yerdə göstərilib. 2026-cı il yenilənməsində də İran 104,8 göstərici ilə yenə ilk beşlikdə qərarlaşıb…
İndi düşünək: İran cəmiyyətində qadınların böyük əksəriyyəti hicablıdır, hicablı qadınlar universitetlərdə oxuyur, müəllim, həkim, alim və digər peşələrdə çalışırlar. Əgər hicab doğrudan da təfəkkürə, təhsilə və təlim-tədrisə mane olan bir amildirsə, onda hicablı qadınların da mühüm yer tutduğu belə bir cəmiyyətdə yüksək intellekt göstəricilərinin ortaya çıxmasını necə izah etmək olar? Əlbəttə, İQ göstəricisini təhsilin və ya bütövlükdə bir xalqın intellektual səviyyəsinin tam ölçüsü hesab etmək olmaz və bu cür ölkələrarası müqayisələrin metodologiyası mübahisəlidir. Amma ən azı bir məsələ aydındır: qadının baş örtüyünün olması öz-özlüyündə onun düşüncə qabiliyyətinə, elmə və təhsilə yiyələnməsinə maneə deyil. Əksini iddia edənlər isə bunu emosional mülahizələrlə deyil, ciddi elmi dəlillərlə əsaslandırmalıdırlar…
Hicablı qadın işləyə bilməz?..
Bu da başqa bir yanlış təsəvvürdür. İran, Türkiyə, Pakistan və digər müsəlman ölkələrində hicablı qadınların təhsil alması, müxtəlif peşələrdə çalışması mümkündür. Mən qətiyyən İran kimi teokratik totalitar idarəçilik modelinin tərəfdarı deyiləm. Amma Təbrizdə öz gözlərimlə şahidi olmuşam ki, hicablı qadın həkimlər gecə növbəsində işləyir, gecə saat 2-3-də özlərinin idarə etdiyi avtomobillərlə evlərinə gedirlər…
Deməli, qadının başını örtməsi onun həkim, müəllim, alim, mühəndis və ya başqa peşə sahibi olmasına avtomatik maneə yaratmır. Hətta bir sıra müsəlman ölkələrində qadınlar ağır fiziki işlərdən də mümkün qədər uzaq tutulurlar. Azərbaycanda isə bu gün 60-70 yaşlı qadınların belə küçə süpürməsi, bazarlarda və mağazalarda ağır yük daşıması kimi işlərdə çalışdığını görürük…
Bəs qadın azadlığı yalnız onun başındakı yaylıqla ölçülür?..
Əgər belədirsə, onda bu məsələdə çox ciddi yanılırıq.
Qadın azadlığı nədir?..
Bu gün yeniyetmə və gənclərin bir hissəsində belə yanlış təsəvvür yaradılır ki, qadın nə qədər açıq geyinirsə, nə qədər çox bədənini nümayiş etdirirsə, bir o qədər azaddır… Hətta bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qadının getdikcə daha açıq geyimdə görünməsi “cəsarət” və “azadlıq” nümunəsi kimi təqdim edilir…
Amma bir anlıq düşünək.
Qadının bədəni reklamın, əyləncə sənayesinin, gözəllik yarışlarının, kommersiya layihələrinin və başqa sahələrin qazanc vasitəsinə, obyektinə çevrilirsə, bunu avtomatik olaraq qadın azadlığı adlandırmaq olarmı?..
Bir qadın öz seçimi ilə hicab taxırsa, öz ailəsində yaşayır, həyat yoldaşına və övladlarına qayğı göstərir, işləyir və cəmiyyətin həyatında iştirak edirsə, onu yalnız başını örtdüyünə görə “azad deyil” elan etmək nə qədər doğrudur?..
İndi isə başqa bir mənzərəni təsəvvür edin:
Barda müğənnilik edən, səhnədə yarıçılpaq çıxış edən, bəzən isə bədəninin nümayişi üzərindən qazanc əldə edən qadın…
İndi sual:
Birinci qadın niyə mütləq kölə, ikinci qadın niyə mütləq azad hesab edilməlidir?..
Axı ikinci qadının da işlədiyi müəssisənin rəhbərindən, prodüserindən, menecerindən və ya reklam sahibindən əksər hallarda böyük asılılığı ola və o istənilən vaxt, bir az yaşlaşdığı zaman sadəcə bayıra atılıb taleyin ümidinə buraxıla bilər… Çağdaş dünyada belə hallara yalnız filmlərdən deyil, gerçək həyatdan da yetərincə nümunələr çəkmək mümkündür…
Əgər qadının gözəlliyi, bədəni və zahiri görünüşü üzərindən milyonlar qazanan insanlar varsa, onda qadının “azadlığı”nı yalnız onun nə qədər soyunması ilə ölçmək ən azı ciddi müzakirə tələb edir…
Bir sözlə, qadın azadlığı bədəninin nə qədərini nümayiş etdirməsi ilə ölçülməməlidir…
Məcburi hicab da doğru deyil, məcburi hicabsızlıq da…
Hicaba yanlış münasibətin yaranmasına bəzi müsəlman ölkələrində, məsələn, İranda, ərəb ölkələrində qadınlara hicabın zorla qəbul etdirilməsi də təsir edir. Bu, başadüşüləndir.
