Ermənilər qaçmağa hazırlıq görürlər – Politoloq

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Tofiq müəllim, son vaxtlar Qarabağ klanının fəallaşdığı hiss olunur. Bir neçə gün öncə bu klanın “ən görkəmli nümayəndəsi” Robert Köçəryan böyük siyasətə qayıtdığını bəyan etdi. Bu günlərdə isə Köçəryanın xələfi Serj Sərkisyan Armnyus TV- yə geniş müsahibə verməklə birdən-birə gündəmə gəldi. Siz onun müsahibəsi ilə tanışsınızmı, ona verilən reaksiyaları və müsahibənin özünü necə qiymətləndirirsiniz?

– Bəli, tanışam. Öncə qeyd edim ki, Serj Sərkisyanın müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı ona böyük iradlar var. Köçəryan, Sərkisyan və digələri qeyd etdiyiniz kimi Qarabağ klanına aid olan şəxslərdir. Söhbət ondan gedir ki, bu siyasi cəbhə fəallaşıb. Onların fəallaşmasının zamanı da çox maraqlıdır. Çünki artıq hamı başa düşür ki, indiki mərhələdə Paşinyanın qərbyönümlü siyasəti güclənəcək. Və buna qarşı fərqli bir düşərgə formalaşdırmaq prosesi gedir. Hesab edirəm ki, Paşinyanın qərbyönümlü siyasətinin güclənməsi ilə bu insanların, yəni Moskvanın təsiri altında olan o dəstənin fəallaşdırılması prosesi sinxron gedir. Bundan öncə Köçəryan fəallaşıb. İndi isə Sərkisyan nələrsə deməyə başlayıb.

Müsahibənin özünə gəldikdə isə hesab edirəm ki, Köçəryanın müsahibəsi ilə bağlı təhlillləri Sərkisyanın müsahibəsinə də aid etmək olar. Onların əsas zəif cəhəti nədən ibarətdir? Birincisi, bildiyiniz kimi cənab Prezident təkcə Paşinyan ordusunu deyil, Köçəryan-Sərkisyan ordusunu da məğlub etdiyimizi bir neçə dəfə bildirib. Mən bu sıraya Levon Ter-Petrosyanı da aid edərdim. Çünki biz onu da məğlub etmişik. Ter-Petrosyan bu hərəkatın – Qarabağ hərəkatının iştirakçılarından biri, “Qarabağ” komitəsinin üzvü olub. Bu işğallar onun Ermənistana başçılıq etdiyi vaxtda baş tutub. Ümumiyyətlə, bu müsahibələr indi Ermənistan cəmiyyətində baş verənlərin təhlilinin aparılması kimi də qiymətləndirilə bilər. Hazırda Ermənistanda insanlar özlərinə sual verirlər: 1988-ci ildə başladılan “Miatsum” ideyası bizə lazım idi, yoxsa yox? Əgər biz onun nəticəsində heç nə əldə etməmişiksə, itkilərə məruz qalmışıqsa, darmadağın olmuşuqsa və digər fəlakətlərə düçar olmuşuqsa, bu ideya bizim nəyimizə lazım idi?! Ermənistanın təkrarən dövlət müstəqilliyi əldə etməmişdən əvvəl başlayan və sonra onların əsas dövlətçilik mövzusu olan bu ideya Ermənistana nə verib? İndi başa düşürlər ki, heç nə verməyib. Və təbii olaraq indi proseslərin bu mərhələsində bu insanların çıxış etməsi onu göstərir ki, onlar özlərinə bəraət qazandırmaq istəyirlər. Çünki ağır nəticələr göz önündədir.

Köçəryan və Sərkisyanın müsahibələrindən gəlinən ikinci qənaət bundan ibarətdir ki, onlar siyasi təhlükəsizlik dərəcələrini artırmaq üçün özlərini siyasi səhnəyə atmaq istəyirlər. Onlar başa düşürlər ki, Ermənistan cəmiyyətinə yeni bir şey təklif edə bilməzlər. Hamı başa düşür ki, revanşist fikirləri, revanşist şüarları təkrarlamaq Ermənistana heç nə verməyəcək. Bu baxımdan onların Paşinyanı devirməsi və sair əsas məsələ deyil. Birincisi, mən buna çox da inanmıram. İkincisi isə bu baş versə belə, onlar Ermənistan cəmiyyətinə yeni heç bir şey təklif edə bilməzlər. Onların qayıdışı da qısamüddətli olacaq. Bu baxımdan sözügedən müsahibələr Ermənistanda baş verən siyasi, mənəvi böhranın davamıdır. Bu cür çıxışlar yalnız böhrana dəlalət edir.

