İnsan alveri qurbanlarına hüquqi yardım mexanizmi dəyişir

İnsan alverinin qurbanlarının hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyə yeni dəyişikliklərin edilməsi təklif olunur.
Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Bu, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklər “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müddəalarının mövcud qanunvericiliyə uyğunlaşdırılması məqsədi daşıyır. Layihə ilə insan alverinin qurbanlarının hüquqi prosedurlarda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün pulsuz hüquqi yardımdan yararlanması ilə bağlı müddəaların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Təklif olunan mexanizm çərçivəsində hüquqi yardımın yalnız məhkəmə mərhələsi ilə məhdudlaşmaması, şəxslərin hüquqi məsələlərlə bağlı məlumatlandırılması və zəruri sənədlərin hazırlanmasına kömək göstərilməsi də nəzərdə tutula bilər.
Qanunvericiliyə dəyişikliklərin qəbul edilməsi insan alverindən zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə imkan verəcək.
Polise.az