Çünki insanın dini inancının dövlət zorakılığı vasitəsilə müəyyənləşdirilməsi düzgün yanaşma deyil…
Lakin eyni məntiqin digər tərəfini də görmək lazımdır. Əgər qadın öz dini inancına görə hicab taxırsa, dövlətin ona “başını aç” deməsi də onun şəxsi seçiminə müdaxilə kimi qiymətləndirilə bilər.
Müasir Türkiyədə qadınların müxtəlif geyimlərdə yaşaması göstərir ki, dünyəvi dövlət anlayışı ilə hicabın mövcudluğu mütləq şəkildə bir-birini istisna etmir. Hicab taxmaq istəyən hicab taxır, normal dünyəvi geyim istəyən elə geyinir. Əsas məsələ məcburiyyətin olmamasıdır.
Niqab başqa məsələdir…
Niqabı da hicabla qarışdırmayaq. Üzü tamamilə örtən niqab məsələsinin ictimai təhlükəsizlik və şəxsin müəyyənləşdirilməsi baxımından ayrıca müzakirəsi mümkündür. Mən də üzü tamamilə örtən niqabın küçə və digər ictimai yerlərdə məhdudlaşdırılmasını müdafiə edən mövqeni başadüşülən hesab edirəm. Ancaq üzü tam açıq saxlayan, yalnız saç və boyun hissəsini örtən adi baş örtüyünü niqabla eyniləşdirmək düzgün deyil. Birinin üzünü tanımaq mümkün olmaması ilə digərinin saçını örtməsi eyni şey deyil…
Ən böyük təhlükələrdən biri qızlarımızın təhsildən uzaqlaşmasıdır…
Əgər hicab məsələsi nəticədə qızlarımızın təhsildən uzaqlaşmasına səbəb olarsa, bunun zərərini ilk növbədə həmin qızlar və ailələri çəkəcək. Bunu nəzərə almaq lazımdır.
Başını örtmək istəyən qızın qarşısına iki seçim qoymaq — “ya dini inancından vaz keç, ya da təhsilindən” — sağlam cəmiyyət üçün yaxşı seçim deyil…
Halbuki üçüncü yol var: Hicabı məktəb formasına uyğunlaşdırmaq.
Üzü tam açıq olsun…
Rəngi məktəbli formasına uyğun olsun…
Formanın ümumi görünüşünü pozmasın…
Şagirdin təhsilinə heç bir maneə yaratmasın…
Daha nə lazımdır?..
Odur ki, çox yaxşı olardı ki, müvafiq qərarlarda açıq şəkildə belə bir müddəa nəzərdə tutulsun:
“Qız şagird və müəllimələrin üz hissəsini tam açıq saxlayan, müəyyən edilmiş məktəbli geyim formasına uyğun normal baş örtüyündən istifadəsinə icazə verilir…”
Bu halda nə məktəbin dünyəviliyi pozular, nə vahid geyim prinsipi aradan qalxar, nə də dini inancına görə başını örtən qız təhsildən uzaqlaşmaq məcburiyyətində qalar…
Axırda bir sual…
Gəlin qadın azadlığı barədə düşüncələrimizi yenidən nəzərdən keçirək. Qadın başını örtürsə, onu avtomatik olaraq “azad deyil” adlandırmaq nə qədər doğrudur? Qadın səhnədə yarıçılpaq çıxırsa, onu avtomatik olaraq “azaddır” elan etmək nə qədər məntiqlidir?
Bəlkə azadlığı qadının başındakı örtükdə deyil, öz seçiminə sahib olub-olmamasında axtarmaq lazımdır? Bəlkə qadını azad edən onun daha çox soyunması deyil, öz iradəsi ilə yaşaya bilməsidir?..
Və nəhayət, bəlkə də əsas sual budur:
Yarıçılpaq geyimdə barda müğənnilik edən qadın azaddır, yoxsa öz inancına görə başını örtən, ailəsi ilə halal və ləyaqətli həyat yaşayan hicablı xanım?..
Cavabı tələsmədən, özünüz cavab verin…
Düşünün!.. Seçim hər birimizin haqqıdır. Fəqət, Axirət günündə seçimi yalnız Uca Allah Özü edəcək…
Sultan Laçın