– Serj Sərkisyan müsahibə zamanı bildirib ki, Azərbaycan 2016-cı ilin aprel döyüşləri günlərində dəfələrlə xahiş etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Halbuki döyüşlərin Ermənistanın Rusiyaya etdiyi çoxsaylı xahişlərdən sonra dayandırıldığı Azərbaycan və Ermənistanda heç kim üçün sirr deyil. Yəni onun açıq-aşkar saxtakarlıq, faktları təhrif etməsini nə cür qiymətləndirmək olar?

– Burada da mən cənab Prezidentin dediyi fikirlərə istinad etmək istəyirəm. Dövlət başçımız qeyd etdi ki, biz təkcə Paşinyanın yox, Sərkisyan və Köçəryanın da ordusunu məhv etmişik. Bizdə loru dildə buna “şillə hərifi tutub” deyirlər. Belə bir ifadə var. Kiməsə söz dəyəndə və həmin söz düz olanda, söz deyilən adamı tutanda loru dildə deyirlər ki, “şillə hərifi tutub”. Özünə bəraət qazandırmaq üçün yalan da danışarlar, hər bir məsələyə də cəhd edərlər. Yəni mən burada təəccüblü bir şey görmürəm. Yalan danışmaq Ermənistan siyasi mühitinin ənənəsidir. Bu onların adətidir.

– Ermənistanın üçüncü prezidenti onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı “Lavrov planı” adlı sənəd olmayıb. O deyib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təkliflərindən ibarət plan yox idi. Söhbət, sadəcə, Kazanda müzakirə edilmiş variantın təkmilləşmiş formasından gedirdi. O da Madrid prinsiplərpinə əsaslanırdı”. Sizcə, Sərkisyan bu planın olmadığını deməklə nəyə nail olmaq istəyir?

– Bu fikri də Sərkisyanın özünü, belə deyək, ağartmaq üçün deyilən fikir kimi qəbul etmək lazımdır. Çünki hər bir təklifdə – onu istər Kazan sənədi, istər Madrid prinsipləri adlandıraq – əsas bəndlərdən biri ondan ibarət olmuşdu ki, heç olmasa birinci mərhələdə işğal olunmuş bir neçə rayon azad olunmalıdır. Azad olunmalı olan rayonların sayı dəyişirdi, məsələlərin bir-birinə bağlantı üslubları dəyişirdi və sair. Amma hər bir yerdə işğal olunmuş ərazilərin azad olunması tələbi əksini tapırdı. Qarabağ mafiyası Levon Ter-Petrosyanı devirərək hakimiyyətə gəldikdən sonra mərhələli həll planından imtina etdi. Belə bir görüntü yaratmağa çalışdılar ki, onlar Ter-Petrosyanı mərhələli həll paketinə razılıq verdiyi üçün hakimiyyətdən uzaqlaşdırıblar. Amma bu mafiya hakimiyyətə gələndən sonra elə mərhələli həll planı əsasında qurulmuş bu və ya digər təklifləri müzakirə etməyə məcbur oldur. Və bunu etiraf etmək istəmirlər. İndi onlara sual vermək istəyirəm; əgər siz bunu beynəlxalq səviyyədə müzakirə edirdinizsə, bəs o zaman nəyə görə o torpaqlarda hansısa layihələr həyata keçirirdiniz? Bəzi investisiyalar qoymuşular, su elektrik stansiyaları tikmişdilər, insanları yerləşdirmişdilər və sair. Yəni sən bir tərəfdən danışıq aparırsan, digər tərəfdən bu addımları atırsan. Bir tərəfdən onu edirdin, digər tərəfdən məskunlaşma siyasəti aparırdın. İndi açıq deyə bilməz ki, biz bu danışıqları yalandan, imitasiya məqsədilə aparmışıq. Ona görə də deyir ki, o olmayıb, bu olmayıb, filan şey olub. Yenə deyirəm, Sərkisyanın müsahibəsinin əsas məqsədi özünə bəraət qazandırmaq, özünü təmizə çıxarmaqdır.

