Bu ilin I yarısında 27 nəfər rüşvət alarkən cinayət başında tutulub
2020-ci ilin I yarımili ərzində “161-Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə 2123 müraciət daxil olub, həmin müraciətlərin 22-si üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.
O qeyd edib ki, prokurorluğun digər fəaliyyət istiqaməti kimi korrupsiya, rüşvətxorluğa qarşı mübarizə hesabat dövründə də davam etdirilərək, ixtisaslaşdırılmış prokurorluq orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3927 müraciətinə baxılıb, həmçinin 123 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 96-sı (78 %) üzrə cinayət işi başlanıb, 27 (22 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib. Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib, keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 22 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən korrupsiya riskləri aşkarlanan, o cümlədən gömrük, vergi, sosial müdafiə və digər aktual sahələr üzrə həssas nöqtələr müəyyən edilərək birbaşa və aidiyyəti dövlət qurumları ilə birgə şəkildə əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd olunub ki, 2020-ci ilin ilk altı ayı ərzində Baş İdarədə 129 şəxs barəsində 91 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib
Həmin cinayət işlərindən 15 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 29 şəxs barəsində 24 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 7 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 10 şəxs barəsində 6 iş rüşvət alma (passiv rüşvətxorluq), 32 şəxs barəsində 19 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər faktlarla əlaqədar olub.
Baş İdarə tərəfindən məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 42 milyon 197 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 18 milyon 669 min manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 1 milyon 113 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub, ümumilikdə vurulmuş maddi ziyanın 46,9 %-nin ödənilməsi təmin edilib.