– Müsahibədə əksini tapan bir məqama da münasibət bildirməyinizi istərdik. Sərkisyan deyir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə aralarında olan söhbət 2016-cı ilin aprel döyüşlərindən sonra, payız aylarında baş tutub. O, bu danışıq zamanı heç bir öhdəlik götürmədiyini sübut etməyə çalışır…

– Mən bunu dəqiq deyə bilmərəm. Çünki məsələnin incəliklərini bilmirəm. Amma yenə də deyirəm: öz mövqeyini yaxşılaşdırmaq istəyir. Bəlkə də ona işarə edir ki, mən o pul müqabilində “satqınlığa” getməmişəm, amma indiki müharibənin nəticəsi göstərir ki, kimsə satıb. Yəni məqsəd Paşinyana hansısa formada ləkə atmaqdan ibarətdir.

Ümumiyyətlə, fikir verdikdə görmək olar ki, ermənilərin hamısı belə bir təsəvvür formalaşdırmağa çalışırlar ki, guya torpaqlar satılıb. Gah Rusiyanın, gah daxildəki qüvvələrin satdığını bildirirlər. Guya Şuşanı bizim qəhrəman hərbçilərimiz azad etməyib, guya döyüşsüz təslim ediblər və sair. Yəni prosesləri bu cür təhrif etmək onların adətidir. Real hadisələri təhrif etmək onlara xasdır.

– Ümumiyyətlə, necə düşünürsünüz, revanşist qüvvələr Köçəryanın, Sərkisyanın və ya sizin az öncə qeyd etdiyiniz Qarabağ hərəkatının digər iştirakçısı və “Qarabağ” komitəsinin üzvü olmuş Vazgen Manukyanın başçılığı altında dirçələ bilərlərmi? Erməni xalqının onlara yenidən etimad göstərməsi mümkündürmü?

– Bilirsiniz, onların qatarı çoxdan gedib. Ümumiyyətlə, biz görməliyik ki, demoqrafik məsələlər onlarda ciddi böhran yaradıb. Yəni onların sayının kəskin azalması baş verir. Əhalinin azalması iqtisadi böhranı ortaya çıxarıb. Bütün bunlar kompleks şəkildə siyasi strukturlara da təsir edir. Ümumiyyətlə, Ermənistanın dövlətçilik məfhumu təhlükə altındadır. Hətta bu gün belə bir məlumat yayılıb ki, o ərazilərdə rus dili rəsmi dil elan edilib. Ancaq mənə elə belə gəlir ki, onlar qaçmağa bir növ hazırlıq görürlər. Rus dilini öyrənirlər ki, Rusiyaya qaçsınlar. Çünki Rusiya vətəndaşlığını qəbul etmək üçün ilkin olaraq rus dilindən imtahan verməlisən. Yəni biz onlar üçün real təhlükələri görəndə başa düşürük ki, onların bəyanatları tamamilə əsassızdır. O bəyanatların arxasında nə hərbi, nə siyasi, nə də iqtisadi imkanlar dayanır. Sadəcə olaraq havanı dəyişdirmək cəhdləridir. Özləri üçün mənasız-mənasız danışırlar.

Bir məqamı da qeyd etmək istəyirəm. Biz artıq Ermənistan sərhədinədək hər şeyin – o ərazilərin bizim, orada yaşayan insanların bizim vətəndaşlarımız olmasına öyrəşməliyik. Vəssalam! Buna heç bir şübhə olmasın. Biz buna daxilən inanmalıyıq. Bəziləri bunu daxilən hiss edə bilmir. O ərazilərə gediləcək və hər şey düzəldiləcək. Sadəcə, problemlər çoxdur. Amma o ərazilər Azərbaycan dövlətinin və kiçik bir hissəsi də sülhməramlıların və Birgə Monitorinq Mərkəzinin nəzarəti altındadır.

Hamısını Göstər

Related Articles

Back to top